525.Az

Anar Aminin şeirləri


 

Anar Aminin <b style="color:red">şeirləri</b>

Qənbər Şəmşiroğluna

 

Özü gələ bilmir göndərin gəlsin,

Duman bəri dağlar, çən bəri dağlar...

Dolan buludları döndərin gəlsin,

Dön deyən olmadı, dön bəri, dağlar...

 

Necə səbr eyləyim dözüm yoxdusa,

Dözümü görməyə gözüm yoxdusa...

Dağlara baxmağa üzüm yoxdusa,

Siz o yana baxın, mən bəri, dağlar...

 

Kim idi, boylandı, baxdı o yandan,

Qəlbimi yandırdı, yaxdı o yandan...

Bu yanın xəbəri yoxdu o yandan,

Qalırmı dağların ənbəri dağlar... 

 

Allah Allah deyil bizi görməsə,

Qulağı duymasa, gözü görməsə...

Üz tutub gəlməsə, sizi görməsə,

Ölsə, bağışlayın Qənbəri, dağlar...

 

Özgəyə yaxınam özümə yadam

 

...Suallar quşların qanadlarında,

Cavablar quşların dimdiyindədi.

Günahlar buğdanın dənələrində,

Savablar quşların dimdiyindədi.

 

Özgəyə yaxınam özümə yadam,

Haçansa başıma uçacaq bu dam,

Cəsədi qurd-quşa yem olan adam,

Əzablar quşların dimdiyindədi.

 

Girsin öz içinə azmaq istəyən,

Gördüyü yuxunu yozmaq istəyən.

Min ildi o şair yazmaq istəyən

Kitablar quşların dimdiyindədi...

 

Sonsuz qoşma

 

...O dünya anadı bu dünya bala,

Min ildi ağlayır göz balasını.

Təqvası olanlar basar bağrına,

Səbr balasını döz balasını.

 

Dinməyən bəs niyə dinmək istəyir,

Gedənlər qayıdıb dönmək istəyir.

Görürsən o ocaq sönmək istəyir,

Kül etmək istəmir köz balasını,

 

Baş əyib Allaha salam deyənlər,

Sonsuzam əliylə lalam deyənlər.

Özgə balasına balam deyənlər,

Alsın qucağına öz balasını...

 

Şeytan hardan girir

qəlbə görəsən

 

...Güllələr açıla yaralanasan,

Damarında gəzən qəlpə görəsən.

Nə ola bir dəfə ölüb-dirilib,

Başının üstündə türbə görəsən.

 

Kimdənsə nəyisə umub susuruq,

Verməsə üstünə cumub susuruq.

Biz ki ağzımızı yumub susuruq,

Şeytan hardan girir qəlbə görəsən,

 

Əri olmayacaq nədən o qızın,

Ruh yaradanındı bədən o qızın.

Yaxşı bax yaxşı bax gedən o qızın,

Gələndə yanında körpə görərsən...

 

Bir palıd yıxıldı qayadan öldü

 

Səndən məndən qabaq körpələr olub,

Səndən məndən sonra körpələr oldu.

Bizim aramızda olan körpələr,

Bizim aramızda körpülər oldu.

 

Doluya dəymədi boşlara dəyən,

Başlardı daşlardan daşlara dəyən.

Elə zaman-zaman başlara dəyən,

Zərbələr çevrilib türbələr oldu.

 

O bizi yuxudan oyadan öldü,

Fırçaynan kətanı boyadan öldü.

Bir palıd yıxıldı qayadan öldü,

Şahidi dərələr təpələr oldu...

 

Deyəsən alnımda qırış yeridi

 

...Dərələr təpələr ağaclar quşlar,

Gördüyün o yerlər örüş yeridi.

Ağacda sevişmək quşların haqqı,

Budaqlar quşların görüş yeridi.

 

Bu ömür yoludu bax kələ-kötür,

Bu yolda gör yaxşı nə varsa götür.

Adamlar hər yanda bir-birin ötür,

Dünyanın hər yeri yarış yeridi.

 

O kimdi çağırdım səsə tərpəndi,

Tərpəndi əlində əsa tərpəndi.

Elə bil alnımda nəsə tərpəndi,

Deyəsən alnımda qırış yeridi...

 

Atamın canından can qurtarmışam

 

...Varı yox eyləyən yoxu var edib,

O mənim yolumu açıb gəlmişəm.

Doqquz ay dözmüşəm işıqdan ötrü,

Qaranlıq bir yerdən qaçıb gəlmişəm.

 

Səhərin əlindən dan qurtarmışam,

Xəstəyə vermişəm qan qurtarmışam.

Atamın canından can qurtarmışam,

Anamın canından keçib gəlmişəm.

