525.Az

Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığı müqayisə müstəvisində


 

Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığı müqayisə müstəvisində<b style="color:red"></b>

Böyük şair-ozan Yunis İmrə Türkiyədə, Mərkəzi Anadoluda – Əskişəhərin Sarıköy kəndində dünyaya göz açıb. Türkiyədə bu şəhər həm də şeir-sənət ocağının məbədi sayılır. Hər il burada may ayının əvəllərində Yunis İmrə günləri keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn şairlər şeirlərini oxuyur, böyük ozanın Sarıköydəki məzarını ziyarət edirlər.

Bu şəhərdə Azərbaycan şairlərinə də böyük sevgi var. “Müasir Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığında dünyəvi mövzuların müqayisəsi” adlı kitabın Əskişəhərdə nəşr olunması buna bariz nümunədir. Kitabın müəllifi Bakı Dövlət Universitetinin yetirməsi – Əskişəhər Osman Qazi Universitetinin professoru Tamella Əliyevadır. Tamella Əliyeva neçə illərdir ki, dünyanın müxtəlif ölkələrindən bu universitetə təhsil almağa gələn gənclərə Azərbaycan ədəbiyyatını və folklorunu tədris edir. Azərbaycan ədəbiyyatının Türkiyə və Şərqi Avropada tanıdılmasında faydalı işlər görür. Bir neçə ədəbi-bədii jurnalın redaksiya heyətinin üzvüdür. Azərbaycan ədəbiyyatı haqqında çoxsaylı məqalələr yazmış, beynəlxalq konfranslarda çıxış edib. O, elmi-pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan şairlərinin kitablarını türk, türkiyəli şairlərin əsərlərini Azərbaycan dilinə çevirərək nəşr etdirir, gəncliyindən yaradıcılığının ayrılmaz hissəsi olan jurnalistika ilə məşğul olur – “Azərbaycan” qəzetinin Türkiyə üzrə təmsilçisidir.

Hər iki ölkənin sevilən yazıçı və şairlərinin həm o ölkədə, həm bu ölkədə tanınmasına və təbliğinə böyük önəm verir. Professorun yeni nəşr olunan kitabı  bu ədəbi əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir. Kitabda Azərbaycanın Xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz və Nəriman Həsənzadənin yaradıcılığına geniş yer verilib. Onların Vətən, təbiət və sevgi şeirləri Türkiyəli şairlər Feyzi Halıcı, Muharrem Kubat və Abdullah Satoğlunun bu mövzuda yazılmış şeirləri ilə müqayisə edilib.  “Bu əsərlər neçə əsrlər bundan sonra da, həyat və sevgi olarsa, yaşayacaqdır” qənaətində bulunan müəllifə görə bunlar haqqın səsi, dövrün nəfəsidir.

Kitab “Giriş”, “Çağdaş türk şeiri (1960-1990-cı illər)”,  “Çagdaş Azərbaycan şeiri (II Dünya müharibəsindən sonra – 1960 – 1990-cı illər)”, “Türkiyə şairləri F.Halıcı, M.Qubat, A.Satoğlu”, “Azərbaycan şairləri B.Vahabzadə, M.Araz, N.Həsənzadə”, “Çağdaş Azərbaycan və Türkiyə şairlərinin yaradıcılığındakı dünyəvi mövzuların müqayisəsi” və “Nəticə” adlı yeddi bölümdən ibarətdir.

Tədqiqatçı 1960–1990-cı illərdə yazılmış bir çox şeirlər üzərində araşdırma apararkən hər iki ölkədə o dövrdə yazıb-yaradan şairlərin əsərlərini bir-bir incələyərək,  maraqlı elmi nəticələrə nail olmuşdur.  Müəllifin fikrincə, türkiyəli şairlər müstəqil azad ölkədə yaşadıqlarından, mövzuları istədikləri kimi işləyə biliblər. Ancaq Azərbaycan sovet imperiyasının əsarəti altında olduğundan,  senzura buna imkan verməyib.

