525.Az

Dağların şair qızı


 

Dağların şair qızı<b style="color:red"></b>

Pakizə xanım dünyaya respublikanın dilbər güşələrindən biri olan Gədəbəydə müəllimə ailəsində göz açıb. Bu ziyalı ailə həmişə sazlı-sözlü olmuş və balaca Pakizənin gələcək həyatında sözə-şeirə maraq oyadıb.

Məğrur dağlar, füsünkar gözəlliyi olan bu diyar onun şair kimi formalaşmasında bir stimul olub. Vətəninin, elinin, obasının gözəlliklərini canı qədər sevən Pakizə yetkinlik dövründə şeirlərinin birində belə vəsf edib.

Məni sehirləyən, məftun eyləyən,
Ayna gözlü bulaqlara gəlmişəm.
Şirin layla çalan, ruhu oxşayan
Allı-güllü dağlarıma gəlmişəm.

Dağların qoynunda sinəsin gərib,
Səngərlər düzəldib, qalalar hörüb,
Neçə dövran sürüb, tarixlər görüb,
İgidlər məskəni, anam Gədəbəy.

Orta məktəbi Gədəbəydə bitirdikdən sonra Pakizə xanım Gəncə şəhərində yerləşən H.Zərdabi adına pedaqoji institutunun Dil və ədəbiyyat fakultəsinə daxil olur. Burada oxuduğu illərdə o, sözün-şeirin sirlərini öyrənir, şeir və söz ustası kimi püxtələşir.

Pakizə əmək fəaliyyətinə Düzyurd kəndinə ədəbiyyat müəllimi kimi başlamış və ömrünün 40 ildən çoxunu pedoqoji işə sərf etmişdir. Pakizə vətəninə, elinə, yurduna bağlılığını şeirlərində belə ifadə edib.

Pakizəyəm, istəyimlə coşmuşam,
Neçə kərə bu dağları aşmışam
Söz-sovumu yazıb-düzüb qoşmuşam
Daş olub sinəsində donam, Gədəbəy.
Əfsanə nağıla dönəm, Gədəbəy.

Pakizə Gədəbəylinin şeirləri, oçerk və hekayələri hələ tələbəlik illərində müxtəlif qəzetlərdə dərc edilib.
Onun müxtəlif illərdə qələmə aldığı şeirlər və digər ədəbi yazılar: "Sinəmin dağları-daşları", "İnsanlığın zirvələri", "Yarımçıq qalan ömür", "Xoş əməlin sahibi", "Məni xatırlayın" və bu kimi kitablarda işıq üzü görüb. Pakizə xanım eyni zamanda qayğıkeş ana və mehriban nənədir. Onun üç övladı və altı nəvəsi var.

Gəncə Dövlət Universitetinin  professoru, filologiya elmləri doktoru Abbas Səmədov xalqımızın qeyrətli qızı, şair-publisist Pakizə Gədəbəylinin həyat və yaradıcılığı haqqında monoqrafiya yazıb.

Elimizin şair qızı ilə həmişə fəxr etmişik. Onu bir daha doğum günü və yubileyi münasibətilə təbrik edir, sağlamlıq, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Fərman RZAYEV
Gədəbəy rayonu

 





23.01.2018    çap et  çap et