 

Axtar gəz ömrümün uzunluğunu,

Tapsan kəs ömrümün uzunluğunu.

Mən ki öz ömrümün uzunluğunu,

Anamın bətnində ölçüb gəlmişəm...

 

Kor balıqçı

 

...Mənnən balıq tutan o kor balıqçı,

Mənə qurdurubdu toru bu gecə.

Mən yola salardım mən də gedirəm,

Kim yola salacaq koru bu gecə.

 

Görünmür balıqlar görünə bəlkə,

Bəlkə çəkiliblər dərinə bəlkə.

Ümidnən yaşayır toruna bəlkə,

Düşə gözlərinin nuru bu gecə.

 

Hər şeyi görəndi, biləndi Xalıq,

Kimin qismətidi qalan bu qalıq.

Gözlərində işıq əlində balıq,

Gedər evlərinə sarı bu gecə.

 

Verdiyin işıqdan yarıya bilər,

Yarıyıb qocalıb qarıya bilər.

Sabah öz özünü qoruya bilər,

İlahi sən onu qoru bu gecə...

 

Məni basdırarsız sətirin altda

 

...İlahi bilirəm nəsə bir şey var,

Edilən hörmətin xətirin altda.

Görəsən insanlar nəyin gizlədir,

Üstünə səpdiyi ətirin altda.

 

Qışdan yazdan çıxıb yaya giririk,

Yayda da çırmanıb çaya giririk.

Su ki aydınlıqdı niyə giririk,

Hər yağış yağanda çətirin altda.

 

Ölüm gəlsə ayıq-sayıq deyiləm,

Şeir dəniz heyif qayıq deyiləm.

Gözəl bir cümləyə layiq deyiləm,

Məni basdırarsız sətirin altda...

 

Su səsi Allahın səsidi bəlkə

 

...Adamlar düşünüb dərk edə bilsə,

O səsi Allahın səsidi bəlkə.

Adamlar kar olub eşidə bilsə,

Bu səsi Allahın səsidi bəlkə.

 

Çox şükür nə verib nədirsə ona,

Gələnlər üz tutub gedirsə ona.

Dalğalar ibadət edirsə ona,

Qu səsi Allahın səsidi bəlkə.

 

Min ildi oyaqdı yatmır su səsi,

Səsini səslərə qatmır su səsi.

Bütün səslər batır batmır su səsi,

Su səsi Allahın səsidi bəlkə...

 

Heç asan deyilmiş asan adamlar

 

Sən çətin adamsan mən də bilirəm,

Heç asan deyilmiş asan adamlar.

Sözümüzü qulaq ardına vurdu,

Sənə, mənə qulaq asan adamlar.

 

Yandırmazlar sönən şamları niyə,

Buymuş arzuları kamları niyə.

Yaddan çıxardılar damları niyə,

Saraylara ayaq basan adamlar.

 

Bu ağac şikəst yox, kor ağacıymış,

O korda lal imiş-kar ağacıymış.

Kəndiri boynunda dar ağacıymış,

Özünü özündən asan adamlar.

 

Yatan oyaqların altında qalar.

Duran dayaqların altında qalar.

Qalar ayaqların altında qalar,

Millətin başından basan adamlar.

 

Könlümdən söz gəlir dilimə doğru,

Gəlirsə gedəcək əlimə doğru.

Üz tutub getdilər ölümə doğru,

Olumdan inciyib küsən adamlar.

 

Ağzı var, dili var bu niyə dinmir,

Od-ocaq lal olub su niyə dinmir.

Sən dindin mən dindim o niyə dinmir,

Haçan dillənəcək susan adamlar...

 

Öpsün Yer kürəsi üzümdən mənim

 

...Adamlar nə bilir mən nə çəkirəm,

Gəl soruş özümü özümdən mənim.

Hələ o dünyaya getməyə çox var,

Salma bu dünyanı gözümdən mənim.

 

O gecə qapını döymüşəm sənin,

Bacandan başımı əymişəm sənin.

Bilirəm xətrinə dəymişəm sənin,

İnciyib küsmüsən sözümdən mənim.

 

Giribdi qəlbimə şeytan gəlmişəm,

Qəlbim şeytan üçün meydan gəlmişəm.

Haçansa gedəcəm göydən gəlmişəm,

Öpsün Yer kürəsi üzümdən mənim...

 

O kimdi hey məni daşlayır Allah,

Məni daşlamağı xoşlayır Allah.

Sənə məhəbbətim başlayır Allah,

Alnımdan qəlbimdən dizimdən mənim.

 

Yağış yağır

 

...Əgər Yer döşəmə Göy tavandısa,

Niyə başımıza qar-yağış yağır.

Yağış yağdırırsa demək istəyir,

Hər şeydə bir hikmət var yağış yağır.

