525.Az

Azərbaycanın diplomatik korpusunun rəqəmsal diplomatiya göstəriciləri - ilin yekunları


 

Azərbaycanın diplomatik korpusunun rəqəmsal diplomatiya göstəriciləri - <b style="color:red">ilin yekunları</b>

"Newtimes.az'' analitik informasiya portalı 2016-cı ildən başlayaraq Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin Tvitterdə fəaliyyəti ilə monitorinq aparır.

Bu layihənin məqsədi diplomatik nümayəndəliklərin virtual məkanda fəaliyyətini izləməklə, onların Azərbaycanın təbliğatı, ölkədə baş verən proseslərlə bağlı düzgün informasiyanın yayılması, erməni lobbisinin ölkəmizə qarşı apardığı əks-təbliğata cavab istiqamətində Tvitterdə göstərdikləri fəaliyyəti işıqlandırmaqdır.

Həmin vaxtdan etibarən "Newtimes.az'' portalının əsas səhifəsində yaradılmış "Azərbaycanın diplomatik korpusu Tvitterdə'' adlı pəncərədə bu istiqamətdə fəaliyyət gündəlik işıqlandırılır. Dünyada rəqəmsal diplomatiyanın reytinqini müəyyənləşdirən bir çox sayt və təşkilat vardır. Reytinq müəyyənləşdirilərkən müxtəlif metodlardan istifadə olunur. Bizim ilk monitorinqimiz daha çox Tvitter səhifəsinin mövcudluğu və tvit sayı üzərindən qiymətləndirməyə əsaslanırdı. Hazırda isə diplomatik nümayəndəliklərin informasiyanın yayılmasında sosial şəbəkələrdən nə dərəcədə effektiv istifadə etmələrini, izləyici dairələrinin genişliyini, forma və məzmun etibarilə yenilikləri də əhatə etməyə çalışırıq.

Redaksiyamız əvvəlki araşdırmanın nəticələrini təqdim edəndə də inanırdı ki, həm Xarici İşlər Nazirliyinin, həm diplomatik korpusun, həm də ölkə ictimaiyyətinin diqqətini qeyd olunan məsələyə yönəldə biləcək və obyektiv şərhlərimizlə ümumi işə töhfə verə biləcəyik. Hadisələrin sonrakı inkişafı göstərdi ki, biz öz gözləntilərimizdə yanılmamışıq. Çünki Azərbaycanın yazılı və onlayn mediası araşdırmalarımızın nəticələrini geniş işıqlandırmış, bu mövzuya aktual problem kimi yanaşmışdı. Elektron ünvanımıza daxil olan məktublar və şərhlər də diplomatik korpusun bizim monitorinqə ciddi reaksiya verdiyini göstərdi. Təsadüfi deyil ki, ilkin monitorinq zamanı Azərbaycanın xarici ölkələrdə yerləşən  diplomatik nümayəndəliklərindən yalnız 57-nin Tvitterdə aktiv səhifəsi vardısa, hazırda Tvitter hesabı olanların sayı 70-i keçib. İnanmaq istərdik ki, bizim də bu irəliləyişdə az da olsa töhfəmiz var.

Beləliklə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin 2017-ci ildə Tvitterdə fəaliyyəti ilə bağlı apardığımız yeni müşahidələri oxucularımızın diqqətinə təqdim edir və diplomatik korpusun bu məsələyə diqqətini artıracağını düşünürük. Əvvəlcədən qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Tvitter səhifəsi (@AzerbaijanMFA) kifayət qədər aktivdir, ölkəmizlə bağlı yenilikləri, uğurları işıqlandırır, beynəlxalq müstəvidə baş verən hadisə və proseslərə çevik reaksiya verir. Bu mənada Türkiyədə fəaliyyət göstərən "Digital Araşdırmalar Dərnəyi''nin dünya ölkələrinin Xarici İşlər Nazirliklərinin rəqəmsal diplomatiyası ilə bağlı apardığı reytinqdə Azərbaycanın mövqeyinin 2016-cı illə müqayisədə 73-cü sıradan 48-ci mövqeyə yüksəlməsi təqdirəlayiqdir (Mənbə: http://digital.diplomacy.live/ddr17/).

