525.Az

Xocalı soyqırımı İstanbuldakı Yıldız Texnik Universitetində anıldı - Foto


 

Xocalı soyqırımı İstanbuldakı Yıldız Texnik Universitetində anıldı - <b style="color:red">Foto </b>

Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində İstanbulun Yıldız Texnik Universitetinin foyesində o qanlı-qadalı olayları əks etdirən foto-sərgi təşkil olunub.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, universitetin rektoru professor Bahri Şahin, dekanlar, kafedra müdirləri, tələbələr, eləcə də, İstanbulda yaşayan azərbaycanlılar da iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Bahri Şahin 26 il əvvəl erməni faşistləri tərəfindən Xocalıda törədilən tarixi qətliamdan danışaraq, bu faciəni XX əsrin ən qəddar soyqırımlarından biri kimi deyərləndirdi. O qeyd etdi ki, Xocalıda məqsəd torpaq davası deyildi: “Əgər belə olsaydı, onda bu vəhşilər əliyalın günahsız insanları - qoca qadınları, ahılları, gəlinləri və körpələri amansızcasına, özü də, xüsusi qəddarlıqla öldürməzdilər. Unutmaq olmaz ki, müharibə hərbçilərlə aparılır, dinc əhali ilə yox. Bu gün Qərbdə Türkiyə əleyhinə erməni soyqırımı barədə bağırıb, haray salanlar nədənsə Xocalı faciəsi haqda susmağa üstünlük verirlər. Qərbin bu ikili standartları nə ədalətə, nə beynəlxalq hüquqa, nə də insanlığa yaraşır. Bütün dünya sussa da biz Türkiyə Cümhuriyyəti olaraq bu haqsızlığa göz yummayacaq və bu faciənin unutdurulmasına imkan verməyəcəyik. Bu bizim qardaş Azərbaycan xalqına mənəvi dəstəyimizdir. Mərhum Heydər Əliyevin dediyi kimi "biz bir millət, iki dövlətik". Biz bu həqiqəti heç vaxt unutmamalıyıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin dostluğu və qardaşlığı xalqlarımız arasındakı etibarı və etimadı daha da artırmaqdadır. Türkiyənin terrora qarşı ədalətli mübarizəsində qardaş Azərbaycan xalqı bizə daim dəstək verməkdədir. Bu əsil dost, qardaş mövqeyidir. Ona görə də müxtəlif iyrənc yollarla bəşəriyyəti aldatmağa çalışanlara rəğmən bizim apardığımız həqiqi təbliğat inanıram ki, öz nəticəsini verəcəkdir. Artıq dünyanın çox yerində Xocalı faciəsi barədə ətraflı məlumat yayılmaqdadır. Bu təbliğatı Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diasporunun nümayəndələri ilə yanaşı, Türkiyə diasporunun üzvləri də paralel olaraq aparırlar. Biz bir olduqca həm qüvvətlənir, həm də qüdrətlənirik. Biz tələbələrimizə də daim bu birliyin daha da möhkəmləndirilməsi üçün əllərindən gələni əsirgəməməyə çağırırıq”.

Tədbirin sonunda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev dövlətimiz adından rektor Bahri Şahin başda olmaqla bu foto-sərginin bütün təşkilatçılarına dərin təşəkkürünü bildirdi.

Aydın AĞAZADƏ
İstanbul

 





23.02.2018    çap et  çap et