525.Az

Şəhidin var, Neftçalam...


 

Şəhidin var, Neftçalam...<b style="color:red"></b>

Gün o gün idi ki, Azərbaycan Sovet ordusunun təcavüzkar basqınının altıncı gününü yaşayırdı.

Axşamüstünün yanvar küləyinin səsinə bir də güllə səsləri qarışdı. İş gününün sonuna az qalmışdı. Dinc əhaliyə tutulan divanın səsi Neftçalada dalğalandı. Əbülfəz Cəfərov və Nurəddin Ağahüseynovun odlu silahla qətlə yetirildiyi xəbəri sürətlə yayıldı. Şəmsəddin Orucov isə Bakıda, 20 Yanvar qırğını zamanı əbədiyyətə qovuşmuşdu. Tanklar Neftçalanın küçələrində avtomobil yolları ilə irəlilədikcə altı günün barıt qoxulu vahiməsi təzələnirdi. Yeddi  nəfər yaralının sağalması, Şüvəlan həbsxanasına aparılmış otuz altı nəfərin geri qaytarılması  üçün edilən dualar öldürülən dinc insanların yoxluğunun acısına qarışmışdı.

Neftçala yas içindəydi...
 
Və bir də 28 il sonra - 2018-ci il yanvarın 19-dan 20-nə keçən gecənin zülmətində bir ev şəhid evi adlandı, bir qapıda  üçrəngli Bayraq dalğalandı, bir igid Şəhidlik zirvəsinə ucaldı. Azərbaycanın növbəti şəhidi Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov  idi. Milli Aviasiya Akademiyasını bitirmişdi İbrahim... Səma şahini olacaqdı. Əbədiyyət şəhidi oldu.

Neftçala matəm saxlayır. Neftçala yas içindədir. İbrahim 28 il sonra -  yanvarın 20-də 20 Yanvar şəhidlərinə qovuşdu.

Ruhun şad olsun Şəhidim!  

Şəhidin var, Neftçalam...

Azərbaycan tarixinin qan yaddaşı,
Yanvarın da qara bağlar vətəndaşı,
Yaralardan odlanıbdı bağrım başı,
Yenə dərdi təzələnib el-obamın!
Yas içində, matəmi var Neftçalamın!

Bu gün qana bulaşacaq göz yaşımız,
Qərənfilə bürünəcək başdaşınız,
Qucaq açın, sizə gəlir qardaşınız,
Şəhid verib, şəhidi var torpağımın!
Yas içində, matəmi var Neftçalamın!

Vətən

Gözlər qan ağlayır, Vətən!
Könüllər sızlayır, Vətən!
Uğrunda can verənləri
Qolun qucaqlayır, Vətən!

Sevgilərin ən pakı sən,
Şəhidlərin diyarı sən,
Cismi də sən, ruhu da sən,
Sənə can borcluyuq, Vətən!

Uzunboylu, qara gözlü,
Dili "Torpaq, Vətən" sözlü,
Zirvələrin şəhid güllü-
Dər, ətrini qoxla, Vətən!

Ağla, sızla bu dərdimi,
Sən əzizlə şəhidimi,
İgid balan İbrahimi
Al, qoynunda saxla, Vətən!

Dolan gözümü silmərəm,
Naləmi boğub dinmərəm.
Namərdlərə əyilməyən
Övladlara güvən, Vətən!

Neftçalam yas içindədi,
Qara donda, biçimdədi,
Şəhid dərdi içimdədi,
Susar ahım, naləm, Vətən!

Sən səmaları seçmişdin,
Oddan, alovdan keçmişdin,
Vətəni çox sevmişdin...
Yarandan odlandı Vətən!
Aman, yaralandı Vətən!

Gülqədəm MİRZƏZADƏ

 





24.01.2018    çap et  çap et