525.Az

Azərbaycana etimadın davamı: Bakı yenidən NATO-Rusiya dialoquna ev sahibliyi edəcək


 

Azərbaycana etimadın davamı: <b style="color:red">Bakı yenidən NATO-Rusiya dialoquna ev sahibliyi edəcək</b>

Bü gün dünyada özünəməxsus mövqeyi olan, müstəqil xarici siyasət yeridən Azərbaycan həm də beynəlxalq dialoq məkanına çevrilməkdədir. Ölkəmiz yalnız beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmir, eyni zamanda, böyük dövlətlərin müzakirələr apardığı bir platforma rolunu oynayır.

Bakı növbəti dəfə daha bir əhəmiyyətli görüşə ev sahibliyi edəcək. Belə ki, NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ)  Ali Baş Komandanı general Kertis Skaparrotinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə Bakıda görüşü planlaşdırılır.

Xarici medianın yazdığına görə, yanvar ayında keçirilməsi nəzərdə tutulan bu görüş sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə  NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra bir ilk olacaq.

 Bununla bağlı NATO-dan da açıqlama verilib.  Alyansın hərbi rəsmisi bəyan edib ki, NATO və Rusiya açıq hərbi əlaqələr xəttini dəstəkləyir: "Bu, bizim hərbi fəaliyyətimizdə proqnozlaşdırmanı və şəffaflığın inkişafına təkan verməyi hədəfləyib. Bu kontekstdə general Kertis Skaparroti və general Valeri Gerasimov arasında ötən il sentyabrın 14-də telefon danışığı olub. Onlar təlimlərdə şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayıblar. Bu danışıq NATO-nun şəffaflıq siyasəti və Rusiya rəhbərliyi ilə siyasi səviyyədə aparılan daimi dialoqa uyğun olaraq, hərbi əlaqələri inkişaf etdirməyə qarşılıqlı marağı nümayiş etdirdi. Prosesin gedişində baş verəcək istənilən irəliləyiş barədə məlumat açıqlanacaq".

 Yada salmaq lazımdır ki,  yüksək hərbi strukturlarının təmsilçilərinin Azərbaycanda görüşməsi ilk dəfə deyil. Ötən ilin fevral və sentyabr aylarında da Azərbaycan paytaxtı yüksək səviyyəli hərbi görüşlərin keçirildiyi ünvan olub.  Belə ki, 2017-ci ilin fevral ayında  Bakı ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov arasında keçirilən görüşə ev sahibliyi etmişdi. Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunaraq, müxtəlif spektrli məsələlər nəzərdən keçirilib.

Sentyabr görüşü isə Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında baş tutub.

Generalların görüş üçün niyə məhz Bakını seçmələri o zaman ciddi müzakirə edildi. "The New York Times" qəzeti yüksək rütbəli rəsmilərə istinadən məlumat yaymışdı ki, bu haqda müzakirələr aylarla davam edib. Əvvəlcə Rusiya tərəfi amerikalı generalın Moskvaya, ya da Belarusun paytaxtı Minskə gəlməsini istəyib. ABŞ isə bu variantdan imtina edərək görüş üçün Şərqi Avropanı üstün tutduqlarını bildirib. Ancaq Ukrayna məsələsinə görə, Avropa İttifaqı digər Rusiya rəsmiləri kimi Valeri Gerasimova da sanksiya tətbiq üçün, bu variant da baş tutmayıb. Ən uyğun variant isə təbii ki, Bakı olub. Ölkəmizdə bərqərar olmuş sabitlik, təhlükəsizlik, onun beynəlxalq aləmdə  etibarlı bir tərəfdaş kimi qəbul edilməsi də burda öz rolunu oynayır. Həmçinin, bu, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini göstərir. 

Rusiyalı hərbi-ekspert, istefada olan polkovnik Viktor Baranets hələ həmin görüş ərəfəsində bildirmişdir ki, Rusiya-ABŞ, Rusiya-NATO münasibətlərinin dondurulmuş vəziyyətdə olmasına rəğmən, Bakı görüşünün baş tutması münasibətlərə yenilik gətirəcək. Onun sözlərinə görə, bura təkcə diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən, soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Ona görə də, Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır. O əlavə edib ki, Azərbaycanda sabitlik və təhlükəsizlik faktoru, eyni zamanda, ölkənin yürütdüyü müstəqil siyasət, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması da belə görüşlərin Bakıda keçirilməsi üçün zəmin yaradır.

Generallar Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini "Qərb-2017" strateji təlimlər barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini vurğulayıb. V.Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib. Görüşdə tərəflər təmasları davam etdirməyə qərar veriblər.

Gerasimov və Pavel Bakıda olduqları müddətdə rəhbərlik etdikləri nümayəndə heyətləri ilə ayrı-ayrılıqda Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla da görüşüblər. Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qonaqlar ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Həmin gün V.Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan dövlət başçısı da qəbul edib. Prezident İlham Əliyev V.Gerasimov və P.Pavel arasında görüşün məhz Bakıda keçirilməsini Azərbaycana olan etimadın nümunəsi kimi dəyərləndirib.

Həqiqətən də böyük güclərin dialoq üçün məhz Bakını seçməsi ölkəmizə olan etimadın göstəricisidir. Politoloq İlqar Vəlizadə hesab edir ki, belə yüksək səviyyəli görüşlərin Bakıda baş tutması həm də böyük siyasi güclərin Azərbaycanı bölgənin xəritəsində mühüm geosiyasi oyunçu kimi qəbul etdiklərini təsdiqləyir. Azərbaycan özünün rahat infrastrukturu ilə birlikdə yüksək səviyyədə konfidensial formatda danışıqların aparılması üçün əlverişli məkana çevrilir.

Onun sözlərinə görə, Bakını növbəti belə bir formatda görüş yeri olmasının çoxlu əsasları var: "Bildiyiniz kimi,  2017-ci ilin fevral ayında Cozef-Danford, sentyabr ayında isə Pavel-Gerasimov görüşləri keçirilib: "Qeyd etmək vacibdir ki, Bakı bu cür görüşlərin keçirilməsi üçün  hansısa təklif və ya xahişlə çıxış etməyib. Bu, danışıqlar aparan tərəflərin müstəqil qərarıdır. Onlar özləri müəyyən edirlər ki, görüşləri harada və necə keçirəcəklər. Və bu da çox şey deyir..."

PƏRVANƏ

 





11.01.2018    çap et  çap et