525.Az

Dağlıq Qarabağ – narkotikanın məkanına çevrilən Azərbaycan torpaqları


 

Dağlıq Qarabağ – narkotikanın məkanına çevrilən Azərbaycan torpaqları<b style="color:red"></b>

ERMƏNİLƏRİN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİMİZDƏKİ NARKOTİKA QAÇAQMALÇILIĞINA DÜNYA İCTİMAİYYƏTİ GÖZ YUMMAMALIDIR 

Narkotika vasitələrindən hər il təxminən 400 milyarda yaxın ABŞ dolları civarında gəlir əldə edilir. Bu gün bu göz qaraldan rəqəm milyonlarla insanın həyatı hesabına qazanılır. Təəssüf ki, müasir dünya yalnız bəşəri ideya və dəyərlərin deyil, elə insanlığın özünün mövcudluğunu şübhə altına alan yeni qlobal təhlükələrlə üzləşib. XXI əsr yalnız terrorla deyil, həm də beynəlxalq terrorçuluğu qidalandıran bütün təhlükəli təzahürlərlə müharibə əsridir. Və bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beynəlxalq şəbəkənin zərərsizləşdirilməsi ən əsas və prioritet məqsədlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, son 12 ay ərzində planetimizin ümumi əhalisinin 3 faizi, yəni təxminən 15-64 yaş arasında 185 milyon insan narkotikdən istifadə edib. Bu gün 200 milyondan çox insan “narkomaniya” adlı xəstəliyə tutulub və elə bunun nəticəsidir ki, beynəlxalq narkobiznesin illik gəliri məhz təxminən həmin 400 milyard dolları təşkil edir.

Təəssüflər olsun ki, narkoterror təhlükəsi Azərbaycandan da yan keçməyib. Müstəqilliyinin 22-ci ilini yaşayan, geosiyasi və geoiqtisadi maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar şəbəkələrin daim maraq dairəsində olub. Bu, eyni zamanda xaricdəki narkobaronlar tərəfindən “ağ ölüm”ün istehsalçıdan istehlakçıya çatdırılması üçün Azərbaycanın ən qısa və ən ucuz yol kimi qiymətləndirilməsi ilə bağlıdır. Və bu gün artıq faktdır ki, öz məkrli niyyətlərini həyata keçirmək üçün beynəlxalq narkosindikat bir neçə marşrutlardan istifadə etməklə buradan – Azərbaycanın ərazisindən həm tranzit ölkə, həm də əlverişli bazar kimi yararlanmağa cəhd göstərir.

Aparılan təhqiqatlara əsasən, Azərbaycana narkotik vasitələrin qanunsuz dövriyyəsindən irəli gələn təhlükə bir ucu Əfqanıstanda, bir ucunun isə Avropaya qədər uzandığı narkotrafikin mərkəzində yerləşməsi ilə əlaqədardır. Ötən 5 ilə ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri, eləcə də əldə edilmiş faktların təhlili Əfqanıstandan Azərbaycana, buradan isə Avropa və dünyanın digər ölkələrinə narkotiklərin daşınması işində kuryer qismində əksər hallarda İran vətəndaşları çıxış edir. Danılmaz faktdır ki, 2004-2009-cu illər ərzində Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 26 iranlı kuryer cinayət məsuliyyətinə cəlb olunub. Bundan əlavə, bir çox şahid ifadələri və sübutlar var ki, əksər hallarda İran vətəndaşları narkotiklərin Azərbaycana və ya ərazimizdən istifadə edərək başqa ölkələrə ötürülməsində iştirak edib, lakin planları pozulduqda məsuliyyətdən yayınmağa və İran ərazisində gizlənməyə müvəffəq olub.

