525.Az

Günel Anarqızının kitabı Bazeldə təqdim olundu


 

Günel Anarqızının kitabı Bazeldə təqdim olundu<b style="color:red"></b>

İsveçrənin Bazel şəhərində Azərbaycan yazıçısı və publisisti, “Ölkəm” jurnalının baş redaktoru Günel Anarqızının alman dilinə çevrilmiş “Qarabağ hekayələri” kitabının təqdimatı olub. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə Bazeldə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Cəmiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin dəstəyi ilə reallaşan təqdimat mərasimi şəhərin tarixi və nüfuzlu yerlərindən birində - 1787-ci ildə yaradılmış Mütaliəni Sevənlər Cəmiyyətində keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı, diaspor nümayəndələri, ictimai xadimlər, tələbələr iştirak ediblər.

Təqdimat mərasimini açan və aparıcılıq edən məşhur jurnalist Markus Bodmer layihə haqqında məlumatdan sonra sözü müəllifə verib. 

Qonaqları salamlayan Günel Anarqızı da layihənin ideyası və məqsədlərindən, Azərbaycan xalqının uzun illərdir yaşadığı Qarabağ problemindən, təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsindən və bu problemin ədəbiyyat vasitəsilə bütün dünyaya çatdırılmasının vacibliyindən danışıb. 

Daha sonra aktrisa Mariya Txorjevskaya Günel Anarqızının kitabından iki hekayəni – “Atama məktub” və “Qadın üzlü şəhər”i səsləndirib. 

Tədbirdə isveçrəli jurnalist və fotoreportyor Andre Vidmerin Qarabağa və Azərbaycan torpaqlarının işğalına həsr olunmuş fotoalbomu təqdim edilib. Jurnalist Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycan ərazilərində dağıdılıb talan edilmiş və planlı şəkildə məhv edilmiş tarixi abidələrimizin şəkillərini nümayiş etdirib. 

İsveçrəli jurnalistin 2010-cu ildə çəkdiyi və ekranda nümayiş olunan fotoları azərbaycanlı yazıçının 2002-ci ildə Qarabağ, Şuşa haqqında qələmə aldığı hekayələri əyani olaraq göstərib. Nümayiş və qiraət o qədər təsirli olmuşdur ki, tədbirə toplaşanlar göz yaşlarına hakim ola bilməmiş və uzun müddət erməni işğalını, onun ağır nəticələrini müzakirə etmişlər. 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar və Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı çıxış ediblər.

Sonda Günel Anarqızı təqdimat mərasiminin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirdirib.

GÜNEL 

 





18.06.2013    çap et  çap et