525.Az

Bakı siyasi mərkəz kimi nüfuzunu artırır


 

MÜBARİZ ƏHMƏDOĞLU: "RUSİYA VƏ ABŞ AZƏRBAYCANIN GÜCÜNƏ, DAYANIQLILIĞINA ARXAYINDIR"

Bakı siyasi mərkəz kimi nüfuzunu artırır<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı NATO-Rusiya generalları arasında dünya ictimaiyyəti üçün böyük maraq kəsb edən növbəti görüşə ev sahibliyi edəcək.

Keçən ilin fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford, sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Bakıda bir araya gələn Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu dəfə, yanvarın ayının sonlarında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti ilə görüşəcək.

Azərbaycan, paytaxt Bakının dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi, ayrı-ayrı sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq edən məkan kimi müsbət imic qazanması beynəlxalq ictimaiyyətin böyük rəğbəti ilə qarşılanır. Balanslı siyasət kursu yürüdən Azərbaycan müxtəlif ölkələr, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yürütmək, irimiqyaslı layihələr həyata keçirməklə öz nüfuzunu daha da artırıb, etibarlı tərəfdaş imicini yüksək səviyyəyə qaldırıb. Ona görə də, son vaxtlar ayrı-ayrı güc mərkəzləri də öz aralarında olan problemləri həll etmək, münasibətlərin yeni xəttini müəyyənləşdirmək üçün dünyada unikal dialoq məkanı kimi tanınan Bakıya üz tuturlar. Bu mənada, artıq üçüncü dəfədir NATO-Rusiya danışıqlarına ev sahibliyi edən Bakı qlobal məsələlərin müzakirə və həll olunduğu mühüm siyasi mərkəz kimi imic formalaşdırmaqdadır.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, böyük güc mərkəzlərinin məhz görüşüb danışıqlar aparmaq üçün Bakını seçməsinin arxasında 3 məsələ dayanır: "Birincisi, Azərbaycanın apardığı müstəqil siyasət ayrı-ayrı siyasi qütblərdə qərarlaşan ölkələrlə əlaqələri genişləndirməyə imkan verir. Ona görə də, paytaxt Bakı ABŞ-Rusiya, NATO-Rusiya görüşləri üçün siyasi mərkəzə çevrilib. Azərbaycan belə görüşlərin ev sahibliyi etmək üçün nə qədərsə vəsait xərcləsəydi, bu, mümkün olmayacaqdı. Yəni ölkə prezidenti İlham Əliyevin yürütdüyü siyasət o səviyyədədir ki, həmin güclər şüurlu surətdə qlobal məsələlərin həllində görüş yeri kimi Bakının seçilməsini istəyiblər".

Dünya tarixində kifayət qədər hadisənin sonradan üstünün açıldığını deyən M.Əhmədoğlunun sözlərinə görə, yaxın gələcəkdə Yaxın Şərqdə gedən proseslərlə bağlı nəticənin NATO-Rusiya arasında Azərbaycan paytaxtında keçirilən görüşdə əldə olunduğu qeyd olunacaq, "Bakı razılaşmasına" istinad ediləcək.

Politoloq bildirib ki, ikincisi, əgər Bakı siyasi danışıqların mərkəzi seçilibsə, dünyanın qlobal strategiyasının müəyyənləşməsində əsas rol Yaxın Şərqdə gedən proseslərdədir: "ABŞ və Rusiyada başa düşürlər ki, sözügedən regiondaki proseslər nizamlanmayana qədər dünyadakı qlobal proseslər nizamlanmayacaq. Ona görə, böyük güclər Azərbaycanı Yaxın Şərq siyasətinin mərkəzi kimi qəbul edir".

Mərkəz sədri qeyd edib ki, məsələnin üçüncü tərəfi isə digərlərindən daha çox əhəmiyyət kəsb edir: "Rusiya və ABŞ Azərbaycanın gücünə, dayanıqlılığına arxayındır. Yəni onlar başa düşürlər ki, Bakıda belə bir görüşün keçirilməsi regionumuzda olan müəyyən dövlətləri, onların arxasında dayanan qüvvələri qızışdırır və qıcıqlandırır. Hətta, bəzi müsəlman dövlətləri Azərbaycanın əldə etdiyi belə uğurlardan narahat olur. Bu mənada, Rusiya və ABŞ-da başa düşürlər ki, Bakıda belə bir görüşün keçirilməsi Azərbaycana olan təzyiqləri artıracaq. Ancaq onlar inanırlar ki, dövlətimiz bu artan risk və təzyiqləri neytrallaşdıracaq".

M.Əhmədoğlu hesab edir ki, böyük siyasi mərkəzlərin Bakıda danışıqlar aparması strateji baxımdan təkcə bu gün yox, həm də gələcək üçün hədsiz dərəcədə vacib tədbirdir: "Artıq belə görüşlərin ikisi keçən il keçirilib. Üçüncüsü isə yanvarın axırında keçiriləcək".

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti arasında Bakıda görüşün keçiriləcəyinə dair ilk məlumatı nüfuzlu "BuzzFeed" xəbər portalı yayıb.

Ceyhun ABASOV

 





11.01.2018    çap et  çap et