525.Az

Uşaq ədəbiyyatının sönməz çırağı


 

ABDULLA ŞAİQ BİBLİOQRAFİK GÖSTƏRİCİSİ HAQQINDA QEYDLƏR

Uşaq ədəbiyyatının sönməz çırağı<b style="color:red"></b>

XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiq bütün ömrünü xalq maarifi işinə sərf edib.

Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli "Əsrimizin qəhrəmanları", "Araz", "Qafqaz çiçəyi", "Məktub yetişmədi", "Köç", "Əsəbi adam", "Dursun", habelə yeniyetmə və gənclər üçün yazmış olduğu "Bir saat xəlifəlik", "Yazıya pozu yoxdur", "Qafqaz çiçəyi", "İldırım","El oğlu", "Vətən", "Ana", "Xasay" kimi pyeslərin də müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin yaradıcılığı onun çoxsaylı oxucuları və tələbatçıları tərəfindən maraqla izlənib və daima onun əsərlərinə böyük tələbat olub. Bu əsərlər uşaqların mütaliəsinə rəhbərlik edən tərbiyəçilər, müəllimlər və valideynlər üçün mühüm vasitəyə çevrilib. Yazıçının əsərlərinin müxtəlif nəşrləri zəngin sənəd fondunun yaranmasına yol açıb. Bu informativ sənəd kütləsinin tələbatçılara çatdırılmasında biblioqrafik informasiya mənbələrinin əhəmiyyəti bütün dövrlərdə böyük olub.

A.Şaiqə həsr edilmiş ilk biblioqrafik göstərici 1985-ci ildə "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyası ilə AEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən tərtib olunub nəşr edilmişdir (tərtib edənlər: M.M.Həsənova, N.M.Teymurova). Biblioqrafiyalaşdırma metodikasına əməl edilərək tərtib olunmuş bu elmi-köməkçi xarakterli biblioqrafik vəsait yazıçının 1881-ci ildən 1978-ci ilə kimi həyat və yaradıcılığının mühüm məqamları haqqında məlumatları tələbatçılara çatdırmışdır.

Abdulla Şaiqin anadan olmasının 135 illiyi münasibətilə 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyası ilə tərtib edilərək "Abdulla Şaiq (Abdulla Axund Mustafa oğlu Talıbzadə) Biblioqrafiya" adı ilə çapdan çıxmışdır. Biblioqrafik vəsaitin müəllifi Əməkdar mədəniyyət işçisi Nazilə Tahirova, ixtisas redaktoru və buraxılışa məsul Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova olmuşdur. Bu biblioqrafik vəsait görkəmli uşaq yazıçısı olan Abdulla Şaiqin 1906-cı ildən 2016-cı ilə kimi həyat və fəaliyyətini və əsərlərinin nəşr tarixini əks etdirir.

Biblioqrafik göstəriciyə filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu tərəfindən geniş məzmunlu oçerk yazılmışdır. Professor Alxan Bayramoğlu bu zəngin elmi-informativ oçerkdə Abdulla Şaiqin əsərlərinin təhlilini dövr və zamanla əlaqələndirərək, yeri gəldikdə əsərlərdən sitat və nümunələr gətirmişdir. Oçerkdə müəllif Abdulla Şaiqin təhsili, həyat və fəaliyyətinin əsas tarixlərini, ilk mətbu əsəri haqqında, ümumiyətlə, əsərlərinin yazılma tarixi, ideya istiqaməti və məziyyətləri haqqında ətraflı məlumat vermişdir. Abdulla Şaiqin şair, nasir, dramaturq, tənqidçi və ədəbiyyatşünas, pedaqoq, tərcüməçi və ictimai xadim kimi çoxşaxəli fəaliyyətini geniş şəkildə, faktiki məlumatlar və nümunələrlə, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə verdiyi zəngin ədəbi-bədii irsinə görə Abdulla Şaiq şəxsiyyəti hərtərəfli işıqlandırılmışdır.

"Abdulla Şaiqin həyat və yaradıcılığının əsas tarixləri" bölməsindən məlum olur ki, Talıbzadə Abdulla Şaiq Mustafa oğlu 1881-ci il fevral ayının 24-də Tiflis şəhərində ruhani ailəsində anadan olmuşdur. 1900-cü ildən isə taleyini respublikamızın paytaxtı Bakı şəhəri ilə bağlayır və ömrünün sonuna kimi burada yaşayıb yaradır, ictimai və ədəbi-bədii fəaliyyətini uğurla davam etdirir. Bu bölmədə yazıçının təhsil aldığı illər, ilk əsərlərinin yazılma və nəşr tarixi, dövlət tərəfindən verilən təltif və mükafatlar faktiki mənbələrə əsaslanaraq verilmişdir. Bölmədən məlum olur ki, görkəmli şair 1959-cu il 24 iyulda vəfat etmiş, 1981-ci ildə onun 100 illiyi, 2001-ci ildə 120, 2011-ci ildə isə 130 illik yubileyi qeyd olunmuşdur.

