525.Az

Dövlətçiliyi yeni mərhələyə yüksəldən Lider: 14 il əvvəl başlanan yol


 

Dövlətçiliyi yeni mərhələyə yüksəldən Lider: <b style="color:red">14 il əvvəl başlanan yol</b>

Xoşbəxt o xalqdır ki, müdrik lideri olur. Azərbaycan xalqı ikiqat xoşbəxtdir. Çünki onun müdrik lideri Heydər Əliyev müdrik varis yetişdirə bilib.

İlham Əliyevin Prezident kimi fəaliyyətinə nəzər saldıqda, nəhəng bir işin aparıldığına tam əmin olursan. 14 il müddətində dövlət başçısı Azərbaycanda müstəqil dövlət quruculuğunu bütün sahələr üzrə sürətli inkişafa doğru apara bilib. Keçən müddətdə ölkə bir-birinin ardınca böyük uğurlar qazanıb. Onları sistemləşdirib, ümumi prizmadan baxılsa, demokratik və dünyəvi dövlət quruculuğunda faktiki olaraq yeni səviyyəyə keçidin baş verdiyini görərik. Bu fikrin arxasında ölkə rəhbərinin bütün sahələr üzrə islahatlar proqramı, uğurlu xarici siyasət, yeni əməkdaşlıq formatlarının yaradılması, qlobal layihələrdə aktiv iştirak və milli təhlükəsizliyin təmini istiqamətində ciddi yeniliklərin həyata keçirilməsi dayanır. Həmin məqamların daha geniş təhlilə ciddi ehtiyacı olduğuna əminik.

Hər bir siyasətçinin kimliyi ən yaxşı şəkildə konkret əməllərində ifadə olunur. Siyasi liderlik isə möhkəm iradə, qətiyyət və uzaqgörənlik tələb edir. Müstəqilliyini əldə etmiş ölkələr üçün siyasətçinin kimliyi ilə yanaşı, liderlik qabiliyyəti də çox önəmlidir. Siyasətçidə peşəkarlıq və ədalətlilik yüksək liderlik qabiliyyəti ilə birləşəndə millətin və dövlətin əmin əllərdə olduğuna şübhə qalmır.

Prezident İlham Əliyev 14 il bundan əvvəl dövlət başçısı kimi fəaliyyətə başlayanda verdiyi vədlərdən görünürdü ki, Azərbaycanda çox dəyanətli, müdrik, sədaqətli, uzaqgörən, qətiyyətli və tam müasir mövqeli lider yetişib. Belə lideri ancaq Ulu öndər Heydər Əliyev yetişdirə bilərdi. Çünki onun siyasət və diplomatiya məktəbi çox güclü idi. Təcrübə sübut etdi ki, Ulu öndər Azərbaycan xalqı üçün layiqli varis yetişdirib, onun dövlət quruculuğu kursu isə dönmədən həyata keçirilib daha da inkişaf etdiriləcək. İlham Əliyev dövlət başçısı, siyasi lider və diplomat kimi müasir dövrün çağırışlarına tam cavab verən inkişaf kursunu həyata keçirir.

Eyni zamanda, 14 illik fəaliyyət göstərir ki, Azərbaycan Prezidenti XXI əsrin ruhuna uyğun təşəbbüslər irəli sürür, bununla da siyasətin nəzəriyyəsi və praktikasına öz töhfəsini verir. Bu kimi məqamların üzərində geniş dayanmağa ciddi zərurət vardır.

2003: yolun başlanğıcı və yeni tarixi mərhələ

Bəli, 2003-cü il müəyyən mənada yeni yolun başlanğıcı idisə, digər anlamda Ulu öndər Heydər Əliyev kursunun növbəti mərhələdə inkişafı demək idi. Əgər bu varislik gözlənməsəydi, hansısa mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğu kursu qarşısında çətinliklər çıxa bilərdi. İlham Əliyevin dövlət başçısı kimi ilk çox əhəmiyyətli strateji addımı həmin məqamı gözəl dərk edib, bütün fəaliyyətini onun üzərində qurması oldu. Həmin fəaliyyətdə bir neçə istiqamət konkret məzmun kəsb edir.

