525.Az

Deputat 13 yaşlı qızın ölümünə səbəb olan gəncin müdafiəsinə qalxdı


 

Deputat 13 yaşlı qızın ölümünə səbəb olan gəncin müdafiəsinə qalxdı<b style="color:red"></b>

Milli Məclisin Qubadan seçilən deputatı Yevda Abramov idarə etdiyi avtomobillə iyunun 9-da Azadlıq meydanında 13 yaşlı paytaxt sakini İsmayılova Tahirə Ələkbər qızını vurub öldürən Əbil Zeynalovun müdafiəsinə qalxıb.

Günlərdir mətbuatın gündəmindən düşməyən hadisəyə münasibət bildirən Y.Abramov "modern.az"-a açıqlamasında Quba rayonundan olan yəhudi əsilli Ə.Zeynalovun törətdiyi qəzanın ictimailəşdirilməsindən və siyasiləşdirilməsindən şikayət edib.

Deputat bildirib ki, Ə.Zeynalovun milliyətcə yəhudi olması qəza ilə bağlı məsələdə hallandırılmamalıdır.

“Bu bir qəzadır, faciədir. Buna siyasi don geyindirmək, milli don geyindirmək bizə yaraşmaz. Qəza elə şeydir ki, nə milliyyətə baxır, nə də yaşa. Qəzadır da olub, o da cavab oğlandır, gözəl gələcəyi var. Kim istəyər ki, insan həyatına son qoyub həbsxanaya düşsün? Mən onun ailəsini də tanıyıram. Həmin oğlan Bakıda anadan olub, əsli Qubadandır. Bu o demək deyil ki, əslən qubalı olan qəza törətməlidir? Mən də onun ailəsinin dərdinə şərikəm”, - deyə Y.Abramov bildirib.

Millət vəkili Yevda Abramov Ə.Zeynalovun atası Abbas Zeynalovu yaxından tanıdığını bildirib. Deputatın sözlərinə görə, Abbas Zeynalov Azərbaycan dövlətinə bağlı adam olduğu üçün o da bu hadisədən böyük sartsıntı keçirib.

“Onun atası çox gözəl insandır. Gözəl həkim olmaqla yanaşı, həm də Azərbaycan dövlətini sevən bir insandır. Xoşməramlı səfirdir. Hər adama belə bir titul verilmir. Bu hadisə onun üçün də ağır zərbə oldu. O da dərdini ailə üzvləri ilə bir yerdə çəkir. O uşaq nabələd sürücü olmayıb. Sürücülük məktəbini öz savadına bitirib. Qəza olub, başqa nə etmək olar ki? Gərək olmayaydı, olubsa da nə etmək olar?”.

Qeyd edək ki, iyunun 9-da paytaxın Azadlıq meydanında baş verən bu hadisə günlərdir mətbuatın gündəmindən düşmür. Əslən Quba rayonundan olan yəhudi əsilli Əbil Zeynalov idarə etdiyi 190 min manatlıq “Mercedes Gelandwagen” markalı avtomobillə 13 yaşlı paytaxt sakini İsmayılova Tahirəni vurub. Hadisə zamanı tutulan 19 yaşı sürücünün daha sonra sərbəst buraxılması vəziyyəti daha da qəlizləşdirib və sosial şəbəkələrdə, etirazlara səbəb olub. Lakin sonradan DİN-dən ANS-ə bildirilib ki, Əbil Zeynalpv saxlanılıb.

İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən baş verib.

Ə.Zeynalovun atası Abbas Zeynalov Qubanın imkanlı şəxslərindəndir. Milliyyətcə yəhudi olan Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimədir. Zeynalovlar Qubada yaşayır.

 





14.06.2013    çap et  çap et