Birləşmiş Millətlər Təşkilatının hesabatlarında bildirilir ki, son müşahidələr amfetamin qrupuna aid narkotiklərin yayılması probleminin daha da kəskinləşdiyini göstərir. Amfetamin qrupuna aid stimullaşdırıcılar  – yaxud “ekstazi”ləri az xərc çəkməklə praktiki olaraq hər yerdə istehsal etmək mümkündür. 1990-cı illərdən bəri aparılan təhqiqatlar göstərir ki, “ekstazi” dünyanın 60-dan artıq ölkəsində istehsal olunur. Və ildən-ilə istehsalçı ölkələrin siyahısı da genişlənməkdədir. 2007-ci ilin araşdırmalarının nəticələrinə görə ümumilikdə amfetamin qrupuna aid narkotiklərin istehsalı 230-640 metrik ton, “ekstazi” qrupuna aid narkotiklərin istehsalı isə təxminən 72-137 metrlik tona çatıb. Digər tərəfdən, bu növ narkotiklərin daşınması, yayılması, istehlakı o qədər də çətin olmadığından, xüsusən də gənclər arasında bu növ narkotiklərə aludəçilik hallarının gələcəkdə artma ehtimalının milli genefondu ciddi təhdid etdiyi şübhəsizdir. Azərbaycanda da “ekstazi” qrupuna aid narkotiklərin geniş yayılması hallarına qarşı mübarizə gücləndirilmişdir. 2008-ci ildə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində “ekstazi” qrupuna aid narkotiklərin ölkəmizə gətirilməsi, yayılması və satışı ilə məşğul olan bir qrup şəxs ifşa olunaraq yaxalanmışlar. Baxış zamanı onlardan 1000 ədəd narkotik vasitə olan “ekstazi” aşkarlanaraq götürülüb.

Narkobaronların istifadə etdiyi Azərbaycanın işğal olunmuş Qarabağ-İran-Azərbaycan-Rusiya, yaxud Avropa marşrutu  istiqamət mövcuddur ki, Azərbaycanın hakimiyyət orqanları bu kanala nəzarət etmək iqtidarında deyil, lakin bu istiqamətin həddindən artıq təhlükəli olması ilə bağlı narahatlığını yalnız rəsmi Bakı yox, həm də nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də ifadə edib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi və nəticə etibarilə Azərbaycan-İran sərhədlərinin 132 kilometrlik hissəsi Azərbaycanın nəzarətindən kənar zonada yerləşir. Bu gün işğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim fəaliyyət göstərir. İrandan Azərbaycan istiqamətində böyük həcmdə narkotik vasitələrin axınını, həmçinin separatçı rejimlərin ənənəvi olaraq əsasən narkotik maddə və silah alverindən əldə olunan gəlirlər hesabına yaşamasını nəzərə alaraq, işğal olunmuş ərazilərdə mövcud durumu təsəvvür etmək çətin deyil. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsidir ki, bu gün Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıqdır və etiraf etmək lazımdır ki, bu, həm MDB, həm Avropa və ümumilikdə, bütün dünya üçün çox böyük və ciddi təhlükədir.

Bundan əvvəl ayrı-ayrı cinayət işlərində Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktları var. Həmin ərazilərdən nəinki tranzit, habelə orada emal edildikdən sonra İran-Azərbaycan-Rusiya və Ermənistan-Gürcüstan marşrutları üzrə narkotiklərin Rusiyaya və Avropaya yayılması üçün istifadə olunur.

Hələ 2006-cı ildə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları  – Səfəri Azad Museyb oğlu və Səfəri Təzəxan Museyb oğlu İran vətəndaşı Lətif Mehriban (2007-ci ildə MTN tərəfindən tutulub) tərəfindən göndərilən 4 kiloqram heroini Azərbaycan ərazisinə keçirərkən yaxalanmış Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yaxalanmışlar. Onlardan, həmin narkotik vasitələri keçirmək üçün narkotacirlərdən aldıqları 12 min ABŞ dolları da aşkarlanmışdır. Müəyyən edilmişdir ki, Azad və Təzəxan Səfəri qardaşlarının Azərbaycan Respublikasının ərazisinə qaçaq yolla keçmələrini İran İslam Respublikasının Ərsalam Həlim adlı vətəndaşı təşkil etmişdir.