Burada başlıca ümumiləşdirici məqam İlham Əliyevin daxili siyasətlə xarici siyasətin dinamik və kəsintisiz bağlantısını yarada bilməsi ilə əlaqəlidir. Siyasi nəzəriyyələrə görə, bu məsələ mahiyyətcə mürəkkəbdir. Çünki hər dövrün öz tələbləri var və siyasi lider onlara uyğun olaraq daxili və xarici siyasət kursunu balanslaşdıra bilər. Lakin praktika göstərir ki, bu məqsədə heç də hər lider nail ola bilmir. Məsələn, postsovet məkanında elə bir erməni lider yoxdur ki, daxili və xarici siyasəti ziddiyyətsiz uyğunlaşdıra bilsin. Bunun nəticəsidir ki, bir sıra mütəxəssislərin fikrincə, Ermənistanda milli dövlət quruculuğu modeli baş tutmayıb.

İlham Əliyev isə fəaliyyətinin ilk anlarından bu günə qədər dövrün tələblərinə tam cavab verən və milli dövlət suverenliyini qoruyan proqramları uğurla həyata keçirir. Onun daxili siyasətlə xarici siyasəti balanslaşdıra bilməsi digər dövlət başçıları üçün də bir nümunə kimi göstərilir.

Azərbaycan Prezidenti mövcud siyasi kursu aşağıdakı üç istiqamətdə inkişaf etdirməyə başladı: birincisi, iqtisadi infrastrukturun daha da inkişaf etdirilməsi, ikincisi, vətəndaş cəmiyyəti quruculuğuna xüsusi önəm verilməsi, üçüncüsü, xarici siyasətin prioritetlərinin Azərbaycanın milli-dövlət maraqları ilə beynəlxalq aləmdə formalaşmış situasiyanı nəzərə almaqla müəyyənləşdirilməsi.

Bu üç istiqamətin çətiri altında dövlət başçısı çoxlu sayda proqramlar həyata keçirdi və yeni təşəbbüslər irəli sürdü. Maraqlı və qürurvericidir ki, İlham Əliyev say çoxluğuna və sahə müxtəlifliyinə baxmayaraq həmin proqramlar arasında sıx əlaqə yarada bildi. 14 illik fəaliyyətdən sonra onları konkret qruplar altında birləşdirmək mümkündür.

Daxili siyasətdə iqtisadi infrastrukturun yeni səviyyəyə yüksəldilməsində neft strategiyasının önəmli rolu oldu. Bu, düşünülmüş mövqe idi, çünki Azərbaycan malik olduğu qiymətli potensialdan dövlətçilik naminə səmərəli istifadə etməli idi. Ölkənin neft və qaz ehtiyatlarından beynəlxalq konsorsiumlar çərçivəsində yararlanmaqla qeyri-neft sektorunda inkişafa nail olmaq xəttinə dönmədən əməl edildi. Həmin layihələrdən əldə edilən gəlir bu istiqamətdə tutarlı proqramlar həyata keçirmək üçün böyük imkanlar açdı. Nəticədə, son 14 ildə Azərbaycanda qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya və kənd təsərrüfatı sferalarında əhəmiyyətli infrastruktur dəyişiklikləri baş verdi.

Konkret olaraq kənd təsərrüfatı üzrə həyata keçirilən islahatlar bu sahədə istehsalı həm müasirləşdirməyə, həm də artırmağa şərait yaratdı. Azərbaycanın makroiqtisadi göstəricilərinin dinamik inkişafında bu xəttin rolu hiss ediləcək dərəcədədir. Çox əhəmiyyətlidir ki, qeyri-neft sektorunda özünü göstərən yeniliklər mükəmməl şəkildə enerji sahəsindəki proqramlarla bir-birini tamamlayır. Bu sırada enerji və nəqliyyat sferalarını əhatə edən bir sıra mühüm məqamları vurğulamaq lazımdır. Onların hamısı Prezident İlham Əliyevin təşəbbüslərinin nəticəsidir.

