525.Az

Ankara düyməyə basdı: ordu Afrin əməliyyatına hazırlaşır


 

"VAŞİNQTONUN 30 MİN KÜRDÜ SİLAHLANDIRIB SƏRHƏDDƏ YERLƏŞDİRMƏ İSTƏYİ TÜRKİYƏNİN ƏRAZİ BÜTÖVLÜYÜNƏ TƏHDİDDİR"

Ankara düyməyə basdı: <b style="color:red">ordu Afrin əməliyyatına hazırlaşır</b>

"Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti hərbi müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır. Vaşinqtonun 30 min kürdü silahlandırıb sərhəddə yerləşdirmə istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu məsələdə iki sual ciddi maraq doğurur:

"Birincisi, Türkiyə ordusunun hücumu ötəndəfəki kimi uğurlu alınarsa, buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Ankara əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkincisi isə Türkiyə ordusunun Afrini nəzarət altına alma planını Rusiya necə qarşılayacaq? Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oyun oynayır.

Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Habelə, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boyu Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı Rusiya Xarici İşlər Nazirliyi baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir".

Ceyhun ABASOV

 





18.01.2018    çap et  çap et