525.Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə <b style="color:red"></b>

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, müşavirədə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində ölkəmizin regionlarında sürətli sosial-iqtisadi inkişafın təmin ediləcəyi ilə bağlı bəyan etdiyi vədlər ötən dövrdə bölgələrimizdə dinamik inkişafın təmin edilməsində öz əməli təsdiqini tapıb.

Nazir bildirib ki, dövlət başçısının təşəbbüsü və konkret tapşırığı əsasında regionların sosial-iqtisadi inkişafı məqsədilə 2004-cü ilin fevral ayında qəbul edilən ilk dövlət proqramı (2004-2008-ci illər), eyni zamanda, sonralar qəbul edilən ikinci (2009-2013-cü illər) və üçüncü (2014-2018-ci illər) dövlət proqramlarının uğurlu nəticələri qeyri-neft sektorunun inkişafına da təkan verib: "Son 14 ildə milli iqtisadiyyatda 3,2 dəfə, o cümlədən, qeyri-neft sektorunda 2,8 dəfə və qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artıma, ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 1,8 milyard dollardan 42 milyard dollara çatdırılmasına, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyuluşuna nail olunub. Bu uğurlar bölgələrin sosial mənzərəsini müasirləşdirən bütün lazımi infrastruktur layihələrinin icrası, 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikilməsi və ya təmiri, 12,3 min kilometr yolun çəkilməsi, 443 körpünün inşası, 30 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın 51 faizdən 93 faizə (şəhərlərimizdə 100 faizə), fasiləsiz içməli su təminatının 26 faizdən 67 faizə (Bakı şəhərində 81 faizə) çatdırılması və s. kimi xüsusi önəm kəsb edən sosial nailiyyətlərin qazanılması ilə müşahidə olunub. Bu proqramların ən mühüm uğurlarından biri də əsasən regionlarda olmaqla çoxsaylı iş yerlərinin açılması, ölkədə işsizliyin və yoxsulluğun kəskin şəkildə aşağı enməsidir".

S.Müslümov qeyd edib ki, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi bölgələrdə əmək resurslarının məşğulluğunun əhəmiyyətli şəkildə artırılmasında önəmli rol oynayıb: "Eyni zamanda, nazirlik tərəfindən respublikanın bütün regionlarını əhatə edən aktiv məşğulluq tədbirləri, o cümlədən, bütün rayon və şəhərlərdə əmək yarmarkaları təşkil edilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının da 84 faizi regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir. Ölkə başçısı İlham Əliyev özünüməşğulluq proqramını çox böyük gələcəyi olan, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüs olan proqram kimi yüksək dəyərləndirib. Qarşımızda duran əsas vəzifə dövlət başçısının bu sahədə tapşırığına uyğun olaraq, cari il ərzində 7 minə qədər aztəminatlı ailəyə aktivlər verməklə onların kiçik ailə təsərrüfatlarını qurmalarını təmin etməkdir. Proqrama cəlb ediləcək ailələrin 83 faizinin regionlarda yaşayan ailələrdən ibarət olması nəzərdə tutulur".

Sonda nazir regionlarda əmək bazarının monitorinqi, sosial müdafiə, tibbi-sosial reabilitasiya və aktiv məşğulluq tədbirlərinin təşkili və s. aidiyyəti məsələlərlə bağıə müvafiq tapşırıqlar verib.

C.ABASOV

 





07.02.2018    çap et  çap et