Doğrudan da, 14 il ərzində Azərbaycanın dövlət başçısı bir-birindən səmərəli layihələrin reallaşmasına nail olub. "Cənub Qaz Dəhlizi", Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) boru kəmərləri layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri bu qəbildəndir. Bu layihələrin hər biri iqtisadi baxımdan iki funksiyanı yerinə yetirir: birincisi, Azərbaycanın sosial-iqtisadi inkişafına ciddi töhfələr verir, ikincisi, ölkəni dünya ilə sıx birləşdirir. Məhz bu kursun nəticəsidir ki, Davos İqtisadi Forumunun hesabatında Azərbaycan dünya üzrə rəqabətə davamlılıq göstəricisinə görə 35-ci yerə yüksəlib! Bu, dünya miqyasında çox ciddi irəliləyişdir.

İqtisadiyyat və nəqliyyat sahələrindəki uğurların fonunda mütləq Azərbaycanın informasiya-kommunikasiya sahəsində də əhəmiyyətli irəliləyiş əldə etdiyini də qeyd etməliyik. Prezident İlham Əliyev daim bu istiqamətə xüsusi önəm verib. Bunun da bir sıra səbəbləri vardır. Onların sırasında müasir dünyada informasiya-kommunikasiya vasitələrinin sürətlə yeniləşməsi ayrıca yer tutur. İnkişaf etmək arzusunda olan ölkə bu özəlliyi nəzərə almalı və həmin prosesdən kənarda qalmamalıdır. Digər faktor müasir cəmiyyətlərin inkişafının başlıca olaraq informasiya amili üzərində qurulması ilə bağlıdır. Bu gün kim informasiyada dominantlıq edirsə, inkişaf potensialına da o, malikdir.

Bunlardan başqa, Azərbaycanın hazırda müxtəlif istiqamətlərdən informasiya müharibəsinə cəlb edildiyi sirr deyil. Bu prosesdə uğur qazanmaq üçün həmin vasitələrə mükəmməl yiyələnmək gərəkdir. Prezident İlham Əliyev bu məqamı incəliyinə qədər hiss edərək, kifayət dərəcədə səmərəli addımlar atdı. Deyək ki, ölkə başçısı diplomatiya və təbliğatda hücum taktikasına konkret məzmun verdi. Dövlət başçısının inkişaf etdirdiyi digər xətt Azərbaycanı kosmos ölkəsinə çevirməklə bağlıdır. Bunun üçün Azərbaycanın bir neçə peyki buraxıldı. İndi onlar səmərəli informasiya funksiyasını yerinə yetirirlər. Bunlarla yanaşı, Azərbaycanın daxili mühitində müasir informasiya-kommunikasiya vasitələrindən də geniş istifadə edilməkdədir.

Şübhəsiz ki, "informasiya" anlayışının mühüm məqamı insan amili ilə bağlıdır. İlham Əliyev insan kapitalına xüsusi diqqət yetirib. Bu kontekstdə insanın intellektual inkişafı önəmli yer tutub. Buna görədir ki, aparılan islahatlarda elm və təhsil sahəsindəki dəyişikliklər informasiya-kommunikasiya sferasında həyata keçirilən proqramlarla həmahəngdir. 14 il ərzində Azərbaycanın təhsil sistemi keyfiyyətcə yeniləşib və elmin inkişaf strategiyası müasir tələblər çərçivəsində müəyyənləşib. Dövlət başçısının qarşıya qoyduğu intellektin milli sərvətə çevrilməsi kimi strateji məqsəd ardıcıl olaraq həyata keçirilməkdədir.

"Bakı prosesi": sivilizasiyalar, dinlər və mədəniyyətlərin dialoqu naminə

İlham Əliyevin yeritdiyi siyasətin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, həyata keçirdiyi proqramların dünyada baş verən sosial-mədəni proseslərlə uyğunlaşmasına ayrıca önəm verib. O cümlədən hazırda qlobal miqyasda aktuallığı ilə seçilən sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqa əhəmiyyətli töhfələr verib. Bu istiqamətdə Azərbaycan mötəbər beynəlxalq tədbirləri təşkil edib. Artıq Bakıda keçirilməsi ənənə halını almış Dünya Dini Liderlərinin Sammiti, Bakı Beynəlxalq Humanitar forumları, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və digər tədbirlər bu sıradandır.

Bu tədbirlər "Bakı prosesi" adlanan çox perspektivli tədbirlər silsiləsi tərkibinə daxildir. Artıq 10 ildir ki, Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" sivilizasiyalar və dinlərarası əməkdaşlığın konkret mexanizmlərindən biridir. Onun başlıca məqsədi İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında dialoqa töhfələr verməkdir.

