525.Az

Mədəniyyətə xidmətdə keçən ömür


 

Mədəniyyətə xidmətdə keçən ömür<b style="color:red"></b>

Heydər Əliyev sarayı. Paytaxtımızın memarlıq simasında xüsusi yeri olan bu möhtəşəm məkan həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. 45 ildir ki, ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.

Yüksək səviyyəli təmir-bərpadan sonra yenidən qapılarını tamaşaçıların üzünə açan Heydər Əliyev sarayı 2017-ci ildə 45-ci yaşını zəngin tədbirlərə səhnə açmaqla qeyd etdi. Əlbəttə, sarayın davamlı olaraq öz tamaşaçılarına və Azərbaycana gələn xarici qonaqlara keyfiyyətli xidmət göstərməsində bu mədəniyyət müəssisəsinin fəaliyyətə başladığı gündən burada müxtəlif vəzifələrdə çalışan və 1989-cu ildən ona rəhbərlik edən Əməkdar mədəniyyət işçisi Fərhad Babayevin  rolu və əməyi danılmazdır. Yüksək intellektə və mədəniyyət səviyyəsinə malik Fərhad müəllimin gərgin əməyi və zəhməti nəticəsində Heydər Əliyev Sarayı günü bü gündə ölkənin bir nömrəli sarayı adını qoruyub saxlaya bilir. Onu yaxından tanıyan biri kimi tam əminliklə deyə bilərəm ki, Fərhad müəllim şəxsən  bütün konsertləri izləyir. Hətta o, afişalara  baxmadan  da  hansı  tarixlərdə  hansı  tədbirin  olduğunu sizə deyə bilər. O təkcə tədbir və konsertləri yox, həm də tamaşaçıları izləyir. Çünki məhz tamaşaçıların əhval-ruhiyyəsi Fərhad müəllim üçün əsas göstərici və vacib şərtdir. Hər zaman işinin başında olan  Fərhad Babayev hamıdan əvvəl işə gəlib, hamıdan sonra işdən gedir. Bunun səbəbini soruşanda isə hörmətli Fərhad müəllim etiraf edir ki, ortaya çıxa biləcək hər hansı məsələnin həllinə və hər şeyin yüksək səviyyədə təşkilinə ilk  növbədə o cavabdehdir.

Qısa haşiyə çıxaq ki, Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk günlərdən, bir çox tikinti işləri ilə yanaşı, məhz indi onun adını daşıyan bu möhtəşəm sarayın tikintisi ilə də maraqlandı və onun başa çatdırılması üçün xüsusi göstərişlər verdi. Beləliklə, sarayın illərlə ləngiyən tikintisi böyük öndərin qayğısı nəticəsində 2 ilə başa çatdı və 1972-ci ilin 11 dekabrında bu möhtəşəm saray təhvil verildi. Dekabrın 14-də isə artıq saray öz qapılarını tamaşaçıların üzünə açdı. O tarixi gündən 45 il keçsə də, bu gün Azərbaycan incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz bu məkan - Heydər Əliyev Sarayıdır. Fərhad Babayevin indi rəhbərlik etdiyi bu səhnə bir çox möhtəşəm hadisələrə şahidlik edib. Xalqımızın böyük oğlu, ulu öndərin mədəniyyət sahəsinə olan sonsuz diqqəti və qayğısı bu saraya münasibətdə də hər zaman aydın nəzərə çarpıb. Elə bu səbəbdən də mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan ölkənin mərkəzi konsert salonu öz qurucusu - ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Nəhayət, bu  möhtəşəm saray özünün ikinci həyatına ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoydu. Onun müvafiq qərarı ilə yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray ümumilikdə dövlətimizin mədəniyyətə, onun inkişafına göstərdiyi münasibətin  bariz nümunəsidir.

Bunun nəticəsidir ki, bu gün paytaxt Bakımızın, ölkəmizin rəmzinə çevrilən bu konsert müəssisəsi özünün gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanlarından birinə çevrilib.   Bu gün bizim bir çox milli-mədəni dəyərlərimiz - muğam musiqisi, aşıq sənəti UNESCO-nun mədəni irs siyahısında yer alıb. Fərhad Babayevin peşəkarlıqla rəhbərlik etdiyi və sadiq keşikçisi olduğu ölkənin əsas konsert salonu - Heydər Əliyev Sarayı isə mədəniyyətimizin incisi hesab olunan bu sənət sahələrinin təbliği yönündə hər zaman çalışıb. Mədəniyyət ocağının tarixi yaddaşına nəzər yetirsək, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı mərasimlərə, eləcə də insanların mədəni istirahətini təmin edən tədbir və konsertlərə  ev  sahibliyi  etdiyini  görərik. Məlumdur ki, ulu öndər bu sarayda  xalq qarşısında and içərək, Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı cənab İlham Əliyev də ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib. Azərbaycan Respublikasının bir çox dövlət əhəmiyyətli tədbirləri də məhz Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb. İndinin özündə də Fərhad  Babayevin rəhbərliyi ilə saray hər mövsümə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşır.

