Bu gün ölkənin tanınmış media orqanlarından olan "525-ci qəzet"in 5000-ci sayı işıq üzü görüb.
Yubiley sayı ilə bağlı qəzetin şöbə müdiri, tanınmış idman jurnalisti İlqar Tağıyev təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, 16 yaşından bu qəzetdə çalışır: "525" "doğulandan" 9 ay sonra bu doğma ocaqda işləməyə başlamışam. Az qala qəzetin bütün nömrələri mənim əlimdən keçib.
Düzdür, qəzetin 1 yaşında iştirak edə bilməmişdim, o vaxt futbolla məşğul olduğumdan oyunda idim. Amma 100-cü sayını qeyd etməyimiz yadımdadır. Həmin məclisdə bir çox tanınmış simalar da iştirak etmişdilər. O tədbirdə 525-ci, 1000-ci 5000-ci, 10000-ci sayların işıq üzü görməsi də dilə gətirilən arzular arasındaydı. İndi baxıram ki, həmin arzuların az qala hamısı yerinə yetib. Bircə 10000-ci say qalıb. Hesablamışam, bununçün 21 il lazımdır. İnanıram ki, o günü də görəcəyik".
Şöbə müdiri əlavə edib ki, bu illər ərzində kifayət qədər maraqlı, gülməli, hətta çox çətin situasiyalarla üzləşməli olublar. Amma qəzetin işinin axsamaması həmişə təmin edilib:
"Təxminən 5-6 il əvvəl, elə fevral ayında möhkəm çovğun olmuş, ölkənin əksər yerlərində, eləcə də paytaxtda elektrik enerjisi kəsilmişdi. Çox əziyyət çəkməli olsaq da, o şaxtalı havada kustar üsulla qəzeti çap edə bildik. Həmin gün ölkədə cəmi iki qəzet çap olunmuşdu. Onlardan biri "525-ci qəzet" idi".
çap et