Mütəxəssislər "Bakı prosesi"ni sivilizasiyalar və dinlər arasında real əməkdaşlıq yaratmaq aspektində böyük işlər görən təşəbbüs kimi qiymətləndirirlər. Bu proses uğurla davam edir. Azərbaycan paytaxtına toplanan minlərlə insan müxtəlif mədəniyyət və din daşıyıcıları ilə dialoq məsələlərini açıq müzakirə edirlər. İslamofobiyanın Qərbdə vüsət aldığı bir dönəmdə bu addımın əhəmiyyəti çox yüksəkdir. Azərbaycan faktiki olaraq qlobal əhəmiyyətli yeni geosiyasi dəyər yaradıb. Bu, Prezident İlham Əliyevin yüksək kreativ düşüncəli siyasi lider və dövlət başçısı olduğunu əyani təsdiq etməkdədir.

Dövlət başçısı mədəniyyətlərarası dialoqun yalnız beynəlxalq miqyasda baş tutması istiqamətində fəaliyyət göstərmir. İlham Əliyev ilk növbədə Azərbaycan mühitində fərqli dinlərə və mədəniyyətlərə mənsub olan insanların birgə yaşayışının harmoniya, qarşılıqlı anlaşma və vətənsevərlik müstəvisində olması üçün konkret kurs həyata keçirir. Onun real təzahürü multikulturalizmin Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlməsidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müasir cəmiyyətlər faktiki olaraq multikultural xarakterlidir. İndi cəmiyyətlərdə əsrlərlə bir yerdə yaşamış insanların bütün hüquqlarını təmin etməklə anlaşma içində, cəmiyyətin bütövlüyünü saxlamaq və demokratik qaydalara əməl etməklə həyat sürməsinə nail olmaq gərəkdir. Avropa bu məsələyə yanlış mövqedən yanaşıb və hələ də problemin əhəmiyyətini dərk edə bilmir. Postsovet məkanında da Azərbaycan multikulturalizmin geniş imkanlarını dərk edib həmin istiqamətdə nümunə ola biləcək addımlar atır. Bununla Azərbaycan Prezidenti cəmiyyətdə vətəndaşların birgə yaşaması üçün maksimum şərait yaratmaqla, beynəlxalq miqyasda da dinlər və mədəniyyətlər arasında dialoq qurulmasına konkret töhfəsini vermiş olur. 14 il müddətində İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi proqramlar bütün dünya tərəfindən qəbul edilib və yüksək qiymətləndirilir. İndi müxtəlif dövlətlərin başçıları Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayırlar. Bu, bütün dünya üçün faydalı olardı. Deməli, İlham Əliyev dünya səviyyəsində siyasi xadim və lider olduğunu hər kəsə sübut edib.

Xarici siyasət xətti: sistemli fəaliyyətin böyük uğurları

Bütün bunlar dövlət başçısının həyata keçirdiyi xarici siyasət kursuna daha geniş miqyasda baxmağın lazım gəldiyini məntiqi olaraq təsdiq edir. Məsələnin bu tərəfi son dərəcə böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan həm çox mürəkkəb geosiyasi məkanda yerləşir, həm də konkret olaraq hərbi təcavüzün qurbanıdır. Uzun illərdir ki, Ermənistan havadarlarının böyük dəstəyi ilə ölkəmizin 20 faiz ərazisini işğal altında saxlayır və oradan çəkilmək niyyəti görünmür. Bu səbəbdən Azərbaycanın incə xarici siyasət yeritməsi həyat əhəmiyyətli tələbata çevrilib. 14 il ərzində İlham Əliyevin reallaşdırdığı xarici siyasətin təhlili göstərir ki, dövlət başçısı uğurlu kurs seçib. Keçən müddətdə əldə edilən nəticələr bunun əyani sübutudur. Təbii ki, bu prosesdə iki faktorun rolunu vurğulamaq lazımdır. Onlardan biri xarici siyasətin prioritetlərinin düzgün müəyyənləşdirilməsi, digəri isə müasir diplomatiyanın metodlarından geniş istifadə edilməsidir. Hər iki aspektdə Azərbaycan çox doğru mövqe tutub.

