525.Az

Milli Elmlər Akademiyasında Xalq yazıçısı Elçinin 70 illiyi ilə bağlı elmi sessiya keçirilib- Fotolar


 

Milli Elmlər Akademiyasında Xalq yazıçısı Elçinin 70 illiyi ilə bağlı elmi sessiya keçirilib- <b style="color:red">Fotolar</b>

Ötən gün Milli Elmlər Akademiyasında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə, Xalq yazıçısı, professor Elçin Əfəndiyevin 70 illik yubileyi münasibətinə həsr olunan elmi sessiya təşkil edilib.

Tədbiri açan institutun direktoru, professor Teymur Kərimli Elçin Əfəndiyevi obrazlı şəkildə Azərbaycan söz mülkünün sultanı adlandırıb: “Elçin Əfəndiyevin istedadı özünü ədəbiyyatın bir çox janrlarında parlaq şəkildə göstərib. Elə düşünürəm ki, Azərbaycan ədəbiyyatında alimliyi yazıçılığına, yazıçılığı da alimliyinə dov gələ bilməyən və hər iki sahəni zənginləşdirən əsərlər ərsəyə gətirmiş iki şəxsiyyətin adını çəkməli olsaq, mütləq Mir Cəlal müəllimi və Elçini göz önündə tutmalıyıq. Mənim fikrimcə, Elçin Əfəndiyev bir yazıçı kimi hadisələrin səhnə arxasına keçməyi bacarır və beləliklə, bütün həyat hadisələrinin mahiyyətini özü də görür və bizə də göstərir. Məhz buna görə Elçinin əsərləri bu qədər həyati və təbiidir. Elçin zəngin mütaliəyə malik bir sənətkardır. O, artıq 55 ildir ki, qələmi və elmi ilə Azərbaycan xalqına xidmət edir. Həm də təkcə Azərbaycan xalqına yox, bütün bəşəriyyətə. Xalq yazıçısı Elçinin bundan sonrakı sağlam və mənalı ömrünü də söz mülkünün abadlaşmasına, Xeyirin Şər üzərində qələbəsinə, insanların mənəvi təkamülünə, xalqımızın səadətinə, dövlətçiliyimizin möhkəmlənməsinə ithaf edəcəyinə heç bir şübhəmiz yoxdur”.

Akademik İsa Həbibbəyli Elçin Əfəndiyevin Azərbaycan ədəbi-ictimai fikir tarixində hərtərəfli şəxsiyyət – həm yazıçı, həm ədəbiyyatşünas, həm dramaturq, həm də ictimai xadim kimi qəbul olunduğunu dilə gətirib: “Hər şey yaradıcı Elçindən başlayır. Tənqidçi, dramaturq, ictimai xadim olan Elçin də. Yazıçılıq Elçin müəllimin hərtərəfli fəaliyyətinin onurğa sütununu təşkil edir. Onun “Baladadaşın ilk məhəbbəti” Azərbaycan hekayə janrının ən möhtəşəm nümunələrindən hesab edirəm. Onun “Dolça” povesti bu janrın ən gözəl təzahürüdür. “Mahmud və Məryəm” romanı son yarıməsrlik zamanın ən yaxşı romanıdır. Onun əsasında yüksək səviyyəli filmin çəkilməsi də bunu sübut edir. Bütün bu kimi əsərləri onun Azərbaycan gerçəkliyinin ən təbii, dolğun və gözəl şəkildə əks etdirməsinin isbatıdır”.

