525.Az

"Bir az anderqraunda yaxınam, bir az modernə..."


 

GƏNC YAZAR VƏ AKTYOR KAMAL AKENİN YARADICILIĞA FƏRQLİ BAXIŞI VAR

"Bir az anderqraunda yaxınam, bir az modernə..."<b style="color:red"></b>

Ondan özünü təqdim etməsini istəyəndə: "Gənc yazıçı, "Qaranlıqda sən" kitabının müəllifi, ADO teatrının aktyoru, "AKEN Group"un sahibi Kamal Aken" - cavabını aldım.

"Aken" kəlməsinin "ən yaxşı, ilahi" kimi anlamlar verdiyini dedi. Pedaqoji Universitetdə təhsil alıb Kamal, ancaq yarımçıq tərk edib oranı. Səbəbini belə açıqladı: 

- Mühit məni çox sıxırdı. Özümü oraya aid hiss etmədim.

- Demək istəyirsən ki, sən fərqlisən? Nə ilə?

- Ən azından standart, tabulu, kompleksli deyiləm, azadam. Dövlət teatrlarında, inanmıram ki, hansısa rejissor və ya aktyor çox rahat və sərbəst şəkildə öz fikirlərini sərgiləyə bilsin, özündən nəsə əlavə edə bilsin. O baxımdan mən azadam, öz düşüncələrim, öz yolum var.

- Yazıçılıqda hansı üsluba üstünlük verirsən?

- Əsasən modern üslubda yazıram. "Bütün yazılarım bu üslubdadır" deyə bilmərəm. Bəzən heç özüm də bilmirəm ki, hansı üslubda yazıram. Bir az anderqraunda yaxınam, bir az modernə.

- Müsahibələrinin birində demişdin ki, "Qaranlıqda sən" adlı ilk kitabından imtina edirsən. Ancaq indi özünü "Qaranlıqda sən" kitabının müəllifi" deyə təqdim etdin. Bir az da bu kitab haqda danışaq.

- O kitabı mən 17 yaşımda, universitetin birinci kursunda oxuyarkən yazmışdım. Onda düşüncələrim başqa idi, çox oxunmağa, oxucu auditoriyası qazanmağa həvəsli idim. Ona görə də düşünürəm ki, tələsdim onu yazmağa. Birinci semestrin sonunda, imtahan və tətil zamanlarında cəmi bir ay, daha dəqiq desək, 40 günün içərisində yazdım və heç redaktə etməmiş çapa verdim. Sonradan gördüm ki, bu kitab heç nə imiş. Elə müsahibəmdə də onu kitab kimi hesab etmədiyimi dedim. Ancaq neyləyim ki, mənim imzamla gedibsə, demək ki, mənimdir. Yəni qalıb üstümdə (gülür). Əlimdə olsa, o kitabın hamısını yığıb məhv edərdim.

- Bildiyim qədərilə indi ikinci kitab üzərində işləyirsən.

- Bəli, indi yeni kitab üzərində işləyirəm. Bununla öyrəndim ki, kitab yazmaq bir aylıq iş deyilmiş. "Şizofreniya palatası" adlı bu kitabımın təkcə araşdırmasına bir ildən çox zamanım gedib. "Qaranlıqda sən" kitabı tipli kitablar bizim cəmiyyətdə bir az çox oxunduğundan kitab mağazalarının birinin aprel-may statistikasında ən çox satılan kitab siyasına düşmüşdü. İki tiraj çap olundu, üçüncünü isə özüm istəmədim.

- ADO teatrına gəlişin necə oldu?

