525.Az

Dövlət Departamentinin mövqeyi qeyri-obyektivdir


 

"ABŞ-ın AZƏRBAYCANI TERROR RİSKİ DAŞIYAN ÖLKƏLƏR KATEQORİYASINA DAXİL ETMƏSİ MƏNTİQƏ SIĞMIR"

Dövlət Departamentinin mövqeyi qeyri-obyektivdir<b style="color:red"></b>

ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski daşıyan ölkələr kateqoriyasına aid etməsi ölkə ictimaiyyətinin təəccübünə səbəb olub.

Azərbaycan, paytaxt Bakının dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi, ayrı-ayrı sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq edən məkan kimi müsbət imic qazanması bütün dünyada böyük rəğbətlə qarşılandığı, dövlətimizin "Sabitlik adası" kimi ad qazandığı halda Birləşmiş Ştatların amerikalı turistlər üçün tövsiyyə xarakterli bu çağırışı təəssüf doğurub.

Halbuki, NATO-Rusiya generalları arasında görüşün ardıcıl olaraq üçüncü dəfə Bakıda keçirilməsinə qərar verilməsi beynəlxalq ictimaiyyətin, o cümlədən, böyük dövlətlərin Azərbaycana yüksək etibar və etimadının bariz sübutu kimi qiymətləndirilir. Keçən ilin fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford, sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Bakıda bir araya gələn Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu dəfə, yanvar ayının sonlarında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti ilə görüşəcək.

Balanslı siyasət kursu yürüdən Azərbaycan müxtəlif ölkələr, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yürütmək, irimiqyaslı layihələr həyata keçirməklə öz nüfuzunu daha da artırıb, etibarlı tərəfdaş imicini yüksək səviyyəyə qaldırıb. Ona görə də, son vaxtlar ayrı-ayrı güc mərkəzləri də öz aralarında olan problemləri həll etmək, münasibətlərin yeni xəttini müəyyənləşdirmək üçün dünyada unikal dialoq məkanı kimi tanınan Bakıya üz tuturlar. Ancaq bu yaxınlarda ABŞ Dövlət Departamentinin dövlətimizi terror riski daşıyan ölkələr kateqoriyasına aid etməsi onu göstərir ki, bəzi ölkələrdə Azərbaycanın əldə etdiyi bu uğurlar qısqanclıq, narahatlıqla qarşılanır. Yox, əgər bu, ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsi olan Dağlıq Qarabağda hazırda mövcud olan separatçı, terrorçu mahiyyətli rejimlə bağlıdırsa, bunu açıq şəkildə ifadə etmək lazımdır. Hərçənd, ABŞ bu məsələni ayrıca bənd kimi təqdim etməklə söhbətin təkcə Dağlıq Qarabağdan getmədiyinə eyham vurmağa çalışıb.

Azərbaycana səfər edən Amerika vətəndaşlarına tövsiyə xarakterli çağırışda qeyd olunub ki, terror təhlükəsi ilə əlaqədar Azərbaycanda bəzi risklər yaranıb. Xüsusən, terrorçu qrupların Azərbaycanda turizm, nəqliyyat, ticarət, dövlət, idman və mehmanxana obyektlərinə hücumlar planlaşdıra biləcəyi deyilir. Buna görə amerikalılar ehtiyatlı olmalıdır. Bundan başqa, Dövlət Departamenti Dağlıq Qarabağa və cəbhə xəttinə bitişik ərazilərə səfər etməməyi tövsiyə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini qəbul etmir.

Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir: "Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən, ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibliyi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

Bildirilib ki, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır.

Rusiya Xarici İşlər Nazirliyi də bu məsələdən kənarda qalmayıb. ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski daşıyan ölkələr kateqoriyasına daxil etməsini şərh edən nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycana getməməyi bu ölkə haqqında hər hansı təsəvvürü olmayan insanlar tövsiyə edə bilər: "Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəxalq tədbirlər keçirib. Bunu Bakıda heç vaxt olmayan insan yaza bilər. Mən dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycana səfər edən biri kimi deyə bilərəm ki, turistlərə bu ölkəyə getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır".