Konkret faktlara müraciət edək. İlham Əliyev xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mühüm yerini nəinki saxladı, hətta ona yeni məzmun çalarları verdi. Bu, daha çox Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyətində özünü göstərir. Belə ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kurs əsasında diplomatiyamız beynəlxalq təşkilatların hər birində müxtəlif ölkələrin təmsilçiləri ilə sistemli şəkildə iş apararaq Azərbaycanın haqlı mövqeyini ortaya qoymaqdadırlar. Həmin təşkilatlar sırasında BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, YUNESKO, İSESKO və digərlərini göstərmək olar.

Müasir dövrdə bir ölkənin bir neçə təşkilat daxilində çoxlu sayda ölkələrlə eyni dərəcədə uğurlu və sistemli işləmək bacarığı, həmin dövlətin diplomatik məharətinin göstəricisidir. Eyni zamanda, diplomatiyanın sistemli, "şəbəkə xarakterli", kompleks fəaliyyət göstərməsi buradakı siyasi məktəbin güclü olmasının əlamətidir. İlham Əliyev məhz bu böyük nailiyyətə imza atan liderdir.

Təsadüfi deyil ki, 14 il müddətində BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı Azərbaycanın xeyrinə sənədlər qəbul edib. Həmin sənədlərdə Ermənistanın təcavüzkarlığı aydın göstərilib və İrəvandan işğalçı qüvvələri Azərbaycan ərazisindən dərhal çıxarması tələb olunub.

2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan dünyaya sübut etdi ki, lazım gəldikdə, hərbi yolla torpaqlarını işğaldan azad edə bilər. Bu, təbii ki, diplomatiyamızın da danışıqlarda əlini gücləndirib və tədricən işğalçının məğlubiyyəti ilə nəticələnəcək. Artıq buna ermənilərin özləri də şübhə etmirlər.

Bütün bunlar Azərbaycanın xarici siyasətdə yeni diplomatik metodlardan məharətlə istifadə etdiyini təsdiqləyir. Ancaq Azərbaycanın fəaliyyət dairəsi yalnız bu problemlə məhdudlaşmır. Keçən müddətdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərindən biri seçilməsi olduqca əhəmiyyətli göstəricidir. Bu uğuru ölkəmiz ciddi rəqabət şəraitində apardığı gərgin diplomatik-siyasi fəaliyyət nəticəsində qazanmışdı. Hadisələrin sonrakı gedişi göstərdi ki, Azərbaycana səs verənlər qətiyyən yanılmayıblar. BMT TŞ-yə müvəqqəti üzvlüyü müddətində ölkəmiz kifayət qədər fəallıq göstərib.

Beynəlxalq təşkilatlardakı diplomatik fəallığı konkret istiqamətlər üzrə aparılan xarici siyasət tamamlayır. O cümlədən Azərbaycanın Avropa ölkələri ilə siyasi əlaqələri dinamik surətdə inkişaf edib. 14 il müddətində Bakı Avropa İttifaqına üzv olan dövlətlərlə iqtisadi, energetik, informasiya, siyasi, təhlükəsizlik və digər sahələr üzrə əlaqələrdə ciddi irəliləyişlər əldə edib. Prezident İlham Əliyev bir neçə dəfə vurğulayıb ki, iqtisadi-ticari və energetika sahəsində Azərbaycanın ən çox əməkdaşlıq etdiyi ölkələr Aİ üzvləridir.

Üstəlik, Azərbaycan bu təşkilata daxil olan bir çox ölkələrlə strateji tərəfdaşlıq barədə sənədlər imzalayıb. Aİ ilə ölkəmizin əlaqələrində mühüm faktorlardan birini "Şərq tərəfdaşlığı" proqramı tərkibindəki əməkdaşlıq təşkil edir. Azərbaycan bu proqramda iştirak edən yeganə dövlətdir ki, özünün təklif etdiyi sənəd üzrə əməkdaşlıq strategiyasını müəyyənləşdirməkdədir. Məlumdur ki, Gürcüstan, Ukrayna və Moldova assosiativ üzvlüyə imza atıblar, Ermənistan isə tərəddüd içindədir. Yalnız Azərbaycanın seçdiyi tərəfdaşlıq formatı qarşılıqlı faydalı və bərabərhüquqlu əlaqələrə geniş imkanlar açıb. Bu xəttin təşəbbüskarı isə Prezident İlham Əliyevdir.