- Elmini adətən çox cəsarətli rejissor və jurnalist kimi uzaqdan izləyir, təqdir edirdim. Bir dəfə "Nərimanfilm"də "İkinci güllə" filmi üzərində işlər başlamışdı. Mən də bu sahəyə həvəsli və maraqlı olduğumdan təcrübə üçün orada iştirak edirdim. Elə Elminlə də orada tanış olduq. Heç o zamanlarda ağlıma gəlməzdi ki, nə vaxtsa Elminlə yaxın dost ola biləcəyik. Sonradan mən ona yazdım ki, sizin teatra qoşulmaq istəyirəm. Hələ o zamanlarda teatr təzə yaranırdı. İkinci tamaşalarının üzərində işləyirdilər. O mənə dedi ki, istəyirsənsə gəl, məşqlərə bax. Mən səhər Pedaqoji, günorta Bakı Slavyan universitetlərində dərslərdə oturur, axşam isə saat 7-8-dən 12-yə kimi onların məşqlərinə gedib baxırdım. 5-6 ay bu, belə davam etdi. Mənim bu həvəsim onun çox xoşuna gəlmişdi və biz dost olduq. Sonradan o, məni sınamaq üçün rol verdi.

- Nə vaxtsa özünün tamaşa hazırlamaq fikrin var?

- Bunun üçün hələ tələsmirəm. Çünki istəmirəm ki, bu da ilk kitabım kimi olsun. Hələ özümü hazır hiss etmirəm. Amma demək olar ki, tamaşaların hamısında rol almışam. "GOTT", "Ağ-Qara", "Toy" tamaşaları var ki, onlarda oynayıram.

- Bu yaxınlarda ADO teatrı cənub rayonlarından qastroldan qayıtdı. Necə keçdi səfəriniz?

- Biz tez-tez qastrollarda oluruq. Tiflisdə olmuşuq, İranda "Təbrizim" küçə festivalında yer tutmuşuq, Fransanın Oriak şəhərində festivalda çıxış etmişik. Bu səfərlərimiz həmişə çox rahat olub. Bu dəfə biz istədik ki, Azərbaycanın ucqar rayonlarına gedək, rayon camaatını teatrımızla, tamaşalarımızla tanış edək. İlk seçimimiz Lənkəran oldu. Səfərdən iki ay öncədən biz oranın Gənclər evi ilə danışıb razılaşdıq ki, bizə yer verəcəklər. Yola çıxmağa 2-3 saat qalmış isə bizə dedilər ki, orada tamaşa göstərməyimiz mümkün deyil. Biz də məcbur olub qastrolu təxirə saldıq. Əlaqələr yaratmağa çalışsaq da, nə səbəb öyrənə bildik, nə də icazə ala. Sonradan fikirləşdik ki, məcbur deyil hansısa işıqlı, geniş salon olsun. Biz bir kənd sakininin balaca daxmasında da öz tamaşalarımızı göstərə bilərik. Yanvarın 9-u gecə 10 nəfərlik truppayla Lənkərana yola düşdük. Orada bir evdə tamaşamızı, həyətində yağışın, soyuğun altında "Kərpic" performansımızı göstərdik.

Fikrimiz vardı ki, oradan Lerikə gedib rayonun orta məktəbində tamaşamızı oynayaq. Zəng gəldi ki, buna da icazə verilmir. Biz yenə də bir şey anlamadıq. Axı teatrın, tamaşanın nə ziyanı ola bilərdi ki? Bundan sonra biz də bir az həvəsdən düşdük, qayıtmaq istədik, ancaq orada yaşayanlardan zəng gəldi ki, bəs niyə gəlmirsiz, bütün kənd yığışıb sizi gözləyir. Biz də deyə bilmədik ki, bizə icazə vermirlər. Beləliklə, çox fikirləşəndən sonra getmək qərarına gəldik. Lerikdə gedəcəyimiz kənd çox hündürdə, dağın başında yerləşirdi. Mənim də, Elminin də yüksəklik fobiyası var, mənim həm də ürək aritmiyam var, yəni hündürlüyə çıxmaq, yüksək təzyiq dəyişikliyi olmaz. Oraya çatana qədər neçə dərman atmalı oldum. Yollar da çox təhlükəli idi, sıldırım olduğu üçün ancaq xüsusi maşınla - UAZ-la gedə bilərdik. Həmin gün də hava çox soyuq və dumanlı idi. Bütün bu çətinliklərə baxmayaraq biz o kəndə gedib çıxdıq. Düşdüyümüz ev kiçik və çox şirin idi. Orada biz Elgünün ətraf mühitlə bağlı performasını göstərdik. ondan başqa da bir neçə kiçik tamaşalar göstərdik. Bizi izləməyə qırxa yaxın adam gəlmişdi. Təəssüf ki, onlar arasında cəmi bir nəfər qadın vardı, o da ev sahibəsi idi. Onlar bizi elə diqqətlə izləyir, tamaşamıza elə içdən gülürdülər ki, mən durub onları qucaqlamaq istəyirdim. Çox möhtəşəm bir hiss idi. Biz orada başa düşdük ki, bizim ucqar rayonlarda, kəndlərdə tamaşa göstərməyimiz beynəlxalq festivallardan daha əhəmiyyətlidir. Qərara gəldik ki, bu işi davam etdirək. Doğrudur, yenə də maneə yaradanlar olacaq, qarşı çıxmağa çalışacaqlar. Amma biz yolumuzdan dönməyəcəyik.