2017-ci ilin göstəriciləri: yeniliklər və dəyişilməzlər

2017-ci il diplomatik nümayəndəliklərimizin Tvitter səhifələrində canlanma ilə xarakterik olmuşdur. Keçən ildə 7 yeni Tvitter açılmışdır: Meksika(@AzEmbMex), Polşa (@AzEmbassyPoland), Türkiyə, Qətər (@AzEmbassyQatar), Moldova (@AzembassyM), Braziliyada (@BrasiliaMission) səfirliklərin və Sankt-Peterburqda baş konsulluğun (@AzeconP) səhifələri. Bunlar arasında Türkiyədə səfirliyi (@azembassyturkey ) xüsusi qeyd etmək istərdik. Bundan əvvəlki hesabatlarımızda "XXI əsr diplomatiyasından uzaq olaraq'' adlandırdığımız qrupdan Türkiyədəki səfirliyimizin nəhayət ki, 2017-ci ilin oktyabr ayında ayrılmasına ancaq sevinmək olar.

Bundan başqa bəzi səfirliklərin müvafiq səhifələri əvvəlki illərdə yaradılsa da, aktiv fəaliyyətə məhz 2017-ci ildən başlamışlar. Bunlardan Hindistan (@AzEmbassyIndia), Vyetnam (@AzEmbVietnam), Belarus (@azembassy_minsk ), Mərakeş (@AzEmbassyRabat ), Qırğızıstandakı (@AzEmbassy) səfirlikləri və Avropa Şurası yanında nümayəndəliyi (@AzMissionCoE) qeyd etmək olar.

Hazırda diplomatik nümayəndəliklərimiz arasında tvit sayına görə (12 minə yaxın tvit) ABŞ-dakı səfirlik (@azembassyus) liderliyi davam etdirir. Diplomatik korpusda 10 000-dən çox tvit paylaşan yalnız ABŞ və Səudiyyə Ərəbistanındakı (@azembassyriyadh ) səfirliklərdir. İlk beşlikdə növbəti yerləri Los-Ancelesdəki Baş konsulluq(@azconsulatela ), İran (@AzEmbIran ) və İsveçrədəki(@AzembassyBern ‏) səfirliklər tutur. Bunların hər birinin 5000 ətrafında tviti var.

2017-ci ildə tvit sayına görə aktivlər və passivlər

Yalnız 2017-ci il ərzində tvit sayına görə isə aşağıdakı diplomatik nümayəndəliklər ən fəallar hesab olunur: Səudiyyə Ərəbistanı(9500 tvit), İran (5000), Pakistan (3600), Meksika (3400), ABŞ(3000), BMT Cenevrə (2850), BƏƏ (2350), İndoneziya (2300), Batumi(2300), İsveçrə (2000).

İl ərzində 1000-dən çox tvit paylaşan digər diplomatik nümayəndəliklər isə bunlardır: Koreya (1900 tvit), Bolqarıstan (1800), Fransa (1450) Los-Anceles (1400), Macarıstan(1300), Özbəkistan (1300), Estoniya (1200), Xorvatiya (1200), İstanbul (1050),Aktau (1040). Digər diplomatik nümayəndəliklərin il ərzində paylaşımlarının sayı isə 1000-i keçmir.

Bu da həqiqətdir ki, paylaşılan tvitlərin mahiyyət və forması üzrə statistika aparılsa ilk onluqda mənzərənin fərqli olacağını da qeyd etmək lazımdır. Ümumiyyətlə, müasir dövrün reallıqları Tvitter istifadəçilərinin təkcə məlumat paylaşmasını deyil, həm də məlumat yaradıcısı olmasını tələb edir. Bu baxımdan diplomatik nümayəndəliklərimizin bu nüansa fikir verməsi faydalı olar.

İlin fəallarını qeyd etdikdə il ərzində varlığı ilə yoxluğu bilinməyənləri də qeyd etmək istərdik. Siyahıda ən son yer CAR-dakı səfirliyə məxsusdur – il ərzində cəmi 2 tvitə gücü satıb. Sonrakı yerləri Kolumbiyadakı nümayəndəlik (@AzembassyCol) – 3 tvit, İordaniyada səfirlik (16 tvit) tuturlar.

Oyana bilməyən "yatmışlar''

Çox təəssüflə qeyd etmək istərdik ki, hələ də BMT yanında daimi nümayəndəlik, İordaniya(@AzEmbJordan), Tacikistan (@azembassytj), CAR-da (@AzEmbPretoria) səfirliklər, Yekaterinburqdakı baş konsulluq (@azconsulateykt) "adı var özü yox” qrupunu təmsil edirlər.BMT yanında daimi nümayəndəliyin (@AzMissionUNHQ) dünyanın bütün ölkələri ilə məlumat mübadiləsi üçün Tvitter kimi gözəl platformadan istifadə etməməsini və eləcə BMT şəbəkəsində üzv ölkələrin əksərinin daimi nümayəndəliklərinin Tvitter səhifələri vasitəsilə operativ informasiya və təbliğatdan kənar qalmasına ancaq təəssüflənmək olar. Sonuncu paylaşımı 2014-cü ilin yanvar ayında edən Daimi nümayəndəliyin səhifəsi tamamilə unudulub. Görünən odur ki, rəqəmsal diplomatiya bu diplomatik nümayəndəliklərimiz üçün heç bir əhəmiyyət daşımır.