Professor Şirindil Alışanlı “Xalqın və sənətkarın obrazı” adlı məruzəsində Azərbaycan ictimai fikrində və ədəbiyyatında Elçin Əfəndiyevi böyük söz sahibi kimi səciyyələndirib: “O bu səlahiyyətə ömrünün yetmişinci, yaradıcılığının əllinci zirvəsində nail olub. Elçin bizim ədəbiyyatımızda altmışıncı illər nəslinin böyük nümayəndəsidir. O bizim ədəbiyyatımıza yeni dəst-xətt, yeni janrlar, yeni nəfəs, yeni qəhrəmanlar gətirdi. Onun hekayələri, romanları, kinopovestləri bu gün təkcə bizim ədəbiyyatımızda, dramaturgiyamızda deyil, dünya səviyyəsinə çıxacaq əsərlərdir. Bu gün bizim ədəbi-ictimai fikrimizdə, tənqidimizdə, teatrımızda Elçin Əfəndiyevin xətti ilə böyük məktəblər var. Bizdə Cəfər Cabbarlı, İlyas Əfəndiyev teatrı olduğu kimi artıq Elçin teatrı da formalaşıb və özünü təsdiqləyib. Elçin dramaturgiyası olmadan bizim müasir teatrımızı təsəvvür eləmək qeyri-mümkündür. Elçin böyük hekayə ustasıdır, böyük romanlar müəllifidir. Həmçinin Elçin bizim ədəbiyyatşünaslığımızın və tənqidimizin ən böyük söz sahibidir. O əlli ildən artıqdır ki, ədəbiyyatşünaslıq və tənqidlə məşğuldur. Bir çox monoqrafiyaların müəllifidir, bizim ədəbi prosesləri ardıcıl izləyən, vaxtında dəyərləndirən böyük söz sahibidir. Məmməd Cəfər, Məmməd Arif, Yaşar Qarayev tənqidi olduğu kimi Elçin tənqidi də var. 70-ci illərin ikinci yarısında ədəbiyyata gəlmiş tənqidçi nəsrin yetişməsində, dəyərləndirilməsində Elçin Əfəndiyevin çox böyük xidmətləri var. Bu gün də Elçin müəllim böyük enerji ilə, böyük yaradıcılıq ehtirası ilə həm öz əsərlərinin tərcüməsi ilə bizim ədəbiyyatımızı xaricdə təbliğ edir. Biz Elçin müəllimdən daha böyük, daha sanballı əsərlər gözləyirik”.

Elmi sessiyada tənqidçi Tehran Əlişanoğlu “Nəsrin və əsrin yaddaşı”, professor Bədirxan Əhmədov “Milli dramaturgiyamızda Elçin mərhələsi”, Sara Osmanlı “Görkəmli ədəbiyyatşünas- tənqidçi” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra professorlar Tofiq Hacıyev, Qəzənfər Paşayev Elçin yaradıcılığı haqqında düşüncələrini bölüşüblər. Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, filologiya elmləri doktoru Asif Rüstəmli adıçəkilən qurumun mükafatını yubilyara təqdim edib.

Sonda çıxış edən yubilyar Nizami İnstitutunun keçirdiyi bu tədbir üçün minnətdarlığını bildirib və iştirakından məmnunluğunu ifadə edib: “Mənim üçün bu tədbirdə iştirak etmək çox xoş bir hadisədir. Çünki mənim həyatımın, gənclik çağlarımın ilk on ili məhz bu institutla bağlıdır. Digər tərəfdən isə Nizami İnstitutu bizim ədəbiyyatımızın inkişafında çox böyük və səmərəli fəaliyyət göstərmiş bir elm ocağıdır. Azərbayan ədəbi tənqidinin, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində, genişlənməsində, dünyanı ehtiva etməsində bu institutun fövqəladə rolu olub. Burada böyük ədəbiyyat xadimlərimiz, ədəbiyyatşünaslarımız, tənqidçilərimiz işləyiblər. Onların bir qismi mənim xatirimdədir, bəziləri ilə təmasda olmuşam. Unudulmaz akademiklər Məmməd Arif, Məmməd Cəfər, böyük alimlərimizdən Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə, sonrakı nəslin nümayəndələrindən Məsud Əlioğlu, Bəkir Nəbiyev və digərləri ilə ünsiyyətdə olmuşam. Onların hamısının adını sayıb qurtarmaq mümkün deyil. Adını çəkdiyim və çəkmədiyim bu insanların ruhlarının şad olmasını diləyirəm, çünki onların qoyduğu ədəbiyyat ənənəsi bu gün bu institutda davam edir, ədəbiyyatın inkişafında bu gün də bu elm ocağı onların dövründə olduğu kimi fədakarcasına fəaliyyət göstərir”.

Sevinc MÜRVƏTQIZI

 





13.06.2013    çap et  çap et