"Abdulla Şaiqin müdrik deyimlərindən", "Abdulla Şaiq görkəmli şəxsiyyətlər haqqında", "Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Abdulla Şaiq haqqında" başlıqlı bölmələri biblioqrafik məlumat mənbəyinin faktoqrafik informasiya ehtiyatlarını xeyli genişləndirir.

Görkəmi şəxsiyyətlərin Abdulla Şaiq haqqındakı qiymətli fikirləri içərisində Azərbaycan EA-nın müxbir üzvü, professor Abbas Zamanovun "Azərbaycanda Şaiq qədər çoxlu ədəbiyyat dərsliyi tərtib edən ikinci bir müəllif yoxdur. O, müxtəlif zamanlarda on bir ədəbiyyat dərsliyi tərtib etmişdir. Məktəblərimizdə ana dili və ədəbiyyat uzun müddət əsasən Şaiqin dərslikləri üzrə öyrənilmişdir. Bu dərslikləri ədib sadəcə olaraq tərtib etmirdi, onlarda gedən hekayələrin və şeirlərin çoxunu özü yazırdı" fikirləri Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatı sahəsindəki xidmətlərini və şəxsiyyətini səciyyələndirən qiymətli sözlərdir.

 Biblioqrafiyalaşdırma metodikasına əsasən ədəbiyyatın sistemləşdirilməsinə uyğun olaraq "Abdulla Şaiq" biblioqrafik vəsaitində materiallar dörd əsas hissədə qruplaşdırılmışdır.

Biblioqrafik vəsaitin I hissəsi "Əsərləri" adlanır ki, bu hissənin özü də "Kitablar" başlığı altında şairin bütün əsərləri, o cümlədən, sözlərinə yazılmış musiqi əsərləri, tərcümələri, tərtib etdiyi, redaktoru olduğu və rəy verdiyi əsərlərin biblioqrafik təsviri verilmişdir. Bu hissədən məlum olur ki, A.Şaiqin ilk əsəri olan "İki uşaq" mənzum hekayəsi Orucov qardaşlarının mətbəəsində 1906-cı ildə ərəb əlifbasında nəşr edilmişdir.

Biblioqrafik vəsaitdə materiallar xronoloji prinsip əsasında, oxucuların istifadəsini asanlaşdıran kitabın içindəkilər səhifəsi göstərilməklə verilmişdir.

Vəsaitin "Haqqında" adlanan II hissəsində materiallar I hissəyə uyğun qruplaşdırılmışdır. Yalnız yazıçı haqqında ilk kitab 1923-cü ildən, 2012-ci il də daxil olmaqla nəşr edilmiş kitabların biblioqrafik təsvirindən ibarətdir. Bu hissədə Abdulla Şaiqə həsr edilmiş kitablar, xatirələr, məruzə və məqalələri əks etdirən məcmuələrlə yanaşı, yazıçıya həsr edilmiş ilk biblioqrafik yaddaş (1956), biblioqrafik göstərici (1985), Kataloq (2001) kimi A.Şaiq yaradıcılığını, həyatını əks etdirən biblioqrafik informasiya mənbələrinin tam biblioqrafik təsvirinin verilməsi tədqiqatçı mütəxəssislər üçün onun dəyərini daha da artırır.

Ciddi biblioqrafik axtarışların nəticəsi olaraq ərsəyə gəlmiş bu vəsaitdə Abdulla Şaiqin yubileyləri ilə əlaqədar olaraq kitablarda və məcmulərdə, müxtəlif dövri mətbuat səhifələrində dərc edilmiş xatirələr, elmi-publisistik məqalələr, ensiklopedik məlumat kitabları, soraq-məlumat kitabçalarının tam biblioqrafik təsviri verilmişdir.

Biblioqrafik vəsaitin II hissəsinin digər bölməsi "Dissertasiyalar və avtoreferatlar" adlanır. Bu bölmədə müəyyən etmək olur ki, Abdulla Şaiqin həyat və fəaliyyətinə, əsərlərinin tədqiqinə həsr edilmiş 1946-cı ildən 2015-ci ilə qədər 38 dissertasiya işi müdafiə edilmişdir ki, bu dissertasiya işlərinə annotasiya da yazılmışdır.

