525.Az

Müqəddəs borc


 

Müqəddəs borc<b style="color:red"></b>

Bu hadisə 10 il bundan əvvəl baş verib. Yaşadığım ərazi sərhəd bölgəsində yerləşir.Bu ərazidə iki sərhəd hərbi hissəsi var. Bu hərbi hissələrdə xidmət göstərən sərhədçilər vaxtaşırı rayon əhalisilə yaxın münasibətdə olurlar.

Məlumdur ki, qonşu dövlətin bir qrup adamları tərəfindən narkotik maddələrin gətirilməsi vaxtaşırı baş verir. Bunun qarşısı sərhədçilər tərəfindən alınır. Lakin elə olur ki, narkotik daşıyıcıları qrup halında gəlir və bunun nəticəsində silahlı insident baş verir ki, bu zaman həm sərhədçilər, həm də narkotik daşıyıcıları arasında yaralananlar olur, bəzən hatta ölüm halları baş verir. Belə hallarda sərhədçilər arasında yaralananları Mərkəzi Rayon Xəstəxanasına gətirirlər.

Həmin hadisə isə belə olmuşdu: Səhər saat 5:00 idi. Mərkəzi Rayon Xəstəxanasının baş həkimi zəng edib bildirdi ki, təcili xəstəxanaya gəl, 3 sərhədçi ağır yaralanmış halda xəstəxanaya gətirilib.

Mən təcili xəstəxanaya getdim və sərhədçiləri müayinə edib yoxladım. Məlum oldu ki, onlar sərhəddi pozan narkotik daşıyıcıları tərəfindən odlu silahla açılmış atəş nəticəsində yaralanıblar. Vəziyyət ağır idi. Təcili olaraq ilkin yardım göstərildi. Xəstəxananın lazım olan bütün işçiləri xəstəxanaya gətirildi. Hər 3 xəstə üzərində cərrahiyyə əməliyyatı aparıldı.

Birinci xəstə –döş qəfəsindən yaralanmışdı. Atılmış atəş nəticəsində döş qəfəsinin sol tərəfindən keçən güllə  ağciyəri yaralamış, daxili qanaxma baş vermişdi.Xəstə üzərində təcili cərrahiyyə əməliyyatı –torokotomiya edildi. Qanaxma dayandırıldı. Başlanmış əməliyyat uğurla başa çatdırıldı və  o, iki gündən sonra hərbi hospitala göndərildi.

İkinci xəstə –qarın boşluğunun güllə yaralanması ilə təcili laparatomiya edildi. Müayinə zamanı qaraciyərin yaralanması, köndələn çənbağırsağın deşilməsi, müsariqənin yaralanması aşkar edildi. Yaralara uyğun olaraq əməliyyat edildi və o, iki gündən sonra hərbi hospitala göndərildi.

Üçüncü xəstədə –sağ budun yuxarı hissəsində güllə yarası qanaxması  üzrə cərrahiyyə əməliyyatı aparıldı. Yara təmizləndi və sarğı edildi. İki gündən sonra o da hərbi hospitalına göndərildi.

Bu bir gündəlikdir. Mən 50 ildən çoxdur ki, vaxtaşırı olaraq, sərhəddə xidmət göstərən hərbçilərə lazım olanda tibbi xidmət göstərir və vəzifə borcumu yerinə yetirirəm.

Bu gün də bu xidməti layiqincə davam etdirirəm.

Ulu öndərimiz Heydər Əliyev sərhəd və sərhədçilər haqqında demişdi: “Hər bir ölkənin, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun sərhəddi və bu sərhəddin toxunulmazlılığıdır.”

Bu gün Azərbaycanın Dövlət sərhədləri sərhədçilərimiz tərəfindən mərdlikiə qorunur,ona əl uzadan düşmənə layiqli cavab verilir.

Məqalə “Azərbaycan Respublikasının Dövlət sərhəd xidməti Azərbaycan sərhəd mühafizəsinin 94–cü ildönümü münasibətilə müsabiqə” üçün yazılıb.

Əyyub Məmmədov

 





14.06.2013    çap et  çap et