525.Az

İranda etiraz nümayişləri: daxili siyasi münaqişə, sosial problemlərin təzahürü


 

İranda etiraz nümayişləri: <b style="color:red">daxili siyasi münaqişə, sosial problemlərin təzahürü</b>

Ötən ilin son günlərində İranda baş verən etiraz dalğası pik nöqtəyə çatmadan zəifləməyə başladı. Etiraz dalğasının sona çatmasına baxmayaraq, onun ətrafında debatlar uzun müddət diqqət mərkəzində olacaq. Çünki son dövrlər İran siyasi çevrələrin əsas müzakirə mövzusuna çevrilən ölkədir.

Nümayişlərə gətirib çıxaran səbəblər haqqında mülahizələr olduqca çoxdur və irəli sürülən istənilən səbəbin arxasında yetərli sübutlar dayanır. Etiraz nümayişlərini İran rejiminin təşkil etdiyinə dair ehtimallar isə böyükdür. Tarix boyu müxtəlif ölkə rəhbərliklərinin daxildə süni münaqişələr yaratmaqla dövlətçiliyi, öz hakimiyyətini qoruması, müxalif qüvvələri öz ətrafında birləşdirməsinə dair kifayət qədər nümunə mövcuddur. Bu mənada, hazırki İran rejiminin sosial münaqişəni başlatmaqda məqsədi ölkə hakimiyyətinin təməlini möhkəmləndirmək, onu xarici təsirlərdən qorumaq idi. Çünki İran hakimiyyəti ölkədəki mövcud vəziyyəti - əhalinin sosial problemlərinin hər keçən gün daha da artdığını bilir və problemlərin həll olunmaması halında bu dövlətin yaxın illərdə "Ərəb baharı"na oxşar narazılıqla üz-üzə dayanacağından xəbərdardır. Ölkədə artan narazılığın qarşısını almaq üçün ya problemləri aradan qaldırmaq, ya da etiraz edən kütləni zərərsizləşdirmək lazımdır. Birinci yol demokratik və iqtisadi cəhətdən geniş imkanlara malik olan dövlətlərin seçdiyi yoldur və bununla onlar mövcud münaqişəni dinc yolla aradan qaldırır, dövlətin inkişafını davam etdirməsini təmin edirlər. Amma bu gün ABŞ-ın artan təzyiqi altında İranın iqtisadi sahədə köklü reformalara getməsi, ölkədəki inflyasiya və işsizliyin qarşısının alması imkan xaricindədir. Orta Şərqdəki əməliyyatlara sərf edilən miyardları dayandırmaq və onu İranın inkişafına istiqamətləndirmək isə ruhani rejiminin planlarına daxil deyil. Deməli, İran ölkədəki mövcud münaqişəni aradan qaldırmaq üçün daha radikal görünən və İran tarixində dəfələrlə sınaqdan çıxarılmış ikinci variantı - narazı qüvvələri digər vasitələrlə, xüsusən, güc yolu ilə zərərsizləşdirmə yolunu seçib. Buna görə, İran ya gözləmə mövqeyi tutaraq narazı qüvvələrin təbii yolla etiraza qalxmasını gözləməli, ya da süni surətdə idarə edilən etiraz nümayişləri yaratmalı və daha az qüvvə sərf edərək narazı kütlənin qarşısını almalı idi. Bu zaman rejimin əldə edəcəyi dividentlər daha çox olacaqdı: hələ tam formalaşmamış etiraz dalğası dəf olunacaq, digər qüvvələr hakimiyyətin dağılması təhlükəsi qarşısında daha sıx birləşəcək, əhali regionda xaos içində olan ölkələrin vəziyyətinə düşməmək üçün ciddi xəbərdarlıq alacaq, İranı dağıtmaqda maraqlı olan qüvvələrə bu məsələnin mümkünsüzlüyü haqqında mesajlar göndəriləcək.

İran hadisələrini analiz edərkən bu versiyanın özünü doğrultduğunu görmək mümkündür: nümayişlərdə əhalinin ən aşağı - yoxsul təbəqəsi iştirak etdiyi, yəni təşkilatlanma zəif olduğu üçün aksiyaları dağıtmaq da bir o qədər asandır; digər millətlər, xüsusən, Azərbaycan türkləri nümayişlərdə kütləvi şəkildə iştirak etmədiyinə görə, etirazlar müvəffəqiyyət qazana bilmədi; iğtişaşlar İranın dini mərkəzi olan Məşhəddə başladığına görə, nüfuzlu din xadimlərindən birinin müraciəti ilə asanlıqla dayandırıla biləcəkdi.

Son etiraz nümayişlərinin İran üçün beynəlxalq aləmdə və daxildə müəyyən problemlər yaratmasına baxmayaraq, uzun dövlətçilik tarixinə malik olan bu dövlət növbəti dəfə uçurumun kənarından qayıtdı və "Ərəb baharı"nı müəyyən müddətə sərhədlərindən uzaqlaşdıra bildi.

Əlimusa İBRAHİMOV 
Siyasi elmlər üzrə fəlsəfə
doktoru, konfliktoloq

 





10.01.2018    çap et  çap et