525.Az

Hollandiyanın Yeni Avropa Universitetinin rektoru BSU-nun qonağı olub


 

Hollandiyanın Yeni Avropa Universitetinin rektoru BSU-nun qonağı olub<b style="color:red"></b>

Dünən Hollandiyanın Yeni Avropa Universitetinin rektoru prof. Dr. E.Didyen Bakı Slavyan Universitetinin qonağı olub.O, universitetlə  tanışlıq çərçivəsində muzeydə, müasir standartlarla yenidən qurulmuş kitabxanada olub, xarici ölkələrin BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini gəzib və “Kölgə Kabinetinin” üzvləri ilə görüşüb. Universitetin professor-müəllim heyəti ilə görüşü açan BSU-nun rektoru, AMEA- nın müxbir üzvü prof. Kamal Abdullayev qonağı BSU-da qarşılamaqdan məmnun olduğunu bildirib: “Mən artıq dostlaşdığım cənab E.Dideynə öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, tələbələrimiz, müəllimlərimiz, alimlərimiz arasında əməkdaşlıq ancaq sözdə deyil, real həyatda da özünü göstərəcək. Əminəm ki, imzalayacağımız bu əməkdaşlıq müqaviləsi hər iki tərəf  üçün son dərəcə uğurlu olacaq və bundan bizim tələbələrimiz də, müəllimlərimiz də yetərincə faydalanacaqdır”.

Yeni Avropa Universitetinin rektoru prof. Dr. E.Didyen dəvətə görə K.Abdullayevə təşəkkür edib. Rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verən rektor arzu edənləri Hollandiyada təhsil almağa dəvət edib. BSU-nun təhsil səviyyəsini yüksək qiymətləndirən qonaq burada fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərinin də işindən olduqca razı qaldığını vurğulayıb.  “Sizin çox böyük mədəniyyətiniz var” deyən prof. Dr. E.Didyen həm də rəhbərlik etdiyi universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi ilə bağlı danışıqlar aparmağa hazır olduğunu  bildirib.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi-metodik vəsaitlərin hazırlanması barədə razılaşma əldə edilib.

Sabah qonağın BSU-nun Filologiya fakültəsi ilə tanışlıq və Alman filologiyası kafedrasının əməkdaşları ilə görüşü nəzərdə tutulub.

Günay  ƏLİYEVA

 





19.06.2013    çap et  çap et