"Abdulla Şaiq" biblioqrafik göstəricisinin III hissəsi "Abdulla Şaiqin əsərləri xarici dillərdə" adlanır. Bu bölmədə ədibin rus dilində 1936-cı ildən, 2012-ci ilə qədər dərc edilmiş kitablarının, haqqında olan kitabların isə 1953-cü ildən - 2013-cü illər üzrə biblioqrafik təsviri verilmişdir. Digər dillərdə - alman, erməni, eston, fars, fransız, gürcü, ingilis, Litva, türk dillərində müxtəlif müəlliflər tərəfindən tərcümə edilmiş əsərlərin biblioqrafik təsvirinin verilməsi ədibin əsərlərinin müxtəlif dillərə tərcüməsi və nəşri haqqında əsaslı məlumat əldə etməyə imkan verir.

Şəxsi elmi-köməkçi xarakterli biblioqrafik göstəricilərin biblioqrafiyalaşdırılması metodikasına uyğun olaraq "Abdulla Şaiq" adlı biblioqrafik vəsaitə Azərbaycan və rus dillərində çox zəngin (7 adda) köməkçi aparat tərtib edilmişdir. Fərqli cəhət ondan ibarətdir ki, bu vəsaitdə "Abdulla Şaiqin əsərlərinin əlifba göstəricisi" başlığı altında yazıçının əsərləri ədəbi-bədii əsərlərin janrlarına uyğun olaraq sistemləşdirilmişdir.

Ədəbiyyatşünaslıq biblioqrafiyasının mətn biblioqrafiyasına uyğun olaraq biblioqrafik göstəricinin "Əlavələr" bölməsində digər başlıqlarla yanaşı, "Əsas arxiv materialları və əlyazmaları"nın da biblioqrafik təsvirinin verilməsi vəsaitin informasiya potensialını artıran cəhətlərdir. "Əlavələr"də Xalq şairləri Səməd Vurğunun, Süleyman Rüstəmin, Bəxtiyar Vahabzadənin Abdulla Şaiqə həsr etdikləri şeirlər də verilmişdir. Eyni zamanda, Abdulla Şaiqin mənzil muzeyində saxlanılan materiallar - əsərlərinin əlyazmaları, publisistik yazıları, dərsliklər üçün işlədiyi materiallar və xatirələrinin əlyazmaları, tərcümələri, A.Şaiqin və ailə üzvlərinin məktubları, A.Şaiqin sözlərinə yazılmış mahnıların notları, kitablar başlıqlı materialların bəzilərinin tam biblioqrafik təsviri verilməsə də, kitabın hansı dildə və hansı təxəllüslə yazılması və inventar nömrəsi qeyd edilmişdir. Bütün bu mənbələrin araşdırılması, çox səliqə və ardıcıllıqla əks etdirilməsi çox böyük zəhmət hesabına ərsəyə gəlmişdir. Bu bölmənin sonunda istifadə edilmiş internet resurslarının verilməsi biblioqrafik vəsaitin zənginliyinə dəlalət edir.

Ümumiyətlə, Azərbaycan uşaq ədəbiyyatının yaradıcısı kimi Abdulla Şaiq şəxsiyyətinin hərtərəfli işıqlandırılmasında bu biblioqrafik vəsaitin əhəmiyyəti olduqca böyükdür. Öz zamanında "Müəllimlər müəllimi" kimi şərəfli ad qazanan, uşaqlar üçün müxtəlif janrlarda əsərlər yazan, on bir dərsliyin müəllifi olan bu böyük şəxsiyyətin öz sağlığında ikən qazandığı ən böyük titul sadə, təvəzökar, xalq müəllimi adıdır. Türk yazıçısı və pedaqoqu Xəlil Fikrət Abdulla Şaiq şəxsiyyətini gözəl bir cümlə ilə belə xarakterizə etmişdir: "Biz bütün müəllimlər ruhən Şaiqə bənzəyə bilsək, nə mutlu bizə"...

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının uğurlu biblioqrafik fəaliyyətinin nəticəsi kimi peşəkar mütəxəssislər tərəfindən hazırlanan bu mükəmməl biblioqrafik informasiya mənbəyi çoxsaylı tələbatçıların, sahə mütəxəssislərinin informasiya tələbatının ödənilməsində, habelə Azərbaycan uşaq ədəbiyyatı tarixinin öyrənilməsində qiymətli bir vəsaitdir.

Nadir İSMAYILOV
BDU Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Sima İSMAYILOVA
Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 





25.01.2018    çap et  çap et