525.Az

Ədəbiyyat İnstitutu "Xəbərlər"inin yeni sayında...


 

Ədəbiyyat İnstitutu "Xəbərlər"inin yeni sayında...<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Xəbərlər" jurnalı çapdan çıxıb.

Toplu AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü" adlı əhəmiyyətli məqaləsi ilə açılır. Görkəmli ədəbiyyatşünas-alim məqalədə hesab edir ki, VII-X əsrlərdə Azərbaycan xalqı güclü ortaq yazılı ədəbiyyat yaratmaq qüdrətinə malik olub, Azərbaycan yazılı ədəbiyyatı geniş coğrafi ərazidə və müxtəlif dillərdə ortaq ümumtürk ərəb-müsəlman ədəbi təfəkkürünün sintezi olan ədəbiyyat yaradıb. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü ədəbiyyatımızın sonrakı tarixi mərhələlərinin möhkəm təməlini təşkil edib, ümumtürk və ərəb-müsəlman ədəbi-ictimai fikri, ölkədaxili proseslərin qarşılıqlı əlaqəsi və sintezi yaradıcı mühitdə geniş dünyagörüşün formalaşmasına, bu zəmində böyük ədəbiyyatın yaranmasına yol açıb. Alim ümumiləşdirir ki: "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi 7 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"ndə yazılı ədəbiyyatın ortaq ümumtürk Orxon-Yenisey abidələrindən və ərəb-müsəlman ədəbiyyatını yaratmış azərbaycanlı şairlərin əsərlərindən başlaması müştərək olsa da, VII-X əsrlər ədəbiyyatının xüsusi bir mərhələ olduğunu bir daha elmi şəkildə təsdiq edir".

"Xəbərlər" jurnalının bu sayında Azərbaycan ədəbiyyatı tarixi, Ədəbiyyat nəzəriyyəsi, Ədəbi əlaqələr, Folklorşünaslıq, Dilçilik və Sənətşünaslıq bölmələri əhatə olunub.

Azərbaycan ədəbiyyatı tarixi üzrə 15 məqalə verilib. Professor Əlizadə Əsgərlinin "Akademik Bəkir Nəbiyev Heydər Əliyevin ədəbiyyat sahəsində siyasəti haqqında" məqaləsində görkəmli akademikin Ulu Öndər Heydər Əliyevin dünya sivilizasiyasında yerini, ədəbiyyat sahəsində siyasətini təbliğ edib, elmi-nəzəri müddəalar verib.

Professor Paşa Kərimovun "XVI əsrdə yaşamış Azərbaycan şairi və dövlət xadimi Yusif bəy Ustaclu" məqaləsi Yusif bəy Ustaclunun Britaniya muzeyində saxlanılan divanının anadilli şeirlərindən, dosent Gülşən Ağabəyin "Mirzə Ələkbər Sabirin satira ənənəsi və Məmməd Səid Ordubadinin 1920-ci illər yaradıcılığı" məqaləsi "M.S.Ordubadinin satira ənənələrindən, professor Almaz Ülvinin (Binnətova) "Əlişir Nəvainin "Nəsaim ül-məhəbbət" təzkirəsində Xoca Əhməd Yəsəvi və yəsəvilik" məqaləsi Ə.Yəsəvinin türk ədəbiyyatı tarixindəki xidmətlərindən, Elnarə Zeynalovanın "Şiniyyə", yoxsa "Mirəfus-Səfa" məqaləsi elmi mənbələrdə bununla bağlı verilmiş fikirlərin xülasəsindən, dosent Şahbaz Şamıoğlunun "Mirzə Fətəli Axundzadə Əbdülvahab Yurdsevərin araşdırmalarında" məqaləsi Ə.Yurdsevərin M.F.Axundzadə haqqında tədqiqlərindən, dosent Aslan Salmanovun "Dəli şair poeması: mətni və tarixçəsi" məqaləsi "Dəli şair" əsərinin mətn strukturundan, professor Alxan Bayramoğlunun "Mirzə Ələkbər Sabirin gizli imzalarının yaranma səbəbləri" məqaləsi gizli imzaların bədii keyfiyyət göstəricilərindən, professor Yaşar Qasımbəylinin "Çağdaş poeziyada milli istiqlal idealının dinamikası" məqaləsi B.Vahabzadə, X.R.Ulutürk və M.Araz poeziyasının istiqlal uğrunda mübarizə pafosundan, dosent Lütviyyə Əsgərzadənin "Şeyx Sənan - yarıməfsanəvi tarix" məqaləsi Sənan soyunun bəzi xristian ölkələrində unutdurulması səbəblərindən, Cəlaləddin Curayevin "Azərbaycan şairi Ziya Təbrizi" məqaləsi Azərbaycan şairi Mövlana Ziya Ordubadinin həyat və yaradıcılığından, Əli Fərhadovun "Şəbnamə" və "Azərbaycan" qəzetlərinə baxış (XIX əsrin sonu, XX əsrin əvvəlləri) məqaləsi Əliqulu Səfərovun qəzetçilik fəaliyyətindən, Afaq Əliyevanın "Milli-mədəni irsimizin təbliğatçısı Qulam Məmmədli" məqaləsi görkəmli mətbuat xadiminin mədəniyyətimiz sahəsində xidmətlərindən, Aynurə Paşayevanın "Cənubi Azərbaycan mövzusunun publisistikada bədii təcəssümü" məqaləsi cənubdakı milli həyatın mətbuatımızdakı əksindən, Nurlanə Məmmədovanın "Cəlil Məmmədquluzadə irsinin tədqiqi" məqaləsi Məsud Əlioğlunun Mirzə Cəlil haqqında tədqiqlərindən bəhs edir.

