525.Az

Çində Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olundu


 

Çində Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olundu<b style="color:red"></b>

Dünən Çinin Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan prezidentinin 2015-ci ildə Çinə dövlət səfərinin məhz İpək Yolunun başlanğıcı olan Sian şəhərindən başladığını vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndiyini qeyd edib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib: "Azərbaycanın Çindən Avropa Birliyinə və əksinə tranzit imkanları genişdir. Trans-Xəzər nəqliyyat dəhlizi Çinlə Avropa arasında ən qısa dəhlizdir. Çindən Avropaya ənənəvi okean daşımaları 60 günə reallaşdığı halda, bu dəhliz vasitəsilə daşımalar 14 günə həyata keçiriləcək. Dəhliz iştirakçı ölkələrə fayda verəcək, regionda sabitliyi artıracaq və insanlar üçün bərabər imkanlar yaradacaq. Dəhlizin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilib, tranzit müddəti qısaldılıb, prosedurlar sadələşdirilib. Dəhlizin digər üstünlüyü 114 milyon əhalisi, 1,1 trilyon ABŞ dollarına yaxın ÜDM-yə malik Trans-Xəzər Tranzit Dəhlizinin iştirakçısı olan Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda siyasi stabillik hökm sürür, davamlı iqtisadi artım müşahidə olunur".

Azərbaycan-Çin iqtisadi əlaqələri, ticarət və investisiya əməkdaşlığı barədə məlumat verən Ş.Mustafayev ölkəmizin investisiya cəlbediciliyi barədə danışıb, çinli iş adamlarını Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırmaq üçün geniş imkanlardan bəhrələnməyə dəvət edib. Nazir qeyd edib ki, Azərbaycan siyasi baxımdan stabildir, güclü iqtisadi potensiala malikdir, Dünya İqtisadi Forumunun hesabatına əsasən, dünyada 36-cı ən təhlükəsiz ölkədir, əlverişli biznes və investisiya mühiti yaradılıb, Cənubi Qafqazın siyasi, iqtisadi, tranzit və mədəni mərkəzi, beynəlxalq tədbirlər məkanıdır.

Şaansi Əyalətinin Kommersiya Departamentinin direktor müavini Tanq Yonqanq, Beynəlxalq Ticarət üzrə İpək Yolu Palatasının baş katibi Li Zhonqhanq və palatanın baş katibinin müavini Huanq Dahai çıxışlarında tarixi İpək Yolu, Çinin "Kəmər və Yol" təşəbbüsü və bu strategiyanın reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti barədə danışıblar.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın nəqliyyat və tranzit potensialı, ölkəmizdə yaradılmış əlverişli və müasir infrastruktur barədə məlumat verib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Çin və Avropanı birləşdirən əhəmiyyətli marşrut olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda dəmir yolu infrastrukturu yenilənib, dəhlizin rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, Bakı limanının birinci fazası isə yaxın aylarda istismara veriləcək.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib, həmçinin, Azərbaycanın nəqliyyat potensialı və Bakının "EXPO 2025" Sərgisinə namizədliyinə dair təqdimat çarxları nümayiş olunub.

Ceyhun ABASOV

 





08.02.2018    çap et  çap et