Avropa istiqamətində həyata keçirilən xarici siyasətdə enerji faktoru əhəmiyyətli yer tutur. Aİ-nin böyük dövlətlərinin liderləri açıq etiraf edirlər ki, Azərbaycan "Qoca qitə"nin enerji təhlükəsizliyinin təminində ciddi yer tutur. "Cənub Qaz Dəhlizi"nin reallaşması ilə bütövlükdə Avropanın enerji xəritəsi dəyişəcək. Bu barədə Prezident İlham Əliyev öz fikirlərini yüksək səviyyəli tədbirlərdə, ən ali tribunalarda konkret ifadə edib. İndi Bakı-Tbilisi-Qars dəmiryolunun işə salınması ilə Azərbaycanın Qərblə Şərq arasında oynadığı körpü rolu daha da aktuallaşıb. Bütün bunlar isə birbaşa İlham Əliyevin reallaşdırdığı enerji və nəqliyyat siyasətinin nəticəsidir.

Lakin bunlar xarici siyasətin digər prioritet istiqamətlərini qətiyyən kölgəyə salmır. Əksinə, İlham Əliyevin çoxvektorlu xarici siyasəti imkan verib ki, Rusiya, İran, Türkiyə, Çin kimi böyük dövlətlərlə səmərəli qarşılıqlı əlaqələr qurulsun. İndi onların hər biri ilə Azərbaycan geniş əməkdaşlıq edir. Rusiya faktoru Cənubi Qafqaz üçün həmişə aktual olub. İlham Əliyev Moskva ilə münasibətləri rasional, çevik və uzaqgörən addımlarla yeni səviyyəyə yüksəldə bilib. İndi iki ölkə arasında həll olunmayan heç bir məsələ yoxdur. Bütün sahələr üzrə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

İran ilə əlaqələrdə də İlham Əliyev keçən 14 il müddətində kifayət qədər səmərəli işlər görüb. Bu ölkəyə etdiyi səfərlərdə müxtəlif sahələr üzrə qarşılıqlı faydalı müzakirələr aparıb və razılıq əldə edib. Son olaraq İranla enerji, təhlükəsizlik və Xəzərin statusu ilə bağlı irəliləyişlər əldə edilib. Ekspertlər hesab edirlər ki, bu məsələlərdə Bakı-Tehran xəttində yeni nailiyyətlər gözləniləndir.

Türkiyəyə gəldikdə isə, bu qardaş ölkə ilə İlham Əliyev maksimum dərəcədə əməkdaşlığı inkişaf etdirib. Hazırda enerji sahəsində beynəlxalq müqavilələrdə Azərbaycanla yanaşı Türkiyə də yer alır. İki qardaş ölkə enerji təhlükəsizliyi, İslam həmrəyliyi, iqtisadi-ticari əməkdaşlıq, hərbi-müdafiə və digər sahələrdə əlaqələri günbəgün inkişaf etdirirlər. Onların bütün istiqamətlərdə daha sıx əməkdaşlıq edəcəklərinə şübhə yoxdur. Bu prosesdə Prezident İlham Əliyevin praqmatik, milli və müasir tələblərə cavab verən siyasəti həlledici rol oynayıb.

Çin istiqamətində reallaşdırılan siyasət də son dərəcə səmərəli olub. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi uğurlu səfərlər nəticəsində ölkəmiz "Bir qurşaq, bir yol" layihəsinin əsas iştirakçılarından birinə çevrilib. Artıq bu layihə çərçivəsində yükdaşımalarına başlanıb. İndi Çindən yüklənən qatar Azərbaycandan keçməklə Avropaya çatdırılır. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib.

Üçtərəfli əməkdaşlıq formatı: İlham Əliyev modeli

Yuxarıda vurğulanan məqamların fonunda İlham Əliyevin regional siyasəti son dərəcə maraqlı və perspektivlidir. Azərbaycan artıq Cənubi Qafqaz regionunun lider ölkəsi kimi qəbul edilir. Bu nailiyyət asan yolla əldə edilməyib. Ölkəmiz kifayət qədər siyasi, diplomatik, iqtisadi fəallıq göstərərək lider kimi özünü təsdiq edib. Bu prosesdə İlham Əliyevin təklif etdiyi yeni əməkdaşlıq formaları çox ciddi rol oynayıb. Onların sırasında ekspertlər ilk növbədə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını vurğulayırlar.

