525.Az

Şahin Növrəsli Parisdə konsert verdi


 

Şahin Növrəsli Parisdə konsert verdi<b style="color:red"></b>

Parisin birinci rayonunda yerləşən "Le Duc des Lombards" caz klubunda Azərbaycanın Əməkdar artisti Şahin Növrəslinin solo konserti olub.

AZƏRTAC xəbər verir ki, "Le Duc des Lombards" caz klubundakı solo konsertində Ş.Növrəsli "Shahin Novrasli Quartet" və "Emanation" disk-albomlarından öz bəstələrini və "Segah", "Bayatı Şiraz" kimi caz-muğamlarını səsləndirib.

Şahin Növrəsli öz kompozisiyaları və Azərbaycan musiqisinin variasiyalarından ibarət geniş spektrli ifası ilə auditoriyanı ovsunlayıb. Onun hipnotik variasiyaları davam etdikcə improvizasiyaları daha da qəlizləşirdi. Tamaşaçını məharətlə musiqi aləminin dərinliklərinə çəkib, onları bütövlükdə musiqiyə qərq edirdi. Tamaşaçılar azərbaycanlı cazmeni sürəkli alqışlarla yenidən səhnəyə dəvət edir və ondan ayrılmaq istəmirdilər.

"Le Duc des Lombards" caz klubunda konsertdən sonra cazsevərlərin azərbaycanlı cazmenin disklərini almaq imkanı olub. Şahin Növrəslinin "Emanation" adlı ikinci disk-albomu amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın həmprodüsserliyi ilə Parisdə yazılıb. Onun dəvəti ilə artıq bir neçə aydır yeni disk-albomlarının hazırlanması məqsədilə Parisdə olan Şahin Növrəslinin burada silsilə konsertləri gözlənilir.

 





09.02.2018    çap et  çap et