525.Az

"Azərsu"da müşavirə keçirildi


 

"Azərsu"da müşavirə keçirildi<b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində (ASC) 2017-ci ilin və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın dördüncü ilinin yekunlarına həsr olunmuş iclas keçirilib.

ASC-dən verilən məlumata görə, "Azərsu" sədri Qorxmaz Hüseynov bildirib ki, 2017-ci ildə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. O qeyd edib ki, dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2017-ci ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilib: "Hesabat dövründə 1366 km magistral və şəbəkə su xətləri, 382 km kanalizasiya kollektoru və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası, 105 min ədəd sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda -116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib".

"Azərsu" sədri 2017-ci ildə içməli su təchizatı və kanalizasiya sektorunda mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb: "2017-ci ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə Gədəbəy, Şamaxı və Qobustan şəhərlərində su və kanalizasiya, Saatlı şəhəri və Pirallahı qəsəbəsində isə içməli su layihələrinin açılış mərasimləri keçirilib. Ötən dövrdə Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, həmçinin, Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su layihələri icra edilib. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrası yekunlaşıb. Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələri icra olunub. 2017-ci ilin martında I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. "Azərsu" Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar Cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb".

Q.Hüseynov bildirib ki, 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramları bölgələrin inkişafına, əhalinin sosial rifahının gücləndirilməsinə yeni imkanlar açıb.

Sonda "Azərsu" sədri iclasa yekun vuraraq bildirib ki, əhalinin içməli su təminatının yaxşılaşdırılması sahəsində işlər 2018-ci ildə sürətlə davam etdiriləcək.

CEYHUN

 





08.02.2018    çap et  çap et