Azad Səfəri öz ifadəsində göstərmişdir ki, işğal olunmuş rayonlarda yerləşən xüsusi laboratoriyalarda narkotik vasitələr emal edildikdən sonra qonşu ölkələr vasitəsilə Avropaya ötürülür. O, İran vətəndaşları  – İsfəndiyar Azərniya və Rəhmət Həsənpur adlı şəxslərin təşkilatçılığı ilə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduğunu bildirmişdir. Azərbaycana qaçaq yolla gizli gətirilən narkotik vasitələrin – heroin, həşiş və tiryəkin əsasən Əfqanıstan və Pakistandan İranın Məşhəd, Xorasan və Lorestan bölgələrinə keçməklə daxil olur. Sonradan Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərinə aparılır. Xudafərin körpüsü vasitəsilə Füzuli, Cəbrayıl rayonlarına keçirilir və orada xammal xüsusi laboratoriyalarda emal edilir, hazır məhsul erməni hərbçiləri və narkomafiyaları tərəfindən Avropaya göndərilir. Azad Səfəri ifadəsində, həmçinin demişdir ki, o sonuncu dəfə tutulmamışdan təxminən 3 ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərə keçmiş və bütün dediklərinin orada şahidi olmuşdur. Hazırda həmin kanal vasitəsilə bu ərazilərə demək olar ki, bütün növ narkotiklər daşınır və emal olunur.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə İran İslam Respublikasından qaçaq yolla qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilmiş, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilb ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilmiş və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Belə ki, əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları – Bağırov Babək Surxay oğlu, Məhərrəmov Ramil Bayram oğlu və İran İslam Respublikasının vətəndaşı İbrahimi Əsgər Səxavət oğlu yaxalanıblar. Məlum olmuşdur ki, Babək Bağırov, Ramil Məhərrəmov, Əsgər İbrahimi və İran İslam Respublikasının digər vətəndaşı, Parsabad rayonunun Qaraqabaq kənd sakini Ərsalam Həlim qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib satış məqsədilə 8 kiloqramdan artıq həşişi və təxminən 7 kiloqram tiryəki, 9 kiloqram 500 qrama yaxın qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər.

Əsgər İbrahimi ifadəsində göstərmişdir ki, Ərsalam Həlim Azərbaycan Respublikasına aparmaq üçün İranda ona verdiyi qurudulmuş marixuananın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazilərində yetişdirildiyini bildirib. Belə ki, Ərsalam Həlim həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilərin əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verdiklərini vurğulayıb. O, həmçinin işğal olunmuş Qarabağ ərazilərində ermənilər tərəfindən yetişdirilmiş narkotik vasitələrin İran vasitəsi ilə Azərbaycana və başqa ölkələrə daşınaraq satıldığını deyib. Qrupun digər üzvü Babək Bağırov da analoji ifadələr verərək bildirmişdir ki, Ərsalam Həlim ona həmin marixuananın Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərində erməni zabitləri və əsgərləri tərəfindən yetişdirildiyini və sifarişlər əsasında erməni hərbçilərinin bu narkotik vasitələri İrana və oradan başqa ölkələrə göndərdiklərini deyib. Ərsalam Həlim erməni hərbçilərinə sifariş etdiyi marixuananın növbəti hissəsinin keyfiyyətini yoxlamaq məqsədilə Babək Bağırova İrana gəlməsini təklif etmiş və sonuncu bununla razılaşıb.

