525.Az

Xalça Muzeyində yeni sərgi açıldı


 

Xalça Muzeyində yeni sərgi açıldı<b style="color:red"></b>

Azərbaycan Xalça Muzeyində “Azərbaycanın ilk malakofauna muzeyi “Rinay”: Dünya okeanlarının inciləri” sərgisinin açılışı olub.
 
Muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova qonaqları salamlayaraq, sərgidə okeanların dibindən çıxarılan və bütün kontinentləri təmsil edən unikal bir malakofauna kolleksiya təqdim olunduğunu qeyd edib. Bildirib ki, həm alimlər, həm də adi insanlar üçün çox böyük maraq doğuran kolleksiya 40 ildən çox vaxt ərzində toplanıb və Azərbaycanda “Rinay” adlı ilk şəxsi muzeydə saxlanılır. “Təsəvvür etmək çətindir ki, 3 minə yaxın eksponatı olan bu zəngin kolleksiya bir şəxsiyyət tərəfindən yığılır, tədqiq olunur və saxlanılır - bu da çox geniş biliklərə malik olan, son dərəcədə öz işini sevən və həyatının böyük bir hissəsini bu işə həsr edən Tofiq Karayev sayəsində həyata keçirilir”, - deyə Şirin Məlikova vurğulayıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva professor Tofiq Karayevin yaratdığı muzeyin ölkəmizdə bu profilli yeganə muzey olduğunu və öz orijinallığı ilə seçildiyini bildirib.

Tofiq Karayev ölkəmizdə ilk və yeganə olan “Rinay” muzeyinin fəaliyyəti haqda söz açıb. Sərginin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Xalça Muzeyinə təşəkkür edib.

Qeyd edilib ki, “Rinay” malakofauna muzeyi rəsmi olaraq 1986-cı ildən fəaliyyət göstərir. Bu muzey Azərbaycanda yaradılan ilk şəxsi muzeydir, profil üzrə dünyada analoqu olmayan muzey sayılır. Muzeydə Hind, Sakit, Atlantik okeanlarından və dünyanın beş qitəsindən 147 molyusk ailəsinə və onların yüzlərlə növünə aid olan 5 minə qədər incilər toplanıb. Muzeyin unikallığı ondadır ki, burada müasir dəniz və okean molyusklarından başqa, kontinental malakofauna da mövcuddur.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

XƏDİCƏ

 





30.12.2017    çap et  çap et