525.Az

Şəhid gizir Aydın Abdullayev haqqında kitabın təqdimatı oldu


 

Şəhid gizir Aydın Abdullayev haqqında kitabın təqdimatı oldu<b style="color:red"></b>

Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində jurnalist İradə Sarıyevanın şəhid gizir Aydın Abdullayev haqqında "Gözlə, gələcəyəm" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə ziyalılar, yazarlar, şəhidin döyüş yoldaşları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov şəhid Aydın Abdullayev və ona həsr olunmuş kitab haqqında müfəssəl məlumat verib.

Kitabın redaktoru  şair-publisist Zülfüqar Şahsevənli qeyd edib ki, A.Abdullayev işıqlı həyat yolu keçmiş və bu yolu şərəflə bitirmiş vətən oğludur: "İndi hər bir Azərbaycan ailəsində böyüyən uşaqlar Aydından, digər qəhrəmanlarımız olan Mübarizdən, Fəriddən örnək götürür. Qəribə və təsirli haldır ki, bu şəhidlərin ata-anaları bir-birinə çox bənzəyir. Bəlkə də bu onların eyni dərdi və qüruru bölüşmələrinin nəticəsidir".

Nəşrin yaranma ideyası və yazılma prosesindən söz açan "Xatirə kitabı" redaksiyasının baş redaktoru Nəzakət Məmmədova qeyd edib ki, şəhid gizir A.Abdullayevə həsr olunan bu kitabla "Şəhidlər ölməz, Vətən bölünməz" devizli kitabların çapına start verilib: "Bizim niyyətimiz torpaqlarımızın bütövlüyü, düşmən torpağından azad olunması uğrunda cismani həyatını itirmiş igid oğul və qızlarımız haqqında yazılacaq əsərləri hər kəsin stolüstü kitabına çevirməkdir. Başqa sözlə, bu kitablar şagird və gənclərimizin vətənpərvərlik məzmunlu bilik-məlumat bazasını təşkil edəcək. Beləliklə, indiki dövrün müharibə salnaməsini özündə əks etdirməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliğində də xüsusi rol oynayacaq".

Kitabın müəllifi jurnalist İradə Sarıyeva çıxışında qeyd edib ki, A.Abdullayevin həyat dastanını vərəqləməklə onun haqqında bütün məlumatları yazıya çevirib: "Gözlə, gələcəyəm" şəhid gizirimizin ömür və döyüş yolunu əks etdirir. Onun uşaqlığı, gəncliyi, vətən, torpaq anlayışlarına xüsusi münasibəti kitabın məzmununda bir ana xətt kimi öz ifadəsini tapıb". BDU-nun kafedra müdiri professor Cahangir Məmmədli, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, tədqiqatçı Şəmistan Nəzirli və başqaları da çıxış edərək, A.Abdullayevin şərəfli həyat yolu və ona həsr olunmuş kitab haqqında fikirlərini söyləyiblər.

Sonda şəhidin atası Əmirsoltan Abdullayev kitabın çapında əməyi olan hər kəsə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xədicə RƏHMAN

 





17.01.2018    çap et  çap et