525.Az

"Kəklikotu"nun fərqi Tamaşaçı təəssüratı


 

"Kəklikotu"nun fərqi Tamaşaçı təəssüratı<b style="color:red"></b>

Axır ki, son illərdə çəkilmiş komediya janrında olan Azərbaycan filminə ürəkdən gülə bildim.

Azərbaycan tamaşaçısının komik filmlərimizlə bağlı mənfi düşüncəsi, məncə, bu filmlə xeyli dəyişəcək, müsbət çalar qazanacaq. Tam əminliklə demək olar ki, "Cinemazadeh" şirkətinin ərsəyə gətirdiyi "Kəklikotu" filmi son illərdə Azərbaycanda çəkilən üstün komediya filmlərindən biridir və bu sahənin inkişafında həmin filmin özünəməxsus rolu olacaq.

Artıq bir aya yaxındır ki, kinoteatrlarda nümayiş olunan "Kəklikotu" filminə bir çoxları kimi mən də bilet almağa həvəs göstərmirdim. Dəfələrlə filmlərimizdəki keyfiyyətsizliyi görüb, hətta, film başa çatmamış kinoteatr zalını tərk etdiyim də olmuşdu. "Bayağı filmlər" kateqoriyasından olan bu cür filmlərin premyerası zamanı aktyorların özünün də filmi tam izləməmiş zalı tərk etdiklərini müşahidə etmişəm. Amma bu dəfə, nəhayət ki, vəziyyət fərqli oldu.

Filmdə aktyorlardan tutmuş texniki heyətə qədər bütün kollektivin işinin öhdəsindən tam şəkildə gəldiyini demək olar. Və onlar bu işləri ilə filmlərimizin gələcəyinə olan ümidi bir qədər də artırmış oldular.

"Kəklikotu" filmində "Qafar" obrazını canlandıran məşhur bloger Əlixan Rəcəbovun Azərbaycanın müasir kino sahəsinin ən bacarıqlı və istedadlı gənclərindən olduğunu, digər aktyor və aktrisaların  da filmdə öz işlərinin öhdəsindən layiqincə gəldiklərini mütləq söyləməliyik.

Eyni zamanda, filmdə mədəniyyət və incəsənət sahəsində tanınmış bir çox simaların rol alması və birlikdə bu işi ərsəyə gətirməsi də xoşagələn məqamlardan biridir. "Güc birlikdədir" devizi ilə elə birlikdə də hər kəs filmə öz töhfəsini verə bilib.

Filmin süjet xətti kifayət qədər sadədir. Əslində komediya janrında olan filmlərdə məhz əsas məqsəd sadə süjet xəttindən maraqlı ekran işi yaratmaqdır.  Və "Kəklikotu" macərası əvvəldən axıradək bizi əyləndirə bilir.

Filmin ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissorları Cəfər Axundzadə və Vüqar İsmayılzadə, prodüsser Tural Əsədov, baş redaktoru Xətai Əli, baş koordinatoru isə Zaur Darabzadədir.

Ekran işində Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Nigar Camal, Aqil M. Quliyev, Kənan MM, Ceyhun Zeynalov, Samir Qulamov, Vüsal Hacıqədir və digər tanınmışlar rol alıb.

Bu filmdə əməyi olan hər bir kəsə təşəkkür düşür. Azərbaycan tamaşaçısı kinoteatrlarda sözügedən filmə baxmaqla, məncə, vaxtını itirilmiş hesab etməyə bilər. Ən azı bir neçə gün bu filmin təəssüratıyla özünü pozitiv əhval-ruhiyyədə saxlamaq mümkündür.

Ayxan NİHAN

 





30.01.2018    çap et  çap et