525.Az

"Dan ulduzu" tək parlayan ömür


 

"Dan ulduzu" tək parlayan ömür<b style="color:red"></b>

Azərbaycan musiqi tarixində qətiyyətli əməyi sayəsində özündən sonra parlaq izlər buraxan, yaşadığı müddətdə musiqimizin inkişafı naminə misilsiz xidmətləri olmuş böyük sənətkarlardan söz açmaq olduqca məsuliyyətli, eyni zamanda, qürurvericidir.

Tanınmış musiqiçi, Əməkdar incəsənət xadimi, pedaqoq, sənətşünaslıq elmləri namizədi, fədakar qadın, unudulmaz insan Gülarə xanım Əliyevanın yaradıcılığından söz açmağı özümə bir borc bildim.

Gülarə xanım görkəmli alim və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Onu tanıyan hər kəsin yaddaşında qayğıkeş və nikbin dünyabaxışı ilə fərqlənən insan kimi qalmış Gülarə xanım Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakultəsini bitirib. Əvvəlcə "Azteleradio"nun, sonra Səid Rüstəmov və Əhsən Dadaşovun xalq çalğı alətləri kollektivində çalışıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Gülarə xanım "Bəstəkar  Fikrət Əmirov yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin musiqi kafedrasının müdiri, dosent, o cümlədən, Universitetin elmi şurasının  üzvü olub. O, "Humayun" suitasının, "Bayatı-kürd" və "Şur" fantaziyalarının müəllifidir.

Gülarə xanımın yaradıcılığından bəhs edərkən gözümüzün önünə ilk olaraq "Dan ulduzu" kamera-instrumental ansamblı gəlir. Buna  "Gülarə Əliyeva məktəbi" də deyə bilərik. Gülarə xanım "Dan ulduzu" ansamblının bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi. O, bu amsambl ilə musiqi mədəniyyətimizə yeni bir səslənmə gətirmişdi. Gülarə xanm öz kollektivinin  yaradıcılıq  potensialına və istedadına dərindən bələd olduğu üçün  yaratmış olduğu ansambl elə ilk çıxışından uğurlu alınmış, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı.

20-ci əsrin ikinci yarısında parlayan, musiqi həyatına rəngarənglik qatan "Dan ulduzu" ansamblında xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezi uğurlu şəkildə təqdim olunurdu. Sənətkar  ardı-arası kəsilməyən məşqlər, ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzu etdiyi nəticəyə çata bilmişdi.

Gülarə xanım bir çox bəstəkarlarla çalışırdı. Onun ansamblından Elza İbrahimova, Telman Hacıyev, Ramiz Mirişli, Oktay Rəcəbov, Emin Sabitoğlu, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarların mahnılarını dinləmək olardı. Lakin Oktay Kazıminin mahnıları ansamblın repertuarında xüsusi yer tuturdu. Qeyd edək ki, Gülarə xanımın öz bəstələri də bu ansamblın repertuarında səslənərdi.

Şövkət Ələkbərova, Yalçın Rzazadə, Akif İslamzadə  və digər məşhur sənətkarlar bu ansamblın solistləri idilər. Hüseynağa Hadıyev məhz Gülarə xanımın yetirməsi idi. Zeynəb Xanlarova "Dan ulduzu" kamera-instrumental ansamblı ilə bir silsilə proqramla dövlət  konsertlərində çıxış etmişdi.

Gülarə xanım bölgələrdə oxuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının kəşf edilməsində dəstəyini əsirgəməzdi. "Dan ulduzu" ansamblı dövlət tədbirləri, konsertlər, xarici qastrol səfərlərinin bəzəyi idi. Çıxış etdikləri İtaliya, İspaniya, Bolqarıstan, Türkiyə, Əlcəzair, Livan, Suriya, Hindistan kimi ölkələrin mətbuatında bu ansambl haqda geniş yazılar dərc olunardı.

"Dan ulduzu" kamera-instrumental ansamblının Gülarə xanımdan sonra bədii rəhbəri olan mərhum Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun ardınca, hal-hazırda Əməkdar artist Tariyel Abbasov bu ansamblın fəaliyyətinə yön verir və kollektiv bu gün də yüksək səviyyədə yaradıcılığını davam etdirməkdədir.

Bir məqama da toxunmaq istərdim. Gülarə xanım hər zaman fəxr hissi ilə qeyd edərmiş ki, məndən Üzeyir Hacıbəyli imtahan götürüb. Gülarə xanımı həm də bu nöqteyi-nəzərdən şanslı sənətkar hesab edə bilərik.

İnanırıq ki, onun ruhu şaddır. Çünki özündən sonra  irsini layiqincə davam etdirən övladı Ayəndə xanım musiqi mədəniyyətimizə layiqincə xidmət edən insanlardandır. Onun dərslərinin şahidi olmuş tələbəsi kimi deyərdim ki, Ayəndə xanım dəyərli pedaqoq, gözəl insandır.

Sənətdə zirvə fəth edən, xeyirxah və nəcib əməllər sahibi olmuş görkəmli sənətkarımız Gülarə Əliyeva parlaq həyat və yaradıcılıq yolu ilə hər zaman xatırlanacaq.

 





23.01.2018    çap et  çap et