525.Az

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldılar - Fotolar


 

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldılar - <b style="color:red">Fotolar</b>

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, müxtəlif nazirlik və komitələrin məsul vəzifəli əməkdaşları, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və mükafatlandırılan jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qonaqları salamlayaraq informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Agentliyin İdarə Heyətinin sədri bildirib ki, "biliklər cəmiyyəti" mərhələsi texnologiyaların sıçrayışı və əhəmiyyətli texnoloji dəyişikliklərlə müşayiət olunur. K.İmanov qeyd edib ki, rəqəmli eranın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdıraraq yeni davranış qaydası və tələblər irəli sürüb: "Üstəlik, rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90 faizi yalnız son 2 ildə yaradılmışdır. Bütün bunlar istər jurnalistikaya, istərsə də əqli mülkiyyət sahəsinə, müəllif hüququna böyük təsir göstərir".

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə Fondun 2009-cu ildə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirdiyini bildirib.

Azərbaycanda fikir, söz və mətbuat azadlıqlarının tam bərqərar olduğunu deyən Vüqar Səfərli Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda bəzi qərəzli dairələrə tutarlı cavab verdiyini bildirib: "Möhtərəm Prezidentimiz Davos İqtisadi Forumundakı dərin məzmunlu çıxışında haqlı olaraq bildirdi ki, Azərbaycanda fikir, söz və məlumat azadlıqları yüksək səviyyədə qorunur, əhalinin 80 faizi internetdən istifadə edir. İnternet azadlığının tam mövcud olduğu bir dövlətdə mətbuat azadlığının məhdudlaşdırıldığını iddia etmək tamamilə qərəzli və əsassızdır".

Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor həmçinin bildirib ki, Müəllif Hüquqları Agentliyi ilə birgə keçirilmiş müsabiqə əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, xalqımıza məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən ictimaiyyətin bu sahədə maarifləndirilməsi və jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir.

Vüqar Səfərli müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların Fondun 3, Müəllif Hüquqları Agentliyinin 1 nəfər eksperti tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor ekspertlərin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. İcraçı direktor, həmçinin Agentliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən müsabiqədə iştirak edən, lakin yer tuta bilməyən media nümayəndələri üçün 100 manat məbləğində pul mükafatının nəzərdə tutulduğunu   bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov keçirilən birgə müsabiqənin jurnalistlərin əqli mülkiyyət hüquqlarının qorunması, onların bu sahədə maarifləndirilməsi baxımından vacibliyini diqqətə çəkib. Müsabiqədə qalib olmuş jurnalistləri təbrik edən Ə.Amaşov bildirib ki, keçirilən tədbir Agentliklə media təmsilçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

 





26.01.2018    çap et  çap et