525.Az

“Poetika. İzm” jurnalının yeni sayında


 

“Poetika. İzm” jurnalının yeni sayında<b style="color:red"></b>

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əsərləri - “Poetika.İzm” jurnalı çapdan çıxıb.
 
Jurnal AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatı” məqaləsi ilə açılır. Alim elmi-ədəbi ictimaiyyətə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyasını təqdim edib. O, Azərbaycan ədəbiyyat tarixinin dövrləşdirilməsinin zərurətini milli dövlət müstəqilliyinin nəticəsi hesab edir: “Azərbaycan ədəbiyyatı tarixi müstəqillik dövründə yaranan, bəşəri dəyərləri də nəzərə almaqla milli ədəbiyyatın real inkişaf  prosesinin əsasında yazılan akademik ədəbiyyat tarixidir”.

Müəllif məqalədə ədəbi dövrləşdirmə sahəsində mühüm xidmətləri olan alimlərin elmi-nəzəri təcrübəsini ümumiləşdirib. XX əsrin 90-cı illərini Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi üçün konsepsiya axtarışları dövrü adlandırıb, XXI əsrin əvvəllərində meydana çıxan təşəbbüsləri isə  ədəbi dövrləşdirmə sahəsində konsepsiya axtarışlarının inkişaf  mərhələsi kimi qeyd edib. Akademik elmi konsepsiyanın hazırlanmasını zəruri edən amilləri göstərib, konseptual baxımdan dörd prinsipi: Azərbaycançılıq məfkurəsi, sivilizasiya amil, ədəbi-tarixi prosesin reallıqları, Azərbaycanda ədəbi cərəyanları əsaslı bilib.

Akademik məqalədə 10 bənddən ibarət olan milli ədəbiyyat tarixinin mərhələlərinə izah və şərh verib. Elmi konsepsiya Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin akademik nəşrləri üçün vacib proqram, habelə, türk xalqları ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemlərinin həllində normativ akt, elm və tədris məsələlərinin praktik həllində yönləndirici sənəddir.

Jurnalda 23 məqalə verilib. Həmin məqalələr “İzm” , “Janr, Struktur” “Tarixi poetika”, “Ədəbi təhlil, Mətn poetikası”, “Ədəbiyyatşünaslığın digər sahələri nəzəri aspektdə”, “Ədəbi kontekst” və “Tərcümə” bölmələrində ehtiva olunub.

“İzm” bölməsində iki məqalə verilib. Professor Tahirə Məmməd “Realizmin tipoloji xüsusiyyətləri və Azərbaycan ədəbiyyatında inkişaf mərhələləri” məqaləsində realizm ədəbi cərəyanının (müəllif belə adlandırıb-Ə.Ə.) təşəkkülü, tipoloji xüsusiyyətləri və tanınmış təmsilçilərini ümumiləşdirib.

Professor Əlizadə Əsgərli “Modernizm və postmodernizmə münasibət haqqında” məqaləsində onların milli ədəbiyyatdakı təzahür xüsusiyyətləri və süni effektlərindən danışıb.

“Janr, struktur, forma” bölməsinə 4 məqalə daxil edilib. Dosent Şahbaz Şamı oğlu (Musayev) “Mirzə Fətəli Axundzadənin məzmun və formanın vəhdəti konsepsiyası” məqaləsində tezisləşdirilib ki,  M.F.Axundzadə məzmun və formanın elmi-nəzəri əsaslarını işləməklə Azərbaycanda məzmunla formanın vəhdəti nəzəriyyəsinin ilk yaradıcısı olub.