 

İstidə isinin soyuqda əsin,

Ona qurban deyin qurbanlıq kəsin.

Buludun harayın yağışın səsin,

Eşidir görməyir kor yağış yağır.

 

Keçirib ilməni vurub naxışı,

Hər naxış üstündə Onun baxışı.

O çaxan şimşəyi yağan yağışı,

Görsədə eşitmir kar yağış yağır...

 

Dağlar sərxoş olub aşır deyəsən

 

...Sərxoşluğun görüb dağlara qarşı,

Dərələr təpələr çaşır deyəsən.

Yağan qardan yeyib yağışdan içib,

Dağlar sərxoş olub aşır deyəsən.

 

Gedənlər qayıdır dönür beləcə,

Dönənlər dillənir dinir beləcə.

Hardasa bir ocaq sönür beləcə,

Hardasa bir qazan daşır deyəsən.

 

Yemək üstə dava düşən qazanda,

Yeməyə nə qaldı aşan qazanda.

O sönən ocaqda daşan qazanda,

Bişməyən payımız bişir deyəsən.

 

Yetişib çartlamış nardı bu dünya,

Bəlkə o dünyanın ardı bu dünya.

Hava doldurulmuş şardı bu dünya,

Hər gün bir az bir az şişir deyəsən.

 

Yumruqla sinəni döy qurşağını,

Qurşaq ki sənindi öy qurşağını.

Atıb kəndir kimi Göy qurşağını,

Tanrı göydən yerə düşür deyəsən...

 

Nə vaxt o qapını açan olacaq

 

...Deyəsən o deyən olmadı axı,

Sən deyən mən deyən haçan olacaq.

...Çıxa bilməsəndə baxa bilərsən,

Qapın olmasada bacan olacaq.

 

Uçmaq istəyibdi uça bilməyib,

Qol açıb dünyanı quca bilməyib.

Açmaq istəyənlər aça bilməyib,

Nə vaxt o qapını açan olacaq.

 

Nələr salar ömür-gün yada bir gün,

Yada düşər o səs, ün yada bir gün. 

Qoyub ayağını dünyada bir gün,

Başını götürüb qaçan olacaq...

 

Nənəm danışardı, babam deyərdi...

 

...Qışda ağarsa da yazda göyərdi,

Payızda yarpaq tək saraldı hava.

Nənəm danışardı babam deyərdi,

Getdi göydən bizə qar aldı hava.

 

Hamı lal olanda susa bilmədim,

Susmamaq danışmaq busa bilmədim.

Nəsə oldu mənə nəsə bilmədim,

Havam çatışmadı daraldı hava.

 

İndi mən dünyanın harasındayam,

Yaralı yerində yarasındayam.

Gecəylə gündüzün arasındayam,

Bayaqdan ağ idi qaraldı hava...

 

Hoppanıb keçəsən çəpər gecəni

 

...Hava qaralanda şər qarışanda,

Səpən Yer üzünə səpər gecəni.

Gecə qucaqlayıb öpər gündüzü,

Gündüz qucaqlayıb öpər gecəni.

 

Gündüzlər üstündən atır gündüzü,

Gecələr üstünə örtür gündüzü.

Qayıdıb gələndə gətir gündüzü,

Gedirsən özünlə apar gecəni.

 

Qışdan yazdan çıxıb yaya hürən it,

Su səsi eşidib çaya hürən it.

Ulduza ulayıb aya hürən it,

Zəncirin qırarsa qapar gecəni.

 

Qoy düşsün üstümə ölüm işıqdı,

Ölmək də zülümdü zülüm işıqdı.

İçim qaranlıqdı çölüm işıqdı,

Bağrımın başından qopar gecəni.

 

Bu dünya şamdandı şamı içində,

Şamın da ərimək kamı içində.

Doğulandan bəri hamı içində,

Axtarar gündüzü tapar gecəni.

 

Nizami aldığı kəniz kim idi,

Utanıb qızaran bəniz kim idi.

Gözündə göz yaşın dəniz kimidi,

Qırpsan kipriyini çırpar gecəni.

 

...Nə xeyir gündüzdən nə şər gündüzdən,

Gör nələr çəkibdi bəşər gündüzdən.

O kimdi o kimdi düşər gündüzdən,

Minib səhərəcən çapar gecəni.

 

Sevinc dar ağacı... dindir kimindi,

Kədər boynumuzda kəndir kimidi.

Dan yeri qızarmış təndir kimidi,

Tanrı o təndirə yapar gecəni.

 

Mən əyriyə sarı sən düzə sarı,

Mən dönə bilmədim dön düzə sarı.

Üz tutub qaçasan gündüzə sarı,

Hopbanıb keçəsən çəpər gecəni...

 

 





23.06.2013    çap et  çap et