525.Az

"UNEC-də imtahanlar çox şəffaf keçirilir"


 

UNEC İCTİMAİ NƏZARƏT ŞURASININ ÜZVLƏRİ İMTAHAN PROSESİNİ İZLƏYİB

"UNEC-də imtahanlar çox şəffaf keçirilir"<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyası davam edir.

UNEC İctimai Nəzarət Şurasının üzvləri İqtisadiyyat, Texnologiya və dizayn, Rus İqtisad Məktəbinin imtahan prosesini izləyib.

Test üsulu ilə keçirilən imtahanlara hər qrup üzrə 1 məsul şəxs, 2 nəzarətçi, 1 dekan müavini nəzarət edib. Şəffaf keçirilən imtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Tələbələr də çox sərbəst və rahat şəkildə, stress, həyəcan keçirmədən sualları cavablandırıblar. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb.

Şura üzvləri imtahanların təşkilini yüksək qiymətləndiriblər. Tələbələrin sərbəst şəkildə imtahan suallarını cavablandırmasını, nizam-intizam qaydalarına əməl olunduğunu, o cümlədən, imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.

UNEC İctimai Nəzarət Şurasının üzvü, "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyevin dediyinə görə, UNEC-də imtahanlar çox şəffaf keçirilir. UNEC İctimai Nəzarət Şurası üzvlərinin mütəmadi olaraq apardığı yoxlamalar da bunu bir daha təsdiq edir: "Şura üzvləri mütəmadi olaraq imtahanlara nəzarət edir, prosesi yaxından izləyirlər. İmtahanda nəzarətçi qismində iştirak edən hər bir müəllim, tyutor və digər məsul şəxslər prosesə müdaxilə etmir. Tələbələr sualları rahat, sərbəst şəkildə cavablandırır".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə  Qrupun üzvü Əliməmməd Nuriyev UNEC-də qış imtahan sessiyasının ümumən obyektiv və şəffaf təşkil edildiyini bildirib: "Biz daim imtahan prosesini izləyir, gedişatla yaxından tanış oluruq. Ümumi vəziyyət bizi qane edir".

Şura üzvləri qiyabi təhsil alan tələbələrin dərs prosesində də iştirak ediblər. Tələbələrə İctimai Nəzarət Şurasının üzvləri və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, tələbələr təhsil prosesi və imtahanlarda qarşılaşdıqları bütün neqativ hallar barədə şuraya istənilən vaxt müraciət edə, eyni zamanda, "Açıq qapı" günlərində onlarla görüşə bilərlər.

Qeyd edək ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib.  Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri "Açıq qapı"lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyib.

Həmçinin, şura üzvləri təhsil sahəsində fəaliyyət göstərən hər hansı QHT-nin iqtisadyönümlü ixtisas fənləri üzrə yazılı keçirilən imtahanlar ilə əlaqədar anonim sorğu keçirilməsini təşkil edəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə imtahan komissiyası yaradılıb. Komissiya sessiya müddətində yaranan problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edir, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilən nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görür. Tələbələrin sorğuları operativ olaraq "UNEC imtahan" “Facebook” səhifəsi ilə də cavablandırılır.

Bu il də universitetin "Qaynar xətt" (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.

Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinlənilir, problemlər operativ araşdırılır və cavablandırılır.

S.QARAYEVA

 





17.01.2018    çap et  çap et