525.Az

Əli Əhmədov və onu hədəf seçənlər...


 

Əli Əhmədov və onu hədəf seçənlər...<b style="color:red"></b>

Bu yaxınlarda Yeni Azərbaycan Partiyası (YAP) nəhayət, öz ali forumunu – 5-ci qurultayını keçirdi, lazım olan qərarlarını qəbul edib, onları ictimaiyyətə açıqladı. Ən əsası, qurultay ən vacib qərarını verdi – YAP sədri, ölkə Prezidenti İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyi irəli sürüldü. Həmçinin, qurultay YAP sədrinin yeni 3 müavinini seçdi, yeni İdarə Heyətini və Siyasi Şurasını formalaşdırdı, çoxları üçün sensasiya sayıla biləcək bir sıra kadr dəyişiklikləri etdi. Ancaq istər qurultaydan öncə, istərsə də, qurultay başa çatar-çatmaz öz iddia və ambisiyalarını gizlədə, şəxsi maraqlarını reallaşdıra bilməyən bəzi YAP-çılar müxtəlif tribunalardan ittihamlarını səsləndirməyə başladılar və bu yöndə cəhdlər hələ də davam etməkdədir. Özü də çox maraqlıdır ki, qurultaya nümayəndə seçilə bilməyən, yaxud qonaq qismində dəvət edilməyən və ya hakim partiyanın rəhbər orqanlarındakı yerlərini qoruya bilməyən, oradan uzaqlaşdırılan həmin şəxslər tənqid hədəfi, ittiham obyekti kimi nədənsə daha çox YAP sədrinin son zamanlara kimi yeganə sədr müavini olan icra katibi Əli Əhmədovu seçiblər, yəni yalnız ona qarşı ittihamlar, ultimativ bəyanatlar səsləndirirlər. Bu məsələdə də daha çox “fəallıq” edənlər isə sabiq YAP-çı millət vəkilləri, eks “raykom-icra başçısı” Maksim Musayev ( bu, o şəxsdir ki, 1992-ci ildə Xızıda icra başçısı işləyərkən Hacı Əbdül və adamları tərəfindən otağının qapısı möhürlənmiş, özü isə oradan qovulmuşdu...) və iqtisadçı- professor Əli Əlirzayevdir. Qeyd edim ki, Əli Əlirzayev və digər “narazı” YAP-çılarla müqayisədə, Maksim Musayev bütün siyasi etiket qaydalarını aşaraq, Əli Əhmədova qarşı özünün belə inanması zor olan ittihamlar, bəzən də hədyanlar, təhqirlər səsləndirməkdədir...

O, Əli Əhmədovu nələrdə suçlamır? Gah deyir ki, YAP yarananda Əli Əhmədovu orada görməyib, gah deyir ki, həmin şəxsə görə YAP-ın yaranmasının nüvə mərkəzini təşkil edən məşhur müraciətə – “91-lər” adlandırılanların müraciətinə imza atmayıb, gah deyir ki, Əli Əhmədov YAP rəhbərliyinə gələndən sonra “stajlı” və “qocaman” YAP-çılar YAP üzünə həsrət qalıblar, unudulublar... İlk baxışdan kimlər üçünsə inandırıcı görünə biləcək bu ittihamların (hədyanların) əslində yüngülvari araşdırma aparandan sonra həqiqətlə və reallıqla heç cür üst-üstə düşmədiyi, uzlaşmadığı üzə çıxır...

Əvvəla, ona görə ki, “91-lər”in müraciətinə imza atmaq elə YAP-ın yaranmasında iştirak deməkdir. Bunu qocaman YAP-çılardan olan Kərim Kərimov da Gün.az-a geniş açıqlamasında altını cızaraq vurğulayıb... Yuxarıda da qısaca olaraq qeyd etdiyim kimi, YAP-ın yaranması məhz o müraciətdən sonra qərarlaşıb, daha doğrusu, yenidən hansısa partiyada təmsil olunmaq və ya yenisini yaratmaqda maraqlı olmayan mərhum Heydər Əliyev sözügedən müraciətdən sonra – 1992-ci ilin payızında partiya yaradılmasına razılıq verib. Bunu millət vəkili, yazıçı-publisist Elmira Axundovanın son kitabında yer alan bir müsahibədən – hakim partiyanın yaradıcılarından və söz sahiblərindən olan millət vəkili Eldar İbrahimovun müsahibəsindən də bir daha aydın görmək olar...

İkincisi, Əli Əhmədovu YAP-a sonra gəlməkdə suçlayan Maksim Musayev unudur ki, ondan fərqli olaraq Əli Əhmədov məhz Heydər Əliyevə ünvanlanan məşhur müraciətə imza atıb, həmçinin, YAP-ın BDU təşkilatının yaranmasında fəal rol oynayıb. Ancaq Eldar İbrahimovun da Gün.az-a açıqlamasında qeyd etdiyi kimi, bəzi YAP-çılarla yanaşı Maksim Musayev özü zamanında həmin müraciətə imza atmaqdan açıq-aşkar imtina edib. Belə olan halda, görəsən, kim indi daha çox YAP-çıdır və YAP-a sədaqətlidir? YAP-ın yaranmasının başlanğıcı olan müraciətə imza atan Əli Əhmədovmu, yoxsa, həmin müraciətə imza atmaqdan yayınıb, sonra YAP-ın yaranmasının artıq qaçılmaz olduğunu görüb, onun təsis konfransında iştirak edən Maksim Musayevmi? Hər halda bu iki sualın cavabını tapmaq ədalətli oxucular üçün o qədər də çətin olmaz.

