525.Az

"Gəncliyimiz gələcəyimizdir" adlı sərgi-tədbir


 

"Gəncliyimiz gələcəyimizdir" adlı sərgi-tədbir <b style="color:red"></b>

Dünən Xətai Sənət Mərkəzində "Azərbaycanın Cümhuriyyət ili"ndə 2 Fevral Gənclər gününə həsr olunmuş "Gəncliyimiz gələcəyimizdir" adlı sərgi-tədbir keçirilib.

Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Diasporalarla İş üzrə Dövlət Komitəsi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan sərgiyə tanınmış rəssamlar, gənc fırça ustaları, sənətsevərlər və media nümayəndələri qatılıblar.

Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra layihə rəhbəri Elnurə İsgəndərova sərgi haqqında geniş məlumat verib. Bildirib ki, sərgidə 15-dən çox gənc fırça ustalarının 200-dək sənət əsəri ziyarətçilərin ixtiyarına verilib.

Sərginin təşkilatçısı gənc rəssam Aygün İsgəndərova bildirib ki, sərgidə incəsənətin bütün janrlarında olan əsərlər nümayiş olunur. Sərgidə müxtəlif yaş qruplarından olan rəssamlar və dekorativ sənət ustaları iştirak edirlər. 

Xalq rəssamı, professor Arif Hüseynov sərginin əhəmiyyəti haqqında danışıb, bu cür sərgilərin gənclərin təsviri sənətə olan marağının artırılmasında mühüm rolunu qeyd edib.

Professor Ziyadxan Əliyev gənclərin əl işlərini yüksək qiymətləndirib, gəncliyin incəsənətə, mədəniyyətə olan sevgisindən məmnunluğunu ifadə edib.

Qonaqlardan Sabir adına Mərkəzi Kitabxananın direktoru Gülşən Abbasova, şair Vahid Əziz, aktyor Rəşad Kəsəmənli və başqaları çıxış edərək Cümhuriyyət ili və Gənclər günü münasibətilə gənc rəssamları təbrik edib, onlara daha böyük uğurlar diləyiblər.

Sonda iştirakçılar sertifikat və diplomlarla təltif olunublar.

Şahanə MÜŞFİQ

 





02.02.2018    çap et  çap et