525.Az

"Özünümaliyyələşdirmə sığorta-pensiya sisteminin əsas uğurlarındandır"


 

"Özünümaliyyələşdirmə sığorta-pensiya sisteminin əsas uğurlarındandır"<b style="color:red"></b>

"2006-cı ildən ölkəmizdə fəaliyyət göstərən sığorta-pensiya sisteminin ötən dövrdə öz-özünü maliyyələşdirməsi təmin edilməklə yanaşı, sosial sığorta daxilolmaları dövlət büdcəsinin öhdəliklərinə aid edilən və sığorta təminatı olmayan pensiya xərclərinin maliyyələşdirilməsinə əhəmiyyətli töhfə verib. Sığorta-pensiya sisteminin paradiqmal xüsusiyyətləri sosial sığorta haqlarının bir sıra unikal cəhətlərini ortaya qoyaraq, bu haqların vergilərlə müqayisədə konseptual olaraq tamamilə fərqli iqtisadi və hüquqi məzmununu şərtləndirir və oxşar yanaşma əsasında baxılmasını istisna edir. Dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, bəzi ekspertlər tərəfindən lazımi araşdırma və təhlillər aparılmadan, dövlətin pensiyaçılara münasibətdə fəal sosial müdafiə tədbirlərinin yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunması təəssüf hissi doğurur".

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
 
Onun sözlərinə görə, sığorta-pensiya sisteminin real maliyyə nəticələri əsasında özünümaliyyələşdirmə vəziyyətinin qiymətləndirilməsi sistemin məhz özünəməxsus gəlir və xərclərinin, yəni ödənilmiş sosial sığorta haqları və bu ödənişlər müqabilində sistemin öz üzərinə götürdüyü sığorta təminatlı öhdəliklərin icrası vəziyyətinə istinad etməlidir: "Bundan fərqli olaraq, təyinat şərtləri ödənilmiş sığorta haqları ilə əlaqəli olmayan bəzi pensiya komponentləri və onların maliyyələşdirilməsi üçün nəzərdə tutulan dövlət büdcəsinin transfertləri qeyri-sığorta xarakteri daşıdığına görə qeyd edilən qiymətləndirmədə nəzərə alınmamalıdır".

Məsələyə bir daha aydınlıq gətirilməsi üçün E.Babayev pensiya xərclərinin maliyyə mənbələri əsasında fərqli komponentlər üzrə tərkibi haqqında məlumat verib: "Sosial sığorta haqları hesabına maliyyələşən sığorta öhdəlikləri üzrə 1992-2005-ci illər üçün hər sığorta stajı ilinə görə bu dövrdə ölkə üzrə ən yüksək orta aylıq əmək haqları əsasında qanunla təsbit edilmiş və hər il indeksləşdirilərək artırılan sabit rəqəmlə ifadə olunan pensiya məbləği, 2006-cı ildən etibarən fərdi uçotu aparılan ödənilmiş və hər il indeksləşdirilərək artırılan sosial sığorta haqlarının formalaşdırdığı pensiya kapitalı əsasında hesablanılan pensiya məbləği, dövlət büdcəsi hesabına maliyyələşən qeyri-sığorta öhdəlikləri üzrə isə sosial sığorta haqlarının ödənilmədiyi 1992-ci ildən əvvəlki dövrlər üzrə hər sığorta stajı ilinə görə pensiya məbləği, "Əmək pensiyaları haqqında" qanunun 19-cu maddəsinə uyğun olaraq, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə, şəhidlərin ailə üzvlərinə, Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə, I qrup əlillərə və digər şəxslərin əmək pensiyalarına müxtəlif məbləğlərdə nəzərdə tutulan əlavələr, "Əmək pensiyaları haqqında" qanunun 20-ci maddəsinə uyğun olaraq, pensiyaları fərqli qaydada artırılan dövlət qulluqçuları, millət vəkilləri, hərbi qulluqçular və digər pensiyaçılara əmək haqları əsasında müəyyənləşdirilən və əmək haqlarında baş verən artıma uyğun artırılan qulluq stajına görə əlavələr əsas komponentlər kimi götürülməlidir".

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri qeyd edib ki, bu əsasda formalaşan dövlət büdcəsindən maliyyələşdirilən pensiya xərcləri sığorta prinsiplərinə söykənmədiyindən pensiya sistemində təmin olunmamış maliyyə öhdəlikləri yaradır: "Sistem üzərində bu dövlət öhdəliklərinin maliyyə yükü dövlət büdcəsindən ayrılan transfertin həcmini bir qayda olaraq üstələyir ki, bu da həmin öhdəliklərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitlərinin də yönəldilməsini şərtləndirir. Məhz qeyd edilənlərdən irəli gələrək, pensiya qanunvericiliyində 1 iyul 2017-ci ildən qüvvəyə minən dəyişikliklər də pensiyaların maliyyələşmə mənbələrinin dəqiqləşdirilməsini, bu əsasda qeyd edilən dövlət öhdəliklərinin tam həcmdə dövlət büdcəsindən ayrılan vəsaitlər, digər bütün pensiya məbləğlərinin isə məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Bu islahat tədbirinin əsas məqsədi pensiya sisteminin sığorta təminatı olmayan maliyyə yükünün minimallaşdırılaraq, resurs potensialının gücləndirilməsidir".

C.ABASOV

 





29.12.2017    çap et  çap et