525.Az

Milli İncəsənət Muzeyində bələdçi turları


 

Milli İncəsənət Muzeyində bələdçi turları <b style="color:red"></b>

Azərbaycanda keçirilən bir sıra beynəlxalq konqres, konfrans və iclaslar üçün geniş spektrli xidmətlər təşkil edən “Caspian Event Organisers LLC” şirkəti və Xəzər regionunun ən nüfuzlu sərgi və konfranslarının təşkilatçısı olan “Iteca Caspian” şirkəti sərgi mövsümündə Education - XI Azərbaycan Beynəlxalq Təhsil Sərgisi, WorldBuild Baku - XXIII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və Bakutel - XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı iştirakçıları üçün Azərbaycan Milli İncəsənət Muzeyində bələdçi turu təşkil etmişdir.

Oktyabr və dekabr aylarında gerçəkləşən muzey turunda sərgi və konfrans iştirakçıları Qədim Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən tayı-bərabəri olmayan əsərlərlə yaxından tanış oldular.

Muzeyin elmi işçisi Vəsilə Qəhrəmanlı sərgi və konfrans iştirakçılarına muzeyin yaranma tarixçəsindən, qədim dövrdən günümüzədək qorunub saxlanılan təsviri və tətbiqi sənət nümunələrindən, həmçinin, Azərbaycan xalçalarının nadir növlərindən, ustalıqla işlənmiş misilsiz zərgərlik əşyalarından, milli geyimlər və məişət əşyalarından bəhs edərək ziyarətçiləri incəsənət aləminə qərq etdi.

Habelə, XVI-XIX əsr Qərbi Avropa sənətkarları Françesko Solimena, Adrian Brauver, Jül Düpre və Piter Klassın gözoxşayan tabloları, XIX və XX əsrdə rus rəssamları Vasili Pukiryovun, Yuliy Lemanın, Kirill Lemoxun, Pyotr Korovin tərəfindən yaradılmış sujetli tablolar, İvan Şışkin, Yuliy Klever, Vladimir Orlovski, Aleksey Savrasov və İvan Ayvazovskinin qüsursuz mənzərələri qonaqlarda heyranlıq hissi doğurdu. Sərgi və konfrans iştirakçıları böyük məmnunluq hissi ilə muzeydən ayrıldılar.

 

 





06.01.2018    çap et  çap et