Üçüncüsü, əksər YAP üzvlərinin, belə demək mümkünsə, postlarından uzaqlaşdırılan bəzi YAP-çıların da dediyi kimi, partiya həyatı dinamikdir, statik deyil, daim yeniləşmə tələb edir. Əks halda bu həmin siyasi qüvvənin yerində sayması və uğursuzluğa doğru bilə-bilə addımlaması ola bilər.

Bu baxımdan, Maksim Musayevin özünün və digər “veteranlar”ın YAP-ın tədbirlərindən, diqqətindən kənar qalması barədə dedikləri, Əli Əhmədova qarşı ünvanladığı ittihamları da absurd görünür. Təsadüfi deyil ki, əksər tanınmış YAP üzvləri, Maksim Musayevlə bir zamanlar parlament yoldaşı olmuş insanlar da onu və onun kimi bir sıra iddia irəli sürənlərin fikirlərini bu cür, yəni, tam absurd, nonsens kimi qiymətləndirirlər.

Dördüncüsü, bunu, mövqeyindən asılı olmayaraq, əksər qələm əhli də bildirir ki, məhz Heydər Əliyevin seçimi, etimadı nəticəsində 1999-cu ildə hakim partiyanın icra katibi (sonradan isə sədr müavini) postuna irəli çəkilən Əli Əhmədovun rəhbərliyi altında YAP-ın İcra Katibliyi partiya həyatında yeni canlanmaya səbəb oldu, idman termini ilə qeyd etsəm, sanki “ikinci nəfəs” rolunu oynamağa başladı. Partiyanın siyasi mövqeyindən asılı olmayaraq, bütün KİV-lərlə canlı ünsiyyəti yarandı, partiyada ənənəvi brifinqlərin, mətbuat konfranslarının təşkilinə start verildi və sair işlər görüldü. Məhz elə bu və digər fəaliyyətinə görə də Əli Əhmədov YAP rəhbərliyi, üzvləri, ən əsası partiya sədri tərəfindən dəyərləndirildi, növbəti qurultayda yenidən icra katibi və sədr müavini vəzifəsinə seçildi. İndi bundan sonra Əli Əhmədovu partiyadan kənarlaşdırmağa çağırış etmək nə dərəcədə düzgündür? Əgər azacıq olsa belə, reallıq hissi qalıbsa, cənab Musayev özü buna cavab versin. Hər halda, buna bir o qədər ehtiyac və zərurət olmasa belə.

Kifayət qədər mədəni və təmkinli insan sayılan professor Əli Əlirzayevin də Əli Əhmədovla bağlı ittihamları inandırıcı görünmür. O, Əli Əhmədovu 1998-ci ilin prezident seçkilərində fəal olmamaqda, partiyanın namizədinin müdafiəsi üçün məşhur “Motodrom”da təşkil edilən mitinqdə iştirak etməməkdə və ya iştirak edibsə belə, mitinqdə ön sıralarda olmamaqda qınayır. Amma hörmətli Əli Əlirzayev də unudur ki, həmin vaxt Əli Əhmədov partiyanın heç bir rəhbər orqanında təmsil olunmurdu – yuxarıda da göstərdiyim kimi, onun partiya həyatında yüksəlişi YAP-ın ikinci qurultayında icra katibi seçilməsindən sonra başlayıb.

Həm də Əli Əhmədov 1998-ci il seçkiləri zamanı Prezident Administrasiyasının (Aparatının) ictimai-siyasi şöbəsinin müdir müavini vəzifəsində işləyir və daha çox KİV-lə təmasa üstünlük verirdi. Şəxsən həmin seçkilər zamanı o vaxtlar əməkdaşlıq etdiyim “525-ci qəzet” üçün Əli Əhmədovdan dəfələrlə seçkilərlə, hakim partiyanın namizədi ilə bağlı açıqlamalar almışdım. Halbuki o zaman bəzi “ünlü” YAP-çılar və bu partiyadan olan bir sıra məmurlar əksər hallarda gözləmə mövqeyi tutur, mətbuatdan qaçmağa çalışırdılar. Buna ən azı özüm şahidəm. Yəni, bütün bunlardan sonra Əlirzayevin də ittihamlarının absurdluğu ortaya çıxır.

Son olaraq onu qeyd etmək istəyirəm ki, Əli Əhmədovun hədəf seçilməsi birbaşa onun partiya işindəki, həyatındakı uğurlu fəaliyyətindən, bəzilərinin də bunu həzm edə bilməməsi, onun şəxsiyyətinə olan şəxsi qərəzi və qısqanclığından irəli gəlir. Bunun başqa adı yoxdur və ola da bilməz, necə deyərlər, görünən kəndə nə bələdçi...

 





20.06.2013    çap et  çap et