525.Az

Deputat AŞPA-da "Qarabağ" komandasından danışdı


 

RÖVŞƏN RZAYEV: "ERMƏNİ İŞĞALINA GÖRƏ AĞDAMIN "QARABAĞ" KLUBU RƏQİBLƏRİNİ DOĞMA ŞƏHƏRİNDƏ QƏBUL EDƏ BİLMİR"

Deputat AŞPA-da "Qarabağ" komandasından danışdı<b style="color:red"></b>

"Bu gün Ağdamın "Qarabağ" futbol klubu rəqiblərini doğma şəhərində qəbul edə bilmir: bunun səbəbi Azərbaycanın Ağdam rayonunun artıq 25 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olmasıdır".

Bu fikri AŞPA-nın qış sessiyasının plenar iclasında müasir idmanda və futbolda yaxşı idarəçiliyə dair məruzələr dinlənildikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında səsləndirib.
Futbolun vətəni olan Avropada bu idman növündən çox danışmağa ehtiyacın olmadığını bildirən deputat son illərdə Ağdamın "Qarabağ" klubunun müvəffəqiyyətlərindən bəhs edib, ilk dəfə olaraq milli klubumuzun liqalar turnirinə vəsiqə qazandığını, güclü futbol klubları ilə oyunlarda əldə etdiyi qələbələrlə hər kəsi təəccübləndirdiyini bildirib.

Millət vəkili əlavə edib ki, ancaq klubun üzvləri zəfərlərinin sevincini yaşaya bilmirlər, çünki onlar rəqiblərini doğma şəhərdə - Ağdamda qəbul edə bilmirlər.

Ermənistan silahlı qüvvələrinin "Qarabağ" klubunun vaxtilə rəqiblərini qəbul etdiyi stadionu da yerlə-yeksan etdiyini diqqətə çatdıran R.Rzayev bütün dünyanın bu işğaldan xəbəri olduğunu bildirərək vurğulayıb ki, təcavüzkarı beynəlxalq hüquqa riayət etməyə, işğal altındakı ərazilərdən geri çəkilməyə məcbur etmək lazımdır:

"Təəssüf ki, ikili standartlar siyasəti aparıldığı üçün Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb. Əgər ikili standartlar olmasaydı, bəlkə də münaqişə öz həllini tapar və gənc futbolçular rəqiblərini öz doğma yurdlarında qəbul edə bilərdilər".

Kamil HƏMZƏOĞLU

 





25.01.2018    çap et  çap et