Dosent Könül Hacıyeva “Əkrəm Cəfərin araşdırmalarında rübai janrı” məqaləsində rübai janrının Ə.Cəfər yaradıcılığında öyrənilməsi, dosent Maral Yaqubova “Bədii mətnin intertekstual təhlilində retrospeksiyanın rolu” məqaləsində müəllif-əsər-oxucu triadasında retrospeksiyanın bədii-estetik funksiyası, Səidə Sadıqova “Əkrəm Cəfər rübai vəzni və Füzuli rübailərinin vəzni haqqında” məqaləsində alimin Füzuli rübailərinin timsalında Azərbaycan rübaisinin vəzn xüsusiyyətləri, filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızı (İsayeva) “İntibah dövrü və orta əsrlər ədəbi-nəzəri fikri” məqaləsində orta əsrlər ədəbi-nəzəri fikrinin ritorika, qrammatika, poetikaya aid traktatları, habelə, poeziya, faciə, komediya və onların təmsilçiləri, professor Leyla Gərayzadənin “Qız qalası - Odlu qız - Odlar yurdu simvolik paralelizmində Azərbaycan” məqaləsində A.Zöhrabbəyovun “Odlar yurdu” romanına din, tarix və folklor kontekstində yanaşma, Xanım Sultanovanın “XX yüzil Azərbaycan poeziyasında kosmoqonik miflərin təzahürü” məqaləsində S.Vurğunun “Ayın əfsanəsi” əsəri əsasında müxtəlif mifoloji görüşlər, XX əsr Azərbaycan poeziyasına transformasiyasının nəzəri məsələləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Muradoğlunun “Dədə Qorqud” şeiri və müasir poeziya” məqaləsində mənəvi-poetik ruhun soykökə qayıdışı, tarix və xalq ədəbiyyatına yaradıcı münasibətin təzahürləri, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyevanın “Fərhad və Şirin: invariant və yazılı ədəbiyyat” məqaləsində Yunus Əmrə yaradıcılığında folklor yaddaşının gücü və insan ruhunun təmizliyə çağırışı ifadəsini tapıb.

Elmi jurnalın “Ədəbi təhlil, Mətn poetikası” bölməsində 5 məqalə özünə yer alıb. Filologiya üzrə fəlsəfə doktoru Abuzər Bağırovun “Moskvada yaşayan azərbaycanlı yazıçıların əsərlərində tipoloji xüsusiyyətlər haqqında” məqaləsində Moskvada yaşayan azərbaycanlı yazıçıların nəsr əsərlərinin tipoloji xüsusiyyətləri, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayevanın “Tarix bədii yaradıcılıq müstəvisində” məqaləsində tarixi həqiqət prinsipinin qorunması, Aysel Qurbanovanın “Hüseyn Cavid və Cəfər Cabbarlı əsərlərində obraz və adların milli-genetik yaddaşa uyğunlaşdırılması” məqaləsində “Od gəlini” və “İblis” əsərləri əsasında Azərbaycan mədəniyyəti və inanclarına yiyəlik, Nərminə Hüseynovanın “Cəfər Cabbarlı dramaturgiyasında “artıq adam” obrazı” məqaləsində “artıq adam” obrazının C.Cabbbarlı dramaturgiyasındakı  fərdi üslub əlamətləri, Xəyalə Əliyevanın “Anarın “Ağ qoç, qara qoç” romanında mistifikasiyanın təzahür xüsusiyyətləri” məqaləsində qeyri-real roman və məkan hüdudlarında mistifikasiyadan yaradıcı istifadədən bəhs olunub.

“Ədəbiyyatşünaslığın digər sahələri nəzəri aspektdə” bölməsində 2 məqalə əksini tapıb. Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy “Səməd Vurğun Azərbaycan mühacirət ədəbiyyatşünaslığı və tənqidində” məqaləsində mühacir ziyalılar, filologiya üzrə fəlsəfə doktoru, prof. Nizami Tağısoy “Elçinin “Baş” romanı və Azərbaycan ədəbi-nəzəri tənqidi” məqaləsində romanın sənətkarlığını izləyib.

“Poetika. İzm” jurnalının “Ədəbi kontest” bölməsində Azərbaycan və rus dillərində 2 məqalə verilib. Günay Nadirova “Multikultural cəmiyyətin formalaşması, inkişafı və ədəbiyyatda inikası” məqaləsində multikulturalizmin təkamül xüsusiyyətləri, filologiya üzrə fəlsəfə doktoru Tələt Əliheydər “Azərbaycan milli hərəkatı “Azərbaycanda uzunmüddətli əsər” (1813-1917)” məqaləsində tarixi-linqvistik tədqiqatın təcrübəsi göstərilib.

“Tərcümələr” bölməsində Qəzənfər Əliyevin “Nizami mövzu və süjetlərinin Şərq xalqları ədəbiyyatında yayılması tarixindən” məqaləsinin filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova tərəfindən tərcüməsi verilib.

Leyla Rzayeva isə “Görkəmli jurnalist və redaktor Ülkər Hüseynova-80” məqaləsində Ülkər İbrahim qızı Hüseynovanı təbrik edib. Biz də Ülkər xanımı təbrik edir, ona möhkəm can sağlığı və işgüzar fəaliyyət arzulayırıq.

Əlizadə ƏSGƏRLİ
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru

 





25.02.2018    çap et  çap et