- Çəkdiyiniz əziyyətlərə dəyərmi?

- Düşünürəm ki, dəyər. Teatr böyük səhnələr deyil, teatr balaca bir yerdən, otaqdan da çıxa bilər. Elə ADO-nun tarixinə nəzər salsaq, beş il öncə balaca bir zirzəmidə yaranıb. İlk adı da otaq mənasını verən ODA olub. Ümumiyyətlə, hansı dövlət teatrı dəniz səviyyəsindən 2000 metr yüksəkliyə qalxıb balaca bir dəhlizdə tamaşa göstərər? Kim bunu özünə sığışdırardı? Dövlət teatrlarında dəbdəbə, böyük səhnələr, böyük pərdələr lazımdı. Biz sübut edirik ki, balaca bir otaqda da incəsənət yaratmaq olar.

- Səncə, sənət sənət üçündür, yoxsa xalq üçün?

- Bu haqda heç zaman düşünməmişəm. Mən buna heç də sənət kimi baxmıram, daha çox zövq məsələsi kimi baxıram. Bu, mənim üçün peşə, ixtisas deyil. Təbii ki, bununla sırf peşə kimi məşğul olan insanlar da var. Onlar bu haqda nə düşünür bilmirəm, amma mən buna zövq məsələsi kimi yanaşıram. Bununla kimisə qurtarmaq, kiməsə nəsə aşılamaq fikrim yoxdur. Uşaq vaxtı olub, düşünmüşəm ki, bununla cəmiyyəti xilas edəcəm. Amma sonradan görmüşəm ki, cəmiyyəti xilas etmək daha böyük anlayışdır.

- Müasir Azərbaycan gəncini necə görmək istəyirsən?

- Daha çox azad görmək istəyirəm. Biz o qədər çərçivələr içərisində sıxışdırılırıq ki, ən adi, ən primitiv sərbəstlik belə bizə azadlıq kimi gəlir. Azadlıq geyimlə, davranışla, saçlarla, imiclə deyil. Azadlıq öz içində başlayır, öz içində də bitir.

- Sahibi olduğun "AKEN Group" haqqında da danışaq.

- Bu, Gürcüstan şirkətidir. Mən bir il öncə cəmi 451 manatla başlamışdım bu işə. Onda kurs kimi başlamışdıq. Sonradan "Elitar qrup"la birləşdik. Tərkibində kurslar, turizm şirkəti var. Gürcüstan şirkətidir, ancaq Azərbaycan nümayəndəliyi də var.

- Gələcəklə bağlı planların, gözləntilərin nədir?

- Əsas fikrim burada işlərimiz yoluna qoyub Avropaya getmək, orada tikinti sahəsində çalışmaqdır. Yazıçılıq, aktyorluq isə peşə olmadığı üçün hər zaman davam edəcək. Ən böyk planım isə AKEN Holdinqi yaratmaqdır.

- Bəs, nə zamansa, biznes və incəsənət arasında qalsan, hansını seçərsən?

- Biznes ancaq maliyyə məsələsini yoluna qoymaq üçündür. Əgər nə zamansa seçim qarşısında qalsam, şübhəsiz, incəsənəti seçərəm.

Şahanə MÜŞFİQ

 





25.01.2018    çap et  çap et