525.Az

"İrəli" İctimai Birliyi İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib


 

"İrəli" İctimai Birliyi İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib<b style="color:red"></b> Bu gün "İrəli" İctimai Birliyinin 3-cü hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Birliyin son bir ildə fəaliyyəti barədə məlumat verib, əldə edilən uğur və nailiyyətlərdən bəhs olunub. Çıxış edənlər növbəti 1 il üçün qurumun strateji hədəflərini də açıqlayıblar.

Tədbirdə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Ceyhun Osmanlı və digərləri çıxış ediblər.

Konfransda ölkənin müxtəlif bölgələrindən 600 nümayəndə iştirak edib. Tədbirdə çıxış edən Birliyin sədri Rauf Mərdiyev bildirib ki, təmsil etdiyi qurum fəaliyyəti dövründə vətəndaş cəmiyyəti qurumları ilə daim əməkdaşlıq edib, şəffaflıq məsələsinə önəm verib: "Biz vaxtaşırı olaraq fəaliyyətimiz barədə həm üzvlərimizə, həm də ictimaiyyətə hesabat veririk. Bu cür tədbirlərin əhəmiyyəti gələcək 1 il ərzindəki strategiyamızın müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir".

Sonra tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O qeyd edib ki, "İrəli" İctimai Birliyində vətənpərvər, dövlətini, xalqını sevən gənclər toplaşıb. Nazir qeyd edib ki, Birlik fəaliyyəti dövründə çox uğurlu və faydalı layihələr həyata keçirib.

Daha sonra tədbirdə çıxış edən Əli Əhmədov qeyd edib ki, gənclər xoşbəxtdirlər ki, bugünkü Azərbaycanın, inkişaf edən, qüdrətlənən Azərbaycanın gəncləridirlər: "Mən bu gün bu konfransda gördüm ki, Azərbaycan gəncləri nə qədər inkişaf edib, bu gənclər Azərbaycan gəncliyinin simasını ifadə edir". Əhmədov qeyd edib ki, gənclər İlham Əliyevin namizədliyini dəstəkləməklə doğru və düzgün seçim ediblər: "Bu, Azərbaycanın xoşbəxt gələcəyinin təmin edilməsinə yönəlmiş bir seçimdir".

PA-nın şöbə müdiri Elnur Aslanov qeyd edib ki, "İrəli" İctimai Birliyi xeyli sayda gəncləri öz ətrafında birləşdirərək Azərbaycan gəncliyinin inkişafına mühüm töhfə verib: "Bu illər ərzində "İrəli" öz təşəbbüsləri ilə Azərbaycanın inkişafının ulu öndər Heydər Əliyevin yolu olduğunu öz həmyaşıdlarına çatdırdı. Gənclərimiz bu seçkidə Azərbaycanın gələcəyini müəyyənləşdirməklə öz gəncliyini müəyyənləşdirir".

Tədbirdə çıxış edən Qənirə Paşayeva da "İrəli" İctimai Birliyinin bütün üzvlərini təbrik edərək qeyd edib ki, təşkilat daim öz fəaliyyəti ilə fərqlənib. Millət vəkili vurğulayıb ki, Azərbaycanda gənclərə böyük dövlət diqqət və qayğısı göstərilir və gənclər bundan istifadə edərək öz gələcəklərini düzgün istiqamətdə qururlar: "Məhz bugünkü konfransda mən bu gəncləri gördüm".

Fərhad Məmmədov isə bildirib ki, "İrəli" İctimai Birliyi vətənpərvər gənclərin yetişdirilməsinə öz töhfəsini verib. O, gənclərin inkişafı üçün Azərbaycanda bütün imkanların yaradıldığını qeyd edərək bütün gəncləri İlham Əliyevi dəstəkləməyə, daim cənab Prezidentə sadiq qalmağa çağırıb.

Sonda konfransda bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub.

Hesabat konfransına Ümumrusiya Gənclər İttifaqı, Pakistanın Gənclər üçün Milli Təhsli Şəbəkəsi, Ukrayna Gənclər Assambleyası və digər təşkilatların nümayəndələri də qatılıb.
 





13.06.2013    çap et  çap et