525.Az

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə yekun vuruldu


 

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə yekun vuruldu<b style="color:red"></b>

"Sivilizasiyalararası dialoq: yeni çağırışlar" adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

Burada Qış Məktəbinin iştirakçılarının BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovla görüşü keçirilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov deyib ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları bu günlər ərzində Azərbaycanın qədim tarixi, mədəniyyəti, siyasəti haqqında dolğun məlumatlar əldə edib, ölkəmizdəki multikultural mühitlə yaxından tanış olublar. Layihə iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində olub, həmçinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşüblər.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Azərbaycan əsrlər boyu multikultural, tolerant ölkə olub. Burada milli azlıqların etnik-mədəni dəyərləri daim qorunub, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülüb. Azərbaycanın multikulturalizm siyasəti ölkədəki milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin həllində mühüm rol oynayır. Bu layihənin iştirakçılarının Azərbaycan multikulturalizminə olan marağı onları buraya gətirib. Onlar Azərbaycan haqqında nəzəri biliklərini praktik biliklərlə artırırlar.

BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdulla bildirib ki, bu layihə vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan gənclər bir araya toplaşaraq Azərbaycan haqqında biliklərini möhkəmləndirir, ölkəmizdəki multikultural, tolerant mühitlə yaxından tanış olur, həmyaşıdları ilə ünsiyyətdə olurlar. BBMM-in 8 ölkədə filialı var. Yay və qış məktəbləri dünyanın 18, Azərbaycanın isə 38 ali təhsil ocağında Azərbaycan multikulturalizmi fənnini öyrənən gənclərin nəzəri şəkildə öyrəndiklərini ölkəmizdə öz gözləri ilə görmələrinə şərait yaradır.

Kamal Abdulla, həmçinin, Azərbaycanın Gənc Dostları Klubunun iki yeni həmsədrini - portuqaliyalı Joao Enrikeni və almaniyalı Kristin Bossaueri təqdim edib. Onlar VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarıdır. Tədbirdə layihə iştirakçıları Azərbaycanla bağlı təəssüratlarını bölüşüblər. Azərbaycanda gördüklərinin onlarda böyük maraq doğurduğunu və yaddaşlarında silinməz iz buraxdığını deyən Qış Məktəbinin iştirakçıları ölkəmizə yenidən qayıtmaq arzusunda olduqlarını qeyd ediblər. Onlar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndiriblər. Görüşdə tədbir iştirakçılarına Azərbaycanın Gənc Dostları Klubunun ölkəmiz haqqında hazırladıqları film təqdim edilib.

Fevralın 18-də isə "Sivilizasiyalararası dialoq: yeni çağırışlar" adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin yekunu ilə əlaqədar Bakıda ziyafət təşkil olunub.

Mərasimdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov və Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov çıxış edərək layihə iştirakçılarının ölkəmizdə gördüklərini öz vətənlərində təbliğ edəcəklərinə, Azərbaycanın onlara göstərdiyi etimadı layiqincə doğruldacaqlarına ümidvar olduqlarını bildiriblər.

Mərasimdə Qış Məktəbinin iştirakçılarına sertifikatlar, BBMM-in nəşr etdirdiyi kitablar, suvenirlər təqdim olunub.

Sonda Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 16 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edib.

 





20.02.2018    çap et  çap et