525.Az

Erməni-abxaz qarşıdurması: ermənilərin "mədəni muxtariyyət" və ərazi tələbləri


 

Erməni-abxaz qarşıdurması: <b style="color:red">ermənilərin "mədəni muxtariyyət" və ərazi tələbləri</b>

XX əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçılıq hərəkatına başçılıq edən erməni təşkilatı "Krunq'' indi də BMT-nin qanunvericiliyinə əsasən Gürcüstanın ərazisi hesab olunan Abxaziyada "ermənilərin milli-mədəni muxtariyyəti''nin yaradılması ilə əlaqədar müraciət yayıb.

Müraciətdə deyilir: "Abxaziya dünyanın kiçik, lakin çoxmillətli ölkələrindən biridir. Qədim zamanlardan erməni əhalisi Abxaz dövlətinin təşəkkülündə fəal iştirak etmişdir. Abxaziyadakı ermənilər öz qonşuları olan abxazlarla Bizans imperiyasına, ərəblərə və Türkiyəyə qarşı vuruşmuşlər. Biz ermənilər Abxaziyanın sərhədlərini Suram Kedaya qədər genişləndirmişik. Rusiya imperiyası dövründə bizim hüquqlarımız pozulmuş, əhalimizin mədəni inkişafına mane olunmuş, erməni dilində məktəblərin açılmasına qadağa qoyulmuşdu. Ona görə də burada erməni kilsələrinin tikilməsi də qeyri-mümkün olmuşdur''. Müraciətdə həmçinin bildirilir ki, erməni əhalisi "gürcü faşizmi'' ilə mübarizədə fəal iştirak etmişdir. "Minlərlə erməni Abxaziyanın qəhrəmanına çevrildi, lakin onlar ölkənin müstəqilliyindən sonra yeni abxaz faşizmi ilə üz-üzə qaldılar'' [1]. "Böyük və əməksevər erməni əhalisi hələ də abxaz hökümətinin basqısına məruz qalır. Qubernatorlar Abxaziyadakı erməni əhalisinin sayını azaltmağa çalışır, bizə kilsə tikmək imkanı vermir, erməni məktəblərinin, teatrlarının, mədəniyyət mərkəzlərinin tikintisinə yol vermirlər'' [1] – deyə sənəddə qeyd edilib. Həmçinin bildirilir ki, "Yerli xalqların milli mədəni muxtariyyətə malik respublika elan etmək hüququ vardır'' [1].

Milli-mədəni muxtariyyətin yaradılmasında əsas məqsəd ermənilərə xarici və daxili ticarətdə azad qərarlar qəbul etmək, siyasi məsələlərlə bağlı sərbəst şəkildə müqavilələr bağlamaq hüququ verilməsinə, onların milli kimliyinin qorunmasına, erməni dilinin, mədəniyyətinin inkişafına, erməni gənclərinin təhsil almaq hüququnun reallaşmasına nail olmaqdır. Sənəddə həmçinin bir məqam da vurğulanıb ki, ermənilər Abxaziyada yaşayan milli azlıq hesab olunmadıqlarından belə bir muxtariyyətin tələbi qənaətbəxşdir və onlar Qulripş, Oçamçir, Tkvarçeli rayonlarının muxtariyyətini tələb edirlər. Qeyd etmək lazımdır bu müraciət Abxaziya parlamentində erməni deputatları L.Qallustiyan və R.Yailiyan tərəfindən müzakirəyə çıxarılacaq.

Bugünlərdə artıq de-fakto olaraq Abxaziyada erməni-abxaz qarşıdurması baş verməkdədir. Ermənilər separatçılıq fəaliyyətlərini daha da gücləndirir, Abxaziyanın daxili işlərinə fəal şəkildə müdaxilə edirlər.Bunu işğal olunmuş Abxaziyanın "Ayidgilara'' təşkilatının sədri Aydemir Xişba da təsdiq edir. O, kavkazplus.com saytına verdiyi müsahibəsində Abxaziyada yaşayan erməniləri respublikanın daxili işlərinə fəal şəkildə qarışmaqda günahlandırır. "Abxaziyanın müstəqilliyi uğrunda mübarizədə buradakı ermənilər fəal iştirak edirdilər. O zaman onlar etnik gürcülər və meqrellərə qarşı amansız rəftar edirdilər'' [2] – deyə Xişba qeyd edir. Sədrin sözlərinə görə, "yerli'' abxazların fikrincə, ermənilər Abxaziyanın müstəqilliyi uğrunda "mübarizə'' aparıblar. "İndi onların əsil iç üzü açılıb. Abxaziyadakı ermənilər bütün iqtisadi fəaliyyət sahələrini ələ keçirməklə dövlət şirkətlərini idarə edirlər'' [2] – deyə Xişba qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, Abxaziya parlamentinin erməni deputatları işğal olunmuş ərazinin siyasətinə fəal qarışır, Gürcüstan vasitəsilə Abxaziya ilə Rusiya arasında dəmiryolunun çəkilməsini dəstəkləyirlər. "Abxaziyanın siyasi qüvvələri bu məsələyə qarşı çıxmalarına baxmayaraq "Abxaz Dəmiryolu Konsorsiumu'' adlı layihə mövcuddur ki, bu layihə vasitəsilə Abxaziyadakı ermənilər bütün dəmiryolunun Moskva iş adamlarının əlinə keçməsinə çalışırlar'' [2]. Xişba hesab edir ki, ermənilər Abxaziyada bu planı həyata keçirmək üçün lazımi məqamın gəlməsini gözləyirlər. Əhalinin sayına görə, bu gün yerli abxazlara nisbətən ermənilərin sayı daha artıqdır. "Ayidgilara'' təşkilatının sədri Aydemir Xişba deyir ki, hazırda Abxaziyada 100 min erməni yaşayır, abxazların sayı isə gündən-günə azalmaqdadır. "Biz "Ayidgilara''nın üzvləri abxazlara əvvəlcədən xəbərdarlıq etmək istəyirik ki, ermənilər həmişə Qara dəniz sahillərinə can atmaq istəyiblər və onlar indi bu məqsədlərinə daha yaxındırlar. Artıq Abxaziyanın daxili siyasətində erməni faktoru var. Nəyə görə biz özümüz üçün mübarizə aparmayaq? Sizə elə gəlmirmi ki, Abxaziyada abxazlara nisbətən ermənilərin məktəbi sayca daha artıqdır? Artıq abxazların bu məsələ ilə bağlı lazımi addım atmağının vaxtı gəlib çatmışdır'' [2] – deyə Aydemir Xişba qeyd etmişdir.

''Кавказ'' qəzeti bildirir ki, müharibədə gürcülərə qarşı 1992-1993-cü illərdə fəal iştirak etmiş Baqramyan batolyonunun əsas məqsədi Abxaziyada erməniləri kütləvi şəkildə yerləşdirmək olmuşdur.

Newtimes.az
Vahid Ömərov
AMEA Qafqazşünaslıq İnstitutu Gürcüstanşünaslıq şöbəsinin müdiri

 





19.01.2018    çap et  çap et