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Birləşmiş Ştatlar hər il analoji hesabatlar dərc edir: "ABŞ-da terrorizmin səviyyəsi ilə bağlı müxtəlif yanaşmalar var. Dövlət Departamenti hazırda hansı ölkələrdə terror riskinin olması ilə bağlı məsələlərə qiymət verib".

Deputat hesab edir ki, Birləşmiş Ştatların bu məsələdə Azərbaycanla bağlı yanaşmasını təhlil etməyə, araşdırmağa ciddi ehtiyac var: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu o deməkdir ki, Birləşmiş Ştatlar Ermənistanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini də Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi olduğunu qəbul edir. Belə olan təqdirdə Dövlət Departamentinin Azərbaycanda terror riski ilə bağlı mövqeyində müəyyən həqiqətlər var. Çünki Dağlıq Qarabağda mövcud olan rejim terrorçulardan ibarətdir. Həmin rejim tərəfindən Azərbaycana qarşı da müəyyən vaxtlarda çox ciddi təxribatlar həyata keçirilir. Bu məntiqlə yanaşdıqda Dövlət Departamentinin mövqeyini anlamaq mümkündür".

E.Nəsirov bildirib ki, Azərbaycan ərazisinə, xüsusilə kimlərsə ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsi olan Dağlıq Qarabağa qeyri-qanuni daxil olmaq istəyirsə, onlar bilməlidirlər ki, ora terrorizm yuvasıdır, ciddi təhlükə mənbəyidir.

Deputatın sözlərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycanda terror riski ilə bağlı mövqeyində bu amili önə çəkmək lazımdır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski daşıyan ölkələr kateqoriyasına daxil etməsi məntiqə sığmır: "Bu, Azərbaycana qarşı heç bir əsası olmayan yanaşma tərzidir. Çünki ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanda çox mühüm qlobal tədbirlər keçirilir. Həmçinin, ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla bu yaxınlarda Bakıda görüşüblər".

E.Mirzəbəyli bildirib ki, Avropanın - nəhəng geosiyasi məkanın enerji təhlükəsizliyində böyük rol oynayan Azərbaycanın təhlükəsizliyi haqda mənfi fikirlər səsləndirmək absurd bir yanaşma tərzidir: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən böyük layihələrdə Birləşmiş Ştatların şirkətləri də iştirak edir. Bu baxımdan, belə yanaşma tərzi bütövlükdə nə mövcud reallığa, nə regionda həyata keçirilən layihələr, nə də Azərbaycanın regional, qlobal proseslərdəki roluna uyğun gəlir".

"İki Sahil" qəzetinin baş reaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə isə bildirib ki, Birləşmiş Ştatların Azərbaycanda terror təhlükəsinin mövcud olması ilə bağlı çağırışı təəssüf doğurur: "Bu, reallığı özündə əks etdirmir".

V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan dünyada "Sabitlik adası" kimi tanınır: "Dövlətimiz 27 illik müstəqillik tarixində kifayət qədər uğurlara imza atıb. Bunların mərkəzində isə mövcud siyasi sabitlik dayanıb. Əgər, Azərbaycan siyasi sabitlik mövcud olmasaydı, ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda görüşmək istəməzdi".

Baş redaktor deyib ki, Azərbaycana ən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkə rəsmiləri tez-tez səfər edir: "Çünki ölkəmiz dünyada ən sabit, təhlükəsiz ölkələrdən biridir". Onun sözlərinə görə, hazırkı dövrdə Amerikada demək olar ki, hər gün terror hadisələri baş verir, dini və irqi zəmində cinayət hadisələri törədilir: "Əlbəttə ki, bütün bunlar təəssüf doğurur. Biz istəməzdik ki. dünyanın hansısa yerində bu cür hadisələr baş versin".

V.Rəhimzadə hesab edir ki, özünü "demokartiya beşiyi" adlandıran ABŞ-ın Dövlət Departamentinin Azərbaycana qarşı qərəzli, həqiqəti əks etdirməyən fikirlər səsləndirməsi təəssüf doğurur: "Dövlət Departamentinin mövqeyi qeyri-obyektivdir. Bu, Azərbaycana qarşı olan bəzi qüvvələrinin təsiri altında səslənən fikirlərdir".

Ceyhun ABASOV

 





18.01.2018    çap et  çap et