525.Az

Ədəbiyyatımızda detektiv janrının yaradıcısı


 

YAZIÇI CƏMŞİD ƏMİROVUN 100 İLLİYİNƏ

Ədəbiyyatımızda detektiv janrının yaradıcısı<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan detektiv ədəbiyyatının yaradıcısı Cəmşid Əmirovun 100 yaşı tamam olur. Yarım əsrdən çoxdur ki, detektiv mütaliə həvəskarları xüsusi maraqla onun əsərlərini oxuyurlar.

1918-ci il fevralın 10-da Naxçıvan şəhərində dünyaya gələn Cəmşid Əmirov orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu. Yazmağa olan meyli hələ tələbəlik illərindən respublika qəzetləri ilə sıx əməkdaşlığa həvəsləndirmişdi. Yazıçılıq sevgisi onu son kursda institutu tərk etməyə vadar edib, sonra da  öz ixtisası ilə işləmək istəməyib. Həmin dövrün nəşrlərindən olan “Azərbaycan gəncləri” qəzetində məsul katib, “Gənc işçi” qəzetində şöbə müdiri işləyib.

Lakin müharibənin başlanması arzularının reallaşdırmasını xeyli ləngidib. İkinci dünya müharibəsində gənc yazar ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexiya, Slovakiya, Avstriya və Çində olub. Ordudakı xidmətlərinə görə I dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, “Berlinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Yaponiya üzərində qələbəyə görə” medallarına layiq görülüb.

C.Əmirov ədəbi yaradıcılığa qırxıncı illərdən oçerk, felyeton və hekayələrlə başlayıb. Onun “Dəqiqələr, saniyələr...” adlı ilk oçerki 1946-cı ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. İlk kitabı isə 1958-ci ildə çap olunub. 1962-ci ildə Yazıçılar İttifaqının üzvü seçilib.

Müharibə sona çatandan sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, Moskvada çıxan “Sovet ticarəti” qəzetinin xüsusi müxbiri, Neftnəşrdə baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri işləyib. Detektiv əsərlərinə görə çoxları elə düşünür ki, o, hüquq-mühafizə sisteminin işçisi olub. Əslində isə demək olar ki, ömür boyu mətbuat sahəsində qələm adamı kimi çalışıb.

Əmək fəaliyyətinin son üç ilində Bakı Maliyyə-kredit texnikumunun (indiki maliyyə-iqtisad kollecinin) direktoru olub, 54 yaşında fərdi təqaüdə çıxıb.

Cəmşid Əmirov elə də çox yazmayıb. Sağlığında “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” adlı cəmi dörd kitabı çap olunub. Lakin bu əsərləri ilə, o, milli ədəbiyyatımızda peşəkar detektivin yaradıcısı haqqını qazanıb. İlk detektiv əsəri 1957-ci ildə yazdığı “Sahil əməliyyatı” povesti olub. Bu kitabların içərisində ən çox axtarılanı, oxumağa köhnəlməyəni “Qara Volqa” romanıdır. 

Sovet dövründə iki dəfə yüz min tirajla çap edilən bu kitab az sonra qadağan olundu, kitabxanalardan, evlərdən yığışdırıldı. Ancaq əldən-ələ gizlin ötürülüb, gizlin oxunuldu. Nəhayət, müstəqillik dövründən sonra “Qara Volqa” yenidən kütləvi şəkildə oxucuların ixtiyarına verildi.

Yazıçı 1966-cı ildə “Sahil əməliyyatı” povestinin əsasında  “Azərbaycanfilm”də çəkilmiş “İstintaq davam edir” adlı bədii filmin ssenarisini də yazıb. Film həmin dövrdə kinoteatrlarda ən çox baxılan filmlərdən biri olub. 1994-cü ildə onun əsəri əsasında daha bir film - “Qara Volqa” çəkilib. Təəssüf ki, bu film əsərin qazandığı uğuru təkrarlaya bilməyib.

C.Əmirov sadə yazıçı həyatı yaşayıb. Əli Əmirov kimi tanınmış və nüfuzlu şəxsiyyətin qardaşı olmasına baxmayaraq iddiasız bir həyat sürüb. Görkəmli nasirin əsl yazıçıya layiq həyat sürdüyünə əminlik yaranması üçün bir faktı xatırlamaq yerinə düşər. Bəlkə də çoxları bilmir ki, SSRİ-nin fəxri neftçisi, Dövlət mükafatı laureatı, texnika elmləri doktoru Əli Əmirov onun böyük qardaşı idi. Əli Əmirov 1962-1971-ci illərdə Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin katibi, 1972-1976-cı illərdə isə Azərneft Birliyinin Baş direktoru işləyib. Ancaq Cəmşid Əmirov bəziləri sayaq heç vaxt qardaşının adından, mövqeyindən yararlanaraq özünə mənsəb qurmaq, yüksək səlahiyyət, hansısa fəxri ad iddiasında olmayıb. Ruzisinə qane olmağa üstünlük verib, ömrünün altmış beşinci ilində - 1982-ci ildə sadə yazıçı həyatını başa vurub. 

Cəmşid Əmirovun əsərləri doxsanıncı illərdən başlayaraq bir neçə dəfə, xüsusilə “Qara Volqa” dəfələrlə müxtəlif özəl nəşriyyatlar tərəfindən təkrar nəşr edilib. Lakin Milli Kitabxananın elektron kataloqunda özəl nəşriyyatlara məxsus olan kitabların heç birinin adları, biblioqrafik təsvirləri yoxdur. Belə çıxır ki, ölkənin baş kitabxanasında həmin nəşrlərin qanunla vacib sayılan mütləq nüsxələri də yoxdur. Görəsən yazıçının kitablarından qazanc götürən nəşriyyatların kitabxanaya bir neçə nüsxə kitab verməklə gəlirləri çoxmu əksilər?

Xoşagəlməz hal odur ki, ümumiyyətlə onun yaradıcılığı, çap olunan kitabları ilə bağlı dolğun, hər hansı ətraflı biblioqrafik mənbə tapmaq çox çətindir. Ümid edirəm yaxın gələcəkdə bu çatışmamazlıq, laqeydlik aradan götürüləcək, yazıçının fəaliyyəti və əsərləri haqqında monoqrafiyalar, kitablar yazılacaq, xatirəsinin əbədiləşdirilməsi üçün gərəkli tədbirlər görüləcək.

Nə qədər ki, Azərbaycan ədəbiyyatı var, ana dilimizdə yazılan detektiv əsərlərin banisi - Cəmşid Əmirovun adı və əsərləri hər zaman yaşayacaq.

 





03.02.2018    çap et  çap et