525.Az

KİV DF-nin yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirildi


 

KİV DF-nin yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirildi<b style="color:red"></b>

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib.

İclasın gündəliyində əsas məsələ Fondun  Müşahidə Şurası sədrinin və onun müavinin seçilməsi olub.

İclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açaraq, yeni təyinatla bağlı Fondun  icraçı direktorunu və  Müşahidə Şurasının üzvlərini təbrik edib. O, ötən 4 il ərzində Fondun səmərəli fəaliyyət göstərdiyini, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın  qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Ə.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi yüksək etimadı doğrultmaq, Azərbaycanda KİV-lərin müstəqilliyinin inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlərin həlli məqsədilə həyata keçirilən dövlət siyasətinə əməli işlə daha böyük töhfələr vermək üçün Fondun kollektivinin və Müşahidə Şurası üzvlərinin bundan sonra da əzmlə çalışmalı olduqlarını bildirib: “Ötən 4 ildə Fondun fəaliyyətinin təşkili, KİV-lərə yardım mexanizminin formalaşdırılması, onun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Fondun maliyyə dəstəyi, reallaşdırdığı digər tədbirlər mətbuatın iqtisadi müstəqilliyini gücləndirib, onun problemlərinin həllinə müsbət təsir göstərib. Fond məqsədyönlü fəaliyyəti ilə cəmiyyətdə və media arasında nüfuz qazanıb.  İndiki mərhələdə isə artıq hazır mexanizmə, yetkin fəaliyyət proqramına əsaslanaraq Azərbaycan mediasının daha dərindən öyrənilməsi, onun ehtiyaclarının müəyyənləşdirilməsi və ödənilməsi üçün var qüvvənizlə çalışmalısınız”.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək həm fondun icraçı direktoruna, həm də Müşahidə Şurasının üzvlərinə göstərdiyi etimada görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edib. O, ötən 4 il ərzində Fondun fəaliyyətinin təşkili və mətbuata yardım məqsədilə  həyata keçirilən tədbirlərdən danışmış, habelə qarşıdan gələn dövrdə görüləcək işlər barədə ümumi məlumat verib.

Bundan sonra Fondun Müşahidə Şurası sədrinin və onun müavininin seçilməsi  məsələsi müzakirə edilib. Təkliflər dinlənildikdən sonra  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin Fondun  Müşahidə Şurasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin  isə sədr müavini seçilməsi təklifi səsə qoyulub və yekdilliklə  qəbul edilib.

İclasda Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Fondun gələcək fəaliyyəti barədə fikirlərini bölüşüblər.

 





13.06.2013    çap et  çap et