Jurnalda Ədəbiyyat nəzəriyyəsinə aid 6 məqalə verilib. Əməkdar elm xadimi, professor Fəridə Vəlixanovanın "Tərcümə və bədii təsvirin fərdi-milli sistemi" məqaləsi müasirlik anlayışının şərhi, professor Nizami Tağısoyun "Mühacirət dövrü ədəbi-elmi irsimiz yeni araşdırmalar müstəvisində" məqaləsi dövlət xadimi M.Ə.Rəsulzadənin ictimai-siyasi, etik-fəlsəfi, ədəbi-mədəni fəaliyyəti, dosent Elnarə Akimovanın "Boz ədəbiyyat" və ədəbi tənqid" məqaləsi yararsız boz ədəbiyyata ədəbi tənqid etirazı, dosent Lalə İkramqızının (Əlizadə) "Qazi Bürhanəddinin bədii-estetik təcəssümü" məqaləsi Q.Bürhanəddin alleqoriyaları, dosent Nərmin Cahangirovanın "Romantik poema: ənənə və müasirliyin vəhdəti" məqaləsi M.Hadi və A.Səhhət yaradıcılığının romantik poemalarımızdakı ənənəsi, dosent Səbinə Əhmədovanın "Hüseyn Nadim Naxçıvaninin ədəbi irsi və yaradıcılığının ədəbi mahiyyəti" məqaləsi H.N.Naxçıvaninin qəzəl, qəsidə və mərsiyələrinin təhlilinə həsr olunub.

Məcmuədə ədəbi əlaqələrə dair 9 məqalə özünə yer alıb. Dosent Abid Tahirlinin "Abay Dağlının "Onlar türklərdi" romanında bolşevizm və faşizmin ifşası" məqaləsi adıçəkilən romanın əhəmiyyəti, dosent Samir Səttarovun "Adam Mitskeviç və Azərbaycan" məqaləsi polyak sənətkarının Azərbaycanda sevgisi, dosent Bəsirə Əzizəliyevanın "Türk əsirliyində qalan ispan  yazıçısı" məqaləsi Qərbin türklərə qarşı qeyri-obyektiv münasibətinin səbəbləri, dosent Mahrux Tağıyevanın "F.M.Dostoyevskinin "Şeytanlar" romanının tərcüməsində nitq üslubunun qorunması məsələsi" məqaləsi yazıçı dilinə prof. Məmməd Qocayevin elmi-nəzəri baxışı, dosent Səkinə Qaybalıyevanın "Azərbaycan-İraq-Türkman ədəbi əlaqələrinin tarixinə dair" məqaləsi üç xalq arasında ədəbi-mədəni əlaqələrin davamı, dosent Aybəniz Həşimovanın "Velimir Xlebnikovun yaradıcılığında mifoloji motiv və süjetlərə müraciət" məqaləsi sənətkarın bədii dilinin quruluşu, dosent Nurlanə Mustafayevanın "Türkiyə ədəbiyyatşünaslığında klassik Azərbaycan poetikasının araşdırılması məsələləri" məqaləsi türk alimlərinin Azərbaycan sənətkarları haqqında tədqiqləri, Əzizə Əliyevanın "Məhəmmədağa Şahtaxtlı yaradıcılığında Azərbaycan-Fransa əlaqələri" məqaləsi publisist və ictimai xadimi bu sahədə xidmətləri, İlahə Məmmədovanın "Xəyyam və Məhsəti" rübailəri Avropa marağı kontekstində" məqaləsi müəlliflərin rübailərinin ingilis dilinə tərcümə məsələlərini özündə ehtiva edir.