Bununla belə, Azərbaycan şairləri senzura altında yazıb-yaratsalar da, hər zaman Vətənlərinə ən gözəl sözlərdən şeir çələngi hörmüşlər. Heç bir hədə onları qorxutmamışdır, onlar istər Vətən, istərsə də təbiət mövzulu şeirlərində Vətənlərini hədsiz dərəcədə sevdiklərini, onun təbiətinin gözəliklərindən ilham aldıqlarnı dönə-dönə dilə gətirmişlər. Türkiyəli şairlər bu mövzuları açıq-aşikar qələmə almışlar Azərbaycan şairləri bunları məcazi yolla, məkanı və zamanı dəyişərək vəsf etmişlər.

Azərbaycan və Türkiyə şairlərinin Vətən mövzulu şeirlərində həm bənzər, həm də fərqli cəhətlər vardır, amma təbiət və sevgi şeirlərində bənzərlik çox, fərqlilik azdır. Müəllif bu fərqliliklər sırasında Xalq şairi Məmməd Arazın

Azərbaycan!
qayalarda bitən bir çiçək,
Azərbaycan!
çiçəklərin içində qaya... 

fəlsəfi anlamlı misralarını müqayisə müstəvisinə çıxarmaqla, həm də Azərbaycan dilinin şirinliyini, şəhdi-şəkərini türkiyəli oxuculara daddıra bilib. Müəllif hər iki ölkə şairlərinin əsərlərindəki “oxşarlıqlara”, “fərqliliklərə” beləcə aydınlıq gətirərək elmi yolla əsaslandırıb ki, yetmiş il müstəmləkə altında yaşayan, yeraltı və yerüstü sərvətləri talan edilən ölkənin şairlərinin şeirləri, əlbəttə ki, azad ölkənin şairlərinin əsərlərindən fərqli görünə bilər.

Tədqiqat zamanı azərbaycanlı ədəbiyyatşünas alim və yazıçıların, eləcə də Rusiyadan V.Belinskinin, V.Jirmunskinin, N.Konradın, Y.Boqatın və Roma Universitetinin professoru A.Masalanın əsərlərindən əsaslı şəkildə istifadə olunub. Müəllifin Türkiyədə çalışan qarşılaşdırmalı-müqayisəli ədəbiyyat üzrə bir çox alimlərin, o cümlədən professor Gürsel Aytaçın, Kamil Aydının, Hüseyin Arakın, Yavuz Bayramın, Midhat Encin, Berna Moranın, Mesut Tekşanın əsərlərinə müraciəti tədqiqata uğurlu çalarlar gətirib. Ümumiyyətlə, müəllif müxtəlif ölkələrin arxiv materiallarına, qədim məxəzlərə, mənbələrə, qəzet-jurnal məqalələrinə, habelə Türkiyə, Azərbaycan, Rusiya, İtaliya və başqa ölkə alimlərinin əsərlərinə istinadən müqayisələrini və müdaxilələrini yüksək səviyyədə əsaslandıraraq ümumiləşmələr aparıb, elmi yeniliklərə nail ola bilib.

Oxucular tərəfindən maraqla qarşılanan “Müasir Türkiyə-Azərbaycan şairlərinin şeirlərində dünyəvi mövzuların qarşılaşdırılması” (müqayisəsi)” kitabının Əsgişəhər şairlər dərnəyində təqdimat mərasimi keçirilib. Mərasimdə Əskişəhər Osman Qazi Universitetinin  professorları Xəlil Buttanrı və Müzəyyən Buttanrı, Anadolu Universitetinin professoru Rəfail Qasımbəyli, dossent Nərgiz Qasımbəyli, professor Vaqif Cəfərli, professor Məmmədağa Məmmədli, şairlərdən Muharrem Kubat, İbrahim Sağır, Ahmet Urfalı, Qazi Durusu çıxış edərək kitabın əhəmiyyəti haqqında danışıblar. Kayseri və Tokat şairlər dərnəyində, habelə İzmirdə – Doqquz Eylül Universitetində də kitabın təqdimat mərasimi olub. Yəqin ki, hər iki ölkənin elm və təhsil ocaqlarının işçiləri, tələbələr, magistrantlar, tədqiqatçılar və oxucular  “Müasir Türkiyə və Azərbaycan şairlərinin şeirlərində dünyəvi mövzuların qarşılaşdırılması” kitabından lazımınca faydalana biləcəklər.

Rəhman SALMANLI
Filologiya üzrə fəlsəfə doktoru

 





14.06.2013    çap et  çap et