525.Az

Akademik Teymur Bünyadovla Xalça Muzeyində görüş


 

Akademik Teymur Bünyadovla Xalça Muzeyində görüş <b style="color:red"></b>

Azərbaycan Xalça Muzeyində muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olan tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, "Şərəf" ordenli akademik Teymur Bünyadovun "Azərbaycan xalça sənəti" adlı mühazirəsi dinlənilib.

Muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova akademikin həyat və fəaliyyəti haqqında məlumat verib.

Bildirib ki, bu ildən etibarən muzeydə muzeyin yaradılması, inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş alimlərə həsr olunmuş silsilə mühazirələr keçiriləcək. Bu silsilədən ilk tədbir Teymur Bünyadova həsr edilib. O, dəyərli ziyalı, akademik Teymur Bünyadovun Azərbaycan Xalça Muzeyi ilə bağlı fəaliyyətindən bəhs edib: "Teymur Bünyadov uzun müddət muzeyin fond satınalma komissiyasının üzvü, eləcə də 1992-ci ildən muzeyin nəzdində fəaliyyət göstərən Mədəniyyət və Turizm Nazirliyinin ekspert komissiyasının üzvü olub. Muzeyin kolleksiyalarının zənginləşdirilməsi məqsədilə təşkil olunmuş elmi ekspedisiyalarda da fəal iştirak edib, kolleksiyalar haqqında tarixi-etnoqrafik, bədii sənətkarlıq məlumatların əldə edilməsində böyük əməyi olub".

Şirin Məlikova bildirib ki, Teymur Bünyadov "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının qanununun hazırlanmasının təşəbbüskarıdır.

Ümumilikdə 30-dan artıq kitabın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik Azərbaycan etnoqrafiya elminin yaradıcılarından olmaqla bərabər, həm də bu elmin daxilində "tarixi etnoqrafiya məktəbi"nin əsasını qoyub, 8 elmlər doktoru, 35-dən çox fəlsəfə doktoru yetişdirib.

Akademikin çoxillik elmi, bədii və publisistik yaradıcılığından da söz açan Şirin Məlikova onu ölkəmizin müstəqilliyini, dövlətçiliyini uca tutan ictimai-siyasi xadim kimi xarakterizə edib.

Qeyd edilib ki, görkəmli alimin elmi, pedaqoji və ictimai-siyasi xidmətləri hər zaman yüksək qiymətləndirilib. O, 2005-ci ildə "Şöhrət" ordeni, 2008-ci ildə "Əməkdar Elm Xadimi" fəxri adına, 90 illik yubileyi münasibəti ilə yanvarın 18-də ölkə başçısının müvafiq Sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.

Dəyərli alimi yubileyi münasibətlə təbrik edib Şirin Məlikova ona diplom və xatirə hədiyyəsi təqdim edib.

Tədbirin təşkilinə görə muzey rəhbərliyinə təşəkkürünü bildirən Teymur Bünyadov "Azərbaycan xalça sənəti" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə xalça sənətinin çoxəsrlik tarixindən, müasir inkişafından danışan görkəmli akademik Azərbaycan Xalça Muzeyinin bu qədim el sənətinin yaşadılması, gələcək nəsillərə çatdırılması və təbliği istiqamətindəki rolunu yüksək qiymətləndirib.

Sonda tədbir iştirakçılarının suallarını cavablandıran alim, eyni zamanda bədii yaradıcılıq nümunələrindən nümunələr səsləndirib.

Şahanə MÜŞFİQ

 





06.02.2018    çap et  çap et