Böyük musiqiçilərin  yubileyləri, ənənəvi Bakı Caz Festivallarına ev sahibliyi, dünyaca tanınmış müğənnilərin solo konsertləri bu sarayın bizə təqdim etdiyi mədəni proqramların yalnız bir hissəsidir. Son illər saray tərəfindən təşkil olunan layihələrdə milli musiqimizin təbliği və bu sahədə gənc istedadların təqdimatı da xüsusi nəzərə çarpır. Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəniyyətində, mənəvi dünyasında mühüm rol oynayan muğam sənəti daim saray rəhbərliyinin diqqət mərkəzindədir. Məhz Fərhad Babayevin təşəbbüsü ilə Heydər Əliyev Sarayının təşkilatçılığı ilə artıq bir neçə ildir ki, "Gəncləşən muğam" adlı layihə hazırlanaraq yüksək səviyyədə təqdim olunub.

Əlbəttə , reallaşan bu tipli layihənin əsas məqsədi məhz gənc muğam ifaçılarının tanınması və təbliğidir. Təbii ki, saray yalnız muğam ifaçılarına deyil, digər sənətçilərə də dəstək olur. Aşıq sənətinin layiqli davamçıları da bu səhnədə davamlı olaraq öz istedad və bacarıqlarını göstərmək imkanı əldə edirlər. Media nümayəndələrinə müsahibələrində də hörmətli Fərhad müəllim bildirib ki, sarayın repertuarını müəyyənləşdirərkən daha çox Azərbaycanın milli musiqisi, folklor sənət sahələri ilə yanaşı, müasir mədəniyyətdən də bəhrələnirlər. Hər bir yaş təbəqəsinin istəyi nəzərə alındığı üçün müasir dövrün tələblərinə uyğun musiqi janrlarının təbliği istiqamətində də tədbirlər təşkil edilir. Bir sözlə, Fərhad Babayevin rəhbərlik etdiyi kollektivin  bir missiyası var: hər bir kəsin marağını nəzərə almaqla milli-mənəvi dəyərlərimizi əks etdirərək fəaliyyət göstərmək. Görünən də odur ki, Fərhad Babayevin rəhbərlik etdiyi saray ölkənin mərkəzi konsert salonu olaraq, ölkə əhəmiyyətli və eyni zamanda, vətəndaşların istəklərinə uyğun tədbirlərə yer verir. Xüsusilə, son illər tamaşaçıların artan tələbatını və zövqünü tam olaraq ödəmək üçün xeyli sayda müasir texniki avadanlıqlar - səhnənin qalxıb enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün  dünya standartlarına uyğun işıq və səs texnikası müxtəlif xarici ölkələrdən, o cümlədən, Birləşmiş Ştatlar, Kanada və Yaponiyadan gətirilmiş və qurulmuşdur.

Şəxsi müşahidələrim əsasında gəldiyim bir məqami da qeyd etmək istərdim. İstər sarayın təşkil etdiyi tədbirlər, istərsə də dövlət əhəmiyyətli mərasimlər, təşkil olunan konsertlər zamanı Fərhad Babayevin rəhbərlik etdiyi kollektiv hər bir halda işinə eyni dərəcədə böyük məsuliyyətlə yanaşır. Çünki bu sarayın adı onun  məsuliyyət  yükünü daha da artırır.

Ömrünün 45 ilini məhz bu saraya həsr edən hörmətli Fərhad müəllim 2018-ci il yanvarın 5-i 70 illiyini qeyd edəcək. Mən şəxsən öz adımdan və təmsil etdiyim media sahəsinin təmsilçiləri adından, bu dəyərli insanı 70 illiyi - bu yubiley yaşı münasibətilə səmimiyyətlə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayıram. Arzu edirəm ki, məhz onun rəhbərliyi altında ölkəmizin bir nömrəli sarayı daha çox  yaradıcılıq uğurları əldə etməyə davam edəcək, ən əsası qazandığı etimadı daim möhkəmləndirəcək.

Ayaz MİRZƏYEV
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri

 





05.01.2018    çap et  çap et