525.Az

"Əxlaqi-nasiri" ilə bağlı konfrans keçirildi


 

"Əxlaqi-nasiri" ilə bağlı konfrans keçirildi<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Oxunması zəruri olan kitablar haqqında" 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsində Nəsrəddin Tusinin "Əxlaqi-Nasiri" əsərinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək dünya şöhrətli mütəfəkkir, görkəmli Azərbaycan alimi Məhəmməd Nəsrəddin Tusinin həyat və yaradıcılığından, zəngin irsindən, filosofun qiymətli əsərlərindən ətraflı bəhs edib.

Bildirib ki, Tusi yaradıcılığının əsasını insan əxlaqının saflaşdırılması ideyası təşkil edir. N. Tusinin şəxsi kitabxanasında 400 min nəşrin olduğunu deyən akademik görkəmli alimin bilik əldə etməkdə və insanın kamilləşməsində mütaliəyə xüsusi önəm verdiyini söyləyib.

İsmayıl Hacıyev N.Tusinin ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi baxımından xüsusi əhəmiyyətə malik olan "Əxlaqi-Nasiri" əsərinin müasir dövrdə də öz aktuallığını qoruduğunu vurğulayıb.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Nəsrəddin Tusinin həyatı və yaradıcılığı", Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin "Əxlaqi-Nasiri" əsərinin yazılma tarixi", İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun "Şair və ədəbiyyatşünas Nəsrəddin Tusi", Əlyazmalar Fondunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun "Əxlaqi-Nasiri"də ictimai münasibətlər", İncəsənət, Dil vəƏdəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük laborantı Sahab Əliyevanın "Əxlaqi-Nasiri" didaktik əsər kimi" mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, görkəmli alimin "Əxlaqi-Nasiri" əsəri gələcək nəsillər üçün də qürur və iftixar mənbəyi olaraq qalacaq.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya elmləri doktoru Bayram Rzayev və digərləri çıxış edərək orta əsr mənbələrində, həmçinin, müsəlman kitabələrində Ordubad şəhərində yaşayan Tusi nəslindən olan şəxsiyyətlər barəsində məlumatları diqqətə çatdırıblar.

 





25.01.2018    çap et  çap et