525.Az

BANM-da İdarəetmə Məktəbinin yeni qrupunun təqdimatı oldu


 

BANM-da İdarəetmə Məktəbinin yeni qrupunun təqdimatı oldu<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM), İngiltərənin “Twenty Eighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı, BP və onun tərəfdaşlarının dəstəyi ilə keçirilən və ABŞ-ın Corc Vaşinqton universitetinin magistr proqramı əsasında hazırlanan layihə İdarəetmə Məktəbinin (SPM) növbəti – “M2” qrupunun təqdimat və açılış mərasimi keçirilib.

Açılış mərasiminə BANM-ın rektoru Elmar Qasımov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “M2” qrupunun iştirakçıları və Ali Məktəbin əməkdaşları qatılıb. 
 
BANM-ın yeni kampusunda təşkil edilən tədbirdə çıxış edən rektor Elmar Qasımov bu magistr proqramının BANM-da təşkil və tədris olunmasını Ali Məktəbin uğurlarından biri hesab etdiyini deyib. Yeni çağırışların və yanaşmaların tətbiq olunduğu müasir dövrdə layihələrin idarə olunması bacarıqlarının vacibliyinə toxunan E. Qasımov bildirib ki, Layihə İdarəetmə Məktəbinin təlimləri bu istiqamətdə menecerlərin hazırlanmasında mühüm rol oynayır. Rektor görüş zamanı yeni qrupun iştirakçıları ilə yaxından tanış olub, onları təlimlərə qatılmaları münasibətilə təbrik edib və proqramı uğurlar başa vurmalarını arzulayıb. 
 
B. Aslanbəyli isə  layihənin uğurlu şəkildə davam etməsindən məmnun olduğunu bildirib. Layihələrin idarə olunması sahəsinin xüsusi inkişafından danışan B. Aslanbəyli SPM-in hər yeni qrupunda BP şirkətinin əməkdaşlarının iştirak etdiyini bildirib. Vitse-prezident qeyd edib ki, əməkdaşlar proqramı bitirdikdən sonra çalışdıqları müxtəlif sahələrə uyğun olaraq layihə idarəetmə biliklərini uğurla tətbiq edə bilir və bu da işdə yüksək səmərəlilik və keyfiyyətə nail olmağa kömək edir.   

Təlimlərin yüksək səviyyədə keçirilməsi üçün görülən işləri yüksək qiymətləndirən BP-nin vitse-prezidenti BANM-ın rektoru E. Qasımova və Ali Məktəbin kollektivinə təşəkkür edib, təlim iştirakçılarına uğurlar arzulayıb.
 
Layihə İdarəetmə Məktəbinin yeni – “M2” qrupunun iştirakçıları sırasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, “Azərsu” ASC, BP, SOCAR, Gate Baku, Aztexnika, Bakı Şəhər Halqası kimi şirkətlərin əməkdaşları yer alıb.  
 
Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun tərəfdaşları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilib. Proqram 7 moduldan ibarətdir və yekunda proqramı uğurla bitirən  iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər.

 





29.01.2018    çap et  çap et