525.Az

“Hüquqi maarifləndirmə” proqramı çərçivəsində mühazirələr


 

“Hüquqi maarifləndirmə” proqramı çərçivəsində mühazirələr <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində silsilə tədbirlər davam edir.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ağdaş Bilik Evinin müdiri Aynur Novruzova açaraq, mühazirə mövzusunun əhəmiyyətindən danışıb, təşkilatçılara minnətdarlığını bildirib, insan hüquq və azadlıqlarının təminatı sahəsində ölkə prezidenti tərəfindən imzalanmış hüquqi aktların xalq tərəfindən ruh yüksəkliyi ilə qarşılandığını deyib. 

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev tədbirdə “Yüksək keyfiyyətli hüquqi yardım insan hüquq və azadlıqlarının zəruri təminatı kimi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixində imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamını xatırladan natiq bu əsasda cinayət, mülki və inzibati prosesual qanunvericiliyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıb, təmsil etdiyi qurumun bu sahədə apardığı maarifləndirmə işinin Fondun fəaliyyətinin əsas leytmotivini təşkil etdiyini söyləyib. O, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı istiqamətində yaradılmış qanunvericilik bazasının, bəzi sivil Avropa ölkələrinə nümunə olduğunu xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Nazim Əliyev “Cəza siyasətinin humanistləşdirilməsi ölkə başçısı cənab İlham Əliyev siyasətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda mühazirə deyib. Alim 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi, azadlığın məhdudlaşdırılması, cəza növünün tətbiqi əsasları,  mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sferasında törədilən bəzi cinayətlərə görə məsuliyyətdən azad edilmənin şərtləri, ömürlük azadlıqdan məhrum etmə cəzasının müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, habelə cəzadan azad etmə institutunun tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində qanunvericiliyə gətirilmiş yeniliklər barədə məlumat verib.

Bilik Fondu və AMEA təmsilçilərinin eyni mövzuda hazırladıqları mühazirələr Göyçay Heydər Əliyev Mərkəzində də təşkil olunub.

Növbəti görüş Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilib. Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov Gəncə şəhərinin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb, Bilik Fondu ilə sıx əməkdaşlıq çərçivəsində göstərdikləri fəaliyyətin mahiyyətini açıqlayıb.

Tədbirdə AMEA-nin nümayəndəsi N.Əliyev eyni mövzuda geniş mühazirə ilə çıxış edib və auditoriyanın çoxsaylı suallarını ətraflı cavablandırıb.

 





30.12.2017    çap et  çap et