"Xəbərlər" jurnalının Folklorşünaslıq bölməsində 8 məqalə verilib. Professor İslam Sadığın "Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanında Şumer motivləri" məqaləsində romandakı Yel ulusu adının Şumer tanrısı Enlil adındakı yel sözündən, dosent İsmixan Osmanlının "Kitabi-Dədə Qorqud" abidəsinin on üçüncü boyu olmuşdurmu" məqaləsində "Kitabi-Dədə Qorqud”un on üçüncü boy barəsində yanlışlardan, dosent Əzizağa Nəcəfovun "Fərhad evi abidəsi və Naxçıvan folklorunda Fərhad mifi" məqaləsində obrazın Nizamidən əvvəlki mövcud bilgilərindən, dosent Almara Nəbiyevanın "Kitabi-Dədə Qorqud" eposunda nağıl ənənələri" məqaləsində bəzi dastanların nağıl süjeti olmasından, dosent İlhamə Muxtarqızının "Bəhlul Abdulla mərasim folklorunun araşdırıcısı kimi" məqaləsində folklorşünas alimin bu sahədə fəaliyyətindən, dosent Gülbəniz Babayevanın "Molla Nəsrəddin" jurnalında folklor motivləri" məqaləsində jurnaldakı folklor nümunələrindən, Qardaşxan Əzizxanlının "Çağdaş Azərbaycan şeirində xalq arxetipi və xalq yaradıcılığı problemi" məqaləsində M.Araz, S.Tahir və M.İsmayıl yaradıcılığındakı folklor motivlərindən, dosent Ülkər Ələkbərovanın "Türk və monqol xalqlarının inanclarında Sur" məqaləsində türk və monqol xalqlarında ruh təsəvvüründən bəhs olunur.

Jurnalın Dilçilik bölməsində 5 məqalə verilib. Akademik Möhsün Nağısoylunun "Klassik Şərq-Qərb tərcümə sənəti: səsləşmələr və ortaq nöqtələr" məqaləsi müasir Şərq-Qərb tərcümə nəzəriyyəsindəki oxşar cəhətlərdən, adekvat tərcümə prinsipinin üstünlüklərindən, professor İlhami Cəfərsoyun "Hayların dili və etnik mənsubiyyəti" məqaləsi ermənilərin etnik qarışığı və dilinin hibridliyindən, professor Nigar Vəliyevanın "Qloballaşma şəraitində müasir Azərbaycan dilinin lüğət tərkibinə ingilis dilinin təsiri" məqaləsi ədəbi dilin təbliği, dosent Vüqar Rəhimzadənin "Azərbaycan dilinin xüsusiyyətlərinin qorunmasında və inkişafında KİV-in rolu: real vəziyyət və qarşıda duran vəzifələr" məqaləsi ədəbi dilin qorunması və zənginləşdirilməsində KİV-in rolundan, dosent Fizuli Mustafayevin "Azərbaycan kinoaktyorlarının dilində Naxçıvan dialekti və şivə sözləri" məqaləsi filmlərdə kinoaktyorların tez-tez dialekt və şivələrdən istifadəsinin yolverilməzliyindən, dosent Bayram Hacızadənin "Avropa rəssamlarının yaradıcılığında karikatura (XIII-XVI əsrlər)" məqaləsi Avropada karikatura sahəsində gedən islahatlardan, Həbibə Allahverdiyevanın "Naxçıvan teatr rəssamlığının inkişafının bədii üslub xüsusiyyətləri" məqaləsi teatr rəssamlığının tarixi-mədəni inkişaf xüsusiyyətlərindən, professor Kamil Hüseynoğlunun "Qız qalasının mənşəyi" məqaləsi bu qədim abidənin və Bakının mənşəyi barəsində fikirlərindən, dosent Amil Əsgərovun "Naxçıvan bölgəsi musiqişünaslığına bir nəzər" məqaləsi Nəriman Məmmədov və Ramiz Mirişli haqqında tədqiqatların dəyərindən söz açır.

"Xəbərlər" jurnalının bu sayında humanitar institutlarda keçirilmiş tədbirlərin xronikası da verilib.

Əlizadə ƏSGƏRLİ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru 

 





07.02.2018    çap et  çap et