525.Az

Əflatun Amaşov: "Aşıq sənətinin qorunması ilə bağlı ayrıca qanun olmalıdır"


 

AZƏRBAYCAN KİNOSUNUN 120 İLLİYİNDƏ "KİNEMATOQRAFİYA HAQQINDA" QANUN OLACAQMI?

Əflatun Amaşov: "Aşıq sənətinin qorunması ilə bağlı ayrıca qanun olmalıdır"<b style="color:red"></b>

"Bu il Azərbaycan kinosunun yaranmasının 120 ili tamam olacaq və bununla bağlı "Kinematoqrafiya haqqında" qanunun olması çox vacibdir".
 
Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsininn sədri, akademik Rafael Hüseynov adıçəkilən komitənin yanvarın 29-da keçirilən iclasında deyib.

Komitə sədri Azərbaycan kinosunun dünya kinosundan cəmi 5 il sonra yarandığını bildirib və əlavə edib ki, o zaman Avropanın bir çox qabaqcıl ölkələrində  heç kino yaranmamışdı: "Dünyada kinonun yaranma tarixi 1893-cü ildir. Azərbaycan kinosunun tarixi isə ondan cəmi 5 il sonra gəlir. O vaxt ilk səssiz filmimiz çəkilmişdi, hansı ki, Avropanın bir çox qabaqcıl ölkələrində  heç kino meydana gəlməmişdi. Azərbaycan kinosu son 120 ildə dünya kinosuna öz incilərini verib. Ona görə bu sahəni tənzimləyəcək bir qanuna ehtiyacımız var.

Bildiyiniz kimi, bu yöndə də bir neçə il öncə müvafiq qanun layihəsi hazırlanmış və geniş müzakirələrdən də keçirilmişdi. Amma bir sıra məsələlər vardı ki, onlar öz həllini tapmamışdı və bu baxımdan, adıçəkilən sənədin parlamentin plenar iclasına çıxarılması təxirə salınmışdı. Amma hesab edirik ki, belə bir sənədə böyük ehtiyac var və odur ki, həmin qanun layihəsini daha təkmilləşdirilmiş şəkildə müzakirələrə çıxarmağı nəzərdə tuturuq. Çox güman ki, onu komitəmizdə müzakirədən keçirdikdən sonra plenar iclasa tövsiyə edə bilərik". Komitə sədri eyni zamanda bildirib ki, kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün əvvəlcə vergi, gömrük qanunvericiliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir: "Qeyd edim ki, artıq müvafiq nazirliklər bu layihəyə müsbət rəy veriblər. Lakin qeyd etdiyim kimi, burada olan bir necə məsələyə görə, layihəni hələlik komitədə müzakirəyə çıxara bilmirik. Kinematoqrafiya sahəsində güzəştlərin olması üçün əvvəlcə vergi, gömrük qanunvericiliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir. Bu dəyişiklik olduqdan sonra onları "Kinematoqrafiya haqqında" qanun layihəsinə daxil edə bilərik. Müvafiq qurumlar bu məsələyə müsbət rəy verdikdən sonra isə  qeyd etdiyim kimi, biz "Kinematoqrafiya haqqında" qanun layihəsini müzakirəyə çıxaracağıq".

Adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva da "Kinematoqrafiya haqqında" qanunun olmasının vacibliyini söyləyib və qeyd edib ki, bu  yöndə sənəd nəhayət, müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır.

R.Hüseynov  sonra qeyd edib ki, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin yaxın vaxtlarda parlamentə təqdim edilməsi gözlənilir. Komitə sədrinin daha sonra dediyinə görə, adlar və soyadlarla bağlı tənzimləyici sənədlər var:"Lakin bu, heç də adlar və soyadlarla bağlı bütün məsələləri əhatə edə bilmir. Ona görə də belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac duyuruq". R.Hüseynov əlavə edib ki, "Ad və soyadlar haqqında"  qanun layihəsi də  yaxın vaxtlarda komitə üzvlərinə təqdim ediləcək. Komitə sədri  həmçinin bildirib ki, tam yetkin hesab oluna bilən "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsində muğam sənətinin inkişafına xidmət edən bütün məsələlər öz əksini tapıb: "1930-cu illərdə hətta, muğamların adlarının dəyişdirilməsi, bəzilərinin hətta sıradan çıxarılması məsələsi var idi.  Ancaq Azərbaycanda muğama diqqət heç vaxt indiki qədər olmayıb".

Adıçəkilən komitənin üzvü, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov isə aşıq sənətinin inkişafı və qorunması ilə bağlı ayrıca qanuna ehtiyac olduğunu bildirib. Millət vəkili təklif edib ki, bununla da bağlı ayrıca qanun layihəsi hazırlanmalı və müzakirələrə çıxarılmalıdır: "Hesab edirəm ki, Azərbaycanda aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında ayrıca qanuna ehtiyac var. Belə bir qanunun olması çox vacibdir. Odur ki, bu yöndə də müvafiq qanun layihəsi hazırlanmalı və müzakirələrə çıxarılmalıdır".

R.Hüseynov da öz növbəsində belə bir qanun layihəsini hələ bir neçə il öncə hazırladığını və onun gələcəkdə müzakirələrə təqdim ediləcəyini bildirib.

Kamil HƏMZƏOĞLU

 





30.01.2018    çap et  çap et