Faktlar bir daha göstərir ki, 2006-cı ildə qaçaq yolla İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2006-cı ildə yaxalanmış İran vətəndaşları  – Azad Səfəri və Təzəxan Səfəri qardaşlarına da narkotiklərin verilməsi və onların Azərbaycana keçirilməsi həmin Ərsalam Həlim tərəfindən təşkil olunub. Sonuncunun Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin yetişdirilməsi və satışı ilə məşğul olan erməni hərbçiləri ilə əlaqələri və işbirliyi hələ də davam edir. Milli Təhlükəsizlik Nazirliyinin son əməliyyat tədbirləri nəticəsində cinayətkar qruplardan aşkar edilərək götürülmüş ümumilikdə 40 kiloqrama yaxın qurudulmuş marixuananın ekspertizası həmin narkotik vasitələrin eyni mənşəli və tərkibli olduğunu, yəni işğal altındakı Qararabağ ərazilərində kultivasiya edildiyini sübuta yetirilib.

Təhlil göstərir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi və emalı getdikcə geniş vüsət almaqdadır. Bunun bir neçə əsas səbəbi vardır. İlk növbədə, Ermənistanın özündə və işğal etdiyi Azərbaycan ərazilərində erməni politoloqlarının, siyasətçilərinin və iqtisadçı ekspertlərinin özləri tərəfindən də etraf olunduğu kimi, əhalinin sosial-maddi vəziyyəti xeyli pisləşmiş, yoxsulluq gündən-günə daha da artır. Bu vəziyyətin artıq Ermənistan Silahlı Qüvvələrinə ciddi sirayət və təsir etdiyi də göz qabağındadır.

Ermənistan tərəfindən qəsb edilmiş Azərbaycan ərazilərindən müxtəlif cinayətkar məqsədlər, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı və s. üçün istifadə edildiyi sübuta ehtiyacı olmayan faktlardır.

Bununla yanaşı, hazırda ciddi iqtisadi tənüzzül və maliyyə yoxluğu ilə üzləşmiş Ermənistan, onun yaratdığı qondarma separatçi rejim və erməni silahlı birləşmələri hərbçiləri Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərini davam etdirməyin başlıca yollarından biri kimi narkotik vasitələrin yetişdirilməsini və satışının daha da artırılmasında, qanunsuz dövriyyəsinin daha da genişləndirməsində görürlər.

Təqdim olunan faktlar bir daha sübut edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması ilə məşğul olan transmilli cinayətkar qruplaşmalar öz məhsullarını böyük bazarlara çıxarmaq üçün Azərbaycanı ən əlverişli tranzit dəhlizi kimi qiymətləndirir. Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair dövlət proqramı qəbul edib. Bu proqramın həyata keçirilməsində digər aidiyyati dövlət qurumları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də fəal iştirak edir. Bu gün Milli təhlükəsizlik orqanları narkotik vasitələrin qanunsuz daşınması üçün Azərbaycan ərazisindən tranzit kimi istifadə etməyə cəhd göstərən yerli və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalara qarşı mübarizənin aparıcı qüvvəsidir. Hazırda “ağ ölüm”lə mübarizədə ciddi nəticələr verən qabaqlayıcı-profilaktik tədbirlərdən istifadə olunur. Bu ümumbəşəri bəlaya çevrilmiş narkotiklərlə mübarizənin səmərə verməsinə Milli Təhlükəsizlik Nazirliyi cəmiyyətlə möhkəm və etibarlı əlaqələrin qurulması nəticəsində nail olub. Son 9 ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 5 tondan artıq ağır tərkibli narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Bu, bir faktdır ki, narkotiklərin satışı bəri başdan insan həyatının məhvinə yönəldiyindən böyük gəlirlərə can atan narkosindikatlar qarşılarına çıxan istənilən maneəni istənilən vasitələrlə məhv etməyə hazırdırlar və Azərbaycan da istisna deyil. Amma dövlətləri diz üstə çökdürə bilən bu təhlükə məhz Azərbaycanda öz qarşısında xalqının genafondunun, onun milli-mənəvi dəyərlərinin keşikçilərini görəcək.

AQİL

 





15.06.2013    çap et  çap et