Xüsusilə üçtərəfli əməkdaşlıq formatı özünün yüksək səmərəliliyini nümayiş etdirir. Bu çərçivədə Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlığını göstərə bilərik. Keçən ilim avqustunda Bakıda prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin zirvə görüşü mahiyyəti etibarı ilə tarixi xarakter daşıyır. İlk dəfə olaraq Rusiya və İran kimi böyük dövlətlərin rəhbərləri müstəqil Azərbaycanın dövlət başçısı ilə paytaxt Bakıda bir araya gəlib əhəmiyyətli regional və qlobal problemləri müzakirə etdilər. Bu, birbaşa İlham Əliyevin diplomatik məharətinin nəticəsi idi.

Eyni məntiqlə Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatının uğurundan danışmaq mümkündür. Bütün bunlar yekunda Azərbaycan Prezidentinin xarici siyasət kursunu böyük uğurla apardığı qənaətini əldə etməyə imkan verir. Bunun real nəticələrindən biri də Azərbaycanın Cənubi Qafqaz subregionunda geosiyasi mərkəz rolunu oynamasıdır. Bu, dövlət başçısının əldə etdiyi mühüm geosiyasi nailiyyətlərdən biridir. Çünki regionun geosiyasi mərkəzi olmaq qlobal geosiyasətdə də diqqətçəkən yer tutmaq deməkdir. Bununla Azərbaycan dünya səviyyəsində fikirləri nəzərə alınan dövlətə çevrilib. Həmin uğuru Prezident İlham Əliyevin 14 illik gərgin işinin birbaşa nəticəsi kimi qiymətləndirmək gərəkdir.

Vurğulanan məqamların işığında İlham Əliyevin İslam ölkələrinin həmrəyliyi ilə bağlı həyata keçirdiyi siyasətin verdiyi töhfələri ayrıca qeyd etmək lazımdır. Çünki, birincisi, 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilməsi təsadüfi deyil, ikincisi, dövlət başçısı mürəkkəb geosiyasi şəraitdə müsəlman ölkələrinin əməkdaşlığına əhəmiyyətli töhfələri ilə İslam aləmində böyük nüfuz qazanıb. Yalnız 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və digər ölkələrdə beynəlxalq konfranslar, sammitlər, forumlar təşkil edildi. Dekabrda isə Bakıda, Heydər Əliyev Mərkəzində "2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans keçirilib. Təbii ki, Azərbaycan bunlarla kifayətlənməyəcək, İslam həmrəyliyinə xidmət edən yeni layihələr həyata keçirəcək. Prezident İlham Əliyevin bu istiqamətdə növbəti addımlar atacağına bütün müsəlman aləmi ümidlə baxır.

Beləliklə, Prezident İlham Əliyevin 14 illik fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğu yuxarıda vurğulanan məqamlardan aydın görünür. Bu müddət ərzində İlham Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafı üçün böyük işlər görüb. Onlar bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, mədəni, hərbi, təhlükəsizlik, geosiyasi və s. sahələri əhatə edib. Hər bir sahə üzrə cənab Prezident xüsusi proqramlar reallaşdıraraq insanların rifahının yüksəldilməsinə nail olub. Bu gün tam əminliklə müstəqil Azərbaycan dövlətinin sosial yönümlü dövlət kimi inkişafında İlham Əliyev mərhələsindən danışmaq olar. Bu mərhələnin özəllikləri vardır. Onların dərin və geniş təhlili hələ irəlidədir. Lakin bir sıra prinsipial məqamlar üzərində dayanmaq mümkündür.

Nəticə

Hər şeydən əvvəl, insan amilinə İlham Əliyev siyasətində böyük önəm verilir. Həyata keçirilən bütün islahat proqramlarında, strateji yol xəritələrində insan kapitalı birinci sırada dayanır. Bunu konkret olaraq bütün sahələrdə baş verən müsbət dəyişikliklər kontekstində görə bilərik. Eyni zamanda, İlham Əliyev insan intellektinin sürətli inkişafı üçün xüsusi addımlar atmaqdadır. Burada strateji məqsəd intellekti milli sərvətə çevirməkdən ibarətdir.