Bundan başqa Rusiya, Çin, Livan, Türkmənistanda səfirliklərin Tvitter səhifəsi mövcud deyil. Bəzi ölkələrdə (məsələn Çin, Türkmənistan) diplomatik nümayəndəliklərimizin Tvitter səhifəsinin olmamasını bu ölkələrdə  Tvitter sosial şəbəkəsinin olduqca məhdud olması ilə əlaqələndirmək olar. Lakin bu mənada Rusiyada səfirliyimizin passivliyi heç cür anlaşılan deyil. Maraqlıdır ki, səfirliyin Tvitter səhifəsi olmadığı halda, səfir (@PoladBulbuloglu) özü Tvitter istifadəçisidir.

Yeni kriteriya üzrə monitorinqin göstəriciləri

"Newtimes.az'' portalı olaraq bu dəfə diplomatik nümayəndəliklərimizi təkcə tvit sayına görə deyil, oxucularının sayına görə də nəzərdək keçirdik. Çünki Tvitter istifadəçiləri üçün oxucuların auditoriyasının genişliyi, eləcə də tərkibi önəmli faktordur. Bundan başqa Tvitter səhifələrinin müəyyən həştəqlər altında aparılan tvit-kompaniyalarda iştirakı, paylaşdığı məlumatlara istifadəçiləri işarələməklə hədəfə çatmaq funksiyalarından kimin necə istifadə etməsi də mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın diplomatik nümayəndəliklərinin Tvitter hesablarının izləyicilərinin sayına görə yalnız ilk üçlüyünü çoxsaylı adlandırmaq olar. Belə ki, ilk üçlükdə – ABŞ – Tvitter izləyicilərinin sayı 6000, Los Ancelesdəki Baş konsulluq – 5990, BMT Cenevrə (2550) yerləşir. Digər nümayəndəliklərin Tvitter izləyicilərinin sayı 2000-ə çatmır. Ümumilikdə monitorinq etdiyimiz 73 diplomatik nümayəndəlikdən yalnız 26-sının Tvitter istifadəçiləri 1000-dən çoxdur. İzləyici auditoriyası məlumatın doğru ünvana çatması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Tvitter izləyicilərinin sayını davamlı artırması effektivlik parametri hesab oluna bilər. Hazırda diplomatik nümayəndəliklər arasında Tvitter izləyicilərinin sayı 100-dən az olan isə cəmi 3 səhifə var: Yekaterinburqdakı Baş konsulluq (50 izləyici), Braziliya (@BrasiliaMission – 45 izləyici), Kolumbiya (8).

Beləliklə, 2017-ci ildə Azərbaycanın diplomatik korpusunun Tvitterdə fəaliyyəti ilə bağlı apardığımız araşdırma ümumi aktivləşmə proseslərinin getdiyini göstərir. Lakin eyni zamanda ən azı 2 ildir mətbuatda ciddi tənqid atəşinə tutulmalarına baxmayaraq bir sıra diplomatik nümayəndəliklərin hələ də rəqəmsal diplomatiyaya laqeyd münasibətinin davam etməsi də müşahidə olunur. İnanırıq ki, hazırkı araşdırmamız yeni bir impuls olacaq, bu istiqamətdə yeni ideya və təşəbbüslərin yaranmasına, yeni Tvitter ünvanlarının yaranmasına gətirib çıxaracaq.

Biz apardığımız müşahidələrin və təhlillərin nəticələrini sizinlə bölüşəcəyik. Bizi izləməyə davam edin.

P.S. "Newtimes.az'' redaksiyası olaraq araşdırma ilə bağlı qeyd və şərhlərinizi, bizim nəzərimizdən qaçan məqamları elektron ünvanımıza ([email protected]) göndərməyinizi xahiş edirik.

P.S. Araşdırmada istinad olan son statistik rəqəmlər 29.12.2017-ci il tarixinə aid göstəriciləridir.

Newtimes.az

 





11.01.2018    çap et  çap et