525.Az

Babadan nəvəyə keçən yalan


 

Babadan nəvəyə keçən yalan<b style="color:red"></b>

"Unutmağı öyrənirəm" Arzu Nehrəmlinin 2017-ci ildə "Elm və təhsil" nəşriyyatında çap olunmuş şeirlər kitabının adıdır. Bu, məni cəlb elədi.

Düzü, ara-sıra, orda-burda çox eşitmişik ki, filankəs dil öyrənir, bəhmənkəs peşə öyrənir; ancaq kiminsə unutmaq öyrəndiyini birinci dəfə eşidirdim. Unutmağı harda, necə öyrənmək olar, bəlkə hansı universitetdəsə "unutmaq" fakültəsi də var, heç xəbərimiz yoxdu, hə?!.. Əlbət ki, nə belə universitet, nə də belə qeyri-adi bir fakültə mövcuddur - əgər mövcuddursa, unutmağı öyrənmək istəyənin içində bərqərardı - başqa cür təsəvvür eləyə bilmirəm.
O şeiri tapıb oxuyandan sonra hər şey məlum oldu:

Gözüm yolda, yollar haça,
Bu yolda tək başım uca,
Dizlərimi quca-quca,
Unutmağı öyrənirəm.

Dadıma çatmadı ölüm,
Bağrım çat-çat, bölüm-bölüm,
Susun diksinməsin könlüm,
Unutmağı öyrənirəm.

Dörd bəndlik bu şeiri oxuyub qurtarandan sonra ulumuz Məhəmməd Füzulinin "aldanma ki, şair sözü, əlbəttə, yalandır" misrasının xatırladım. Çünki unutmağı öyrənməyin özü ən gözəl unutmamaqdı. Yüz illərdi babanın dediyi yalanı indi də nəvə deyir...

Həyatda hər cür adamla rastlaşırıq; bəzilərinin ürəyindəki dilindədi; bəzilərinin nə demək istədiyini heç cür anlamaq olmur, çünki mətləb ya çox dərindədi, ya da ki, sadəcə demək, o mətləbi bütün boy-buxunu ilə ya göstərmək istəmir, ya da ki, göstərə bilmir. Bəzi adamların isə ürəyindəki üzündə yazılıb - Arzunun kitabının üz qabığını da o cür adamların üzünə oxşatdım, içindəki üzündə zühr eləmişdi: "Unutmağı öyrənirəm". Kitabı sona qədər oxuyandan sonra bu qərara gəlmişdim. Elə götürək "Mənə şükür" şeirini:

Dərdim başımdan aşır,
Aparım töküm Kürə.
Yaman bulanıqdı Kür.
Başıma xeyir,
Kür də daşır,
Mənə şükür!

Yaxud:

...Bir gecəlik yuxu kimi,
Görməmiş yozmuşam səni.

Görmədiyi yuxunu yozmağı bacaran adam hər şeydən və hər kəsdən əvvəl unutmağı öyrənmək istəyəcək, başqa heç nə. Və istədiyi ona tərəf baxmayanda ("Mənə baxmadı") dillənəcək - özü də necə:

Əllərində güzgün oldum,
Gözlərim mənə baxmadı.

Və bu yanğı da onun səbəbini almayacaq, ala bilməyəcək:

Gor qazıram,
Tanrım gücümü almasın.
Anam yox,
atam yox,
bacım,
qardaşım,
sirdaşım yox.
...Ölüm yerdə qalmasın!

Tənhalıq bütün boy-buxunu ilə çoxluğa meydan oxuyur və bu tənhalıq Allahınkından deyil, bəndələr üçün nəzərdə tutulmuş standartdır... vahiməsi böyük olan standart...

Arzu Nehrəmli ovqatının əhatə dairəsi çox geniş olsa da, mən onun bu kitabı haqqında uzun-uzadı söhbət açmaq fikrindən uzağam. Kitabın lap əvvəlində Musa Yaqubun və Vaqif Yusiflinin Arzu Nehrəmli haqqında fikirləri də şairin, elə bilin ki, boy-buxununa biçilib-yaraşır!
Mənə isə Arzuya uğurlar diləmək qalır...

 





23.01.2018    çap et  çap et