Digər məqam Azərbaycan Prezidentinin milli-mənəvi dəyərlərə xüsusi əhəmiyyət verməsindən ibarətdir. 14 ildə İlham Əliyev daim milli dəyərlərin yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Prezident məktəblilərlə keçirdiyi görüşlərin birində şagirdlərə vətənsevər, milli, mənəvi-əxlaqi dəyərlərə önəm verən şəxslər kimi yetişməyi tövsiyə etdi. Bu onu göstərir ki, Prezidentin daxili siyasətində milli-mənəvi aspekt əsas yerlərdən birini tutur.

Başqa vacib nəticə İlham Əliyevin 14 il müddətində yorulmadan Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində çalışması ilə bağlıdır. Həmin sahədə çoxlu uğurlar əldə edilib. Ordu quruculuğu ilə yanaşı, ölkə iqtisadiyyatının daha da gücləndirilməsi, təhlükəsizliyin təmini, enerji və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi kimi önəmli sferalarda konkret nailiyyətlər olub.

İlham Əliyevin beynəlxalq miqyasda da nail olduğu nəticələri qeyd etmək gərəkdir. Bununla Azərbaycan bir müstəqil dövlət kimi dünya sistemində öz yerini möhkəmlədib və bu proses indi də davam edir.

Prezident İlham Əliyevin fəaliyyəti dövründə qazandığı böyük uğurlar sırasında onun vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli proqramlar reallaşdırmasını vurğulamaq gərəkdir. Özü də bu prosesi dövlət başçısı Ulu öndər Heydər Əliyevin hazırladığı güclü dövlət quruculuğu prosesi ilə mükəmməl harmoniyada həyata keçirməkdədir. Tarixi təcrübə göstərir ki, həmin məsələ son dərəcə mürəkkəbdir. Azərbaycan kimi ziddiyyətli geosiyasi məkanda yerləşən və eyni zamanda, xarici təcavüzə məruz qalan ölkə üçün bu, ikiqat ağır vəzifədir. Lakin İlham Əliyev 14 ildə bunu bacardığını bütün dünyaya nümayiş etdirdi.

Vətəndaş cəmiyyəti quruculuğu İlham Əliyevin hər bir insanın rifah halını yaxşılaşdıran layihələr həyata keçirməsi, hüququn aliliyinin təmin edilməsi, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyətinin təmini, demokratik qaydaların cəmiyyətin həyatına sıx daxil olması, idarəetmədə şəffaflığın daim inkişaf etdirilməsi, insan haqlarının təmini, cəmiyyətdə tolerantlığın, multikulturalizmin bərqərar olması və digər yeniliklərdə özünü əyani surətdə təsdiqləməkdədir. Bu proses getdikcə daha geniş vüsət alır və sosial-mədəni transformasiyalar dövlətçiliyin güclənməsinə geniş imkanlar açır.

Nəhayət, Prezident İlham Əliyevin Azərbaycanda müstəqil dövlət quruculuğunu 2003-cü ildən başlayaraq faktiki olaraq yeni səviyyəyə yüksəltdiyini xüsusi qeyd etmək gərəkdir. Çünki bu, strateji və konseptual bir məsələdir. İndi Azərbaycan Qərbdən tutmuş Şərqə qədər bütün dövlətlərlə əməkdaşlıq edir. Avropa İttifaqının proqramlarında fəal iştirakçı olduğu kimi, Çinin "Yeni İpək Yolu" layihəsində aktiv fəaliyyətdədir, Rusiya ilə strateji tərəfdaşlığı davam etdirir, Türkiyə ilə birlikdə çox ciddi beynəlxalq layihələri həyata keçirir, İranla mehriban qonşuluq və dostluq şəraitində əlaqələri inkişaf etdirir, bir sözlə, harada Azərbaycan varsa, orada da əməkdaşlıq və sülh var. Bu nailiyyətin 2003-cü ildən sonrakı memarı isə Prezident İlham Əliyevdir! Heydər Əliyevin yetişdirdiyi ən müasir təfəkkürə malik Azərbaycan Prezidenti!

Newtimes.